“...ömrü boyu xoşbəxtliyə qafiyə axtarıb. Moşii, tapamməzsən!”
Müəllif yazıları | 01.12.2016 17:01
609

“...ömrü boyu xoşbəxtliyə qafiyə axtarıb. Moşii, tapamməzsən!”

Natavan Çavuş

“Qonşulaar! Qonşulaaaar!  Heeey! Yoxdular. Ölüblər. Bir mən qalmışam, bir daş hasar...

Salam hasar müəllim! Gözlərin aydın olsun! Haqqın ən sadiq qulu bu gün öldürdü özünü...  Boğdu özünü dəryada. Dözə bilmədi, haqsızlığa, biganəliyə dözə bilmədi! O soyuqluğa dözə bilmədi. Dərdini deməyə adam tapmadı. İçini yeyə-yeyə, yeyə-yeyə, yeyə-yeyə öldü...”

Hansı millətin kinematoqrafiyasında belə monoloq lentə alınıb görən? Kim bu qədər gözəl dilə gətirə bilərdi yalnızlığı, itirilmiş insanlığı?

Vaqif Səmədoğlunun eyniadlı pyesinə əsasən hazırlanan “Bəxt üzüyü” filmi bizə çox güclü mesaj çatdırır:

“İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza münasibətimiz barədədir”.

Üst-üstə yığılmış qutuların içində yaşayırıq.  Daşdan qutular. Yuxarıdan da səs gəlir, aşağıdan da, o yanından da, bu yanından da. Səslər həmişə gəlir. Səs bir az çox gələndə biz də səsimizi çıxarırıq. Səslər bizi narahat edir axı. Hamı öz qutusunda səssiz, sakit, dinc,  firavan yaşamaq istəyir. Buna görə başqa qutulardakı səslər kəsiləndə, “niyə kəsildi”, demirik. “Niyə susdular? Yuxarıdan niyə tappıltı gəlmir, aşağıdan niyə guppultu qopmur”,  demirik. “Oxaayh! Nə yaxşı sakitçilikdi”, deyirik. Başqa daş qutularda nə yaşandığı heç marağımızda da deyil. Belə-belə itiririk insanlığımızı. Özümüzü, kimliyimizi. Bizi itiririk: mənlər oluruq, sənlər oluruq, onlar-bunlar oluruq...

“İtirə-itirə gəlirik. Biri qeyrətini, namusunu itirir. Biri ağlını, biri də bəxtini. Kimlər itirmir axı ee! Kim itirmir ki, bu dünyada?!  İtirə-itirə gəlirik. Son günümüz də ölüm... Bu qədər çirkaba dözmək olmur axı”.

Onlarla insan evində illər sonra vergi məmurları, polislər, ev sahibləri, ya da gələn qoxudan, qonşuların diqqətini çəkdiyi üçün ölü tapılır. Bir az empatiyası olan oxucumuz artıq anladı. Hə, yalnızlıq belə hissdir...

Hüseynin monoloqunun davamında : “Daş qəlbli insanlarə neylərdin, İlahi?! İnsanlar öldürdü onu!  İnsanlar arasındakı sərhədər öldürdü onu. Bu daş hasar öldürdü onu. Səən! Sən! Sən öldürdün onu, sən!” – deyir. 

Düz deyir Hüseyn, vallah, düz deyir.

Bilmirəm. Anlaya bilmirəm, içində yaşadığınız bu daş qutulardırmı bizi bir “salam” deməkdən məhrum qoyan? Aramızdakı bu buzlaqlar heçmi əriməyəcək? Bu nə soyuqluqdu axı? Bu nə sərhədlərdi belə? Məgər, o qədərmi acgöz, qorxaq olduq? Məgər, bu daş qutular bizə bayırdakı bütün yadların mutant olduğu hissinimi verir? Görəsən, alt şüurumuz niyə bizi bir-birimizə soyuq baxışlar atmağa, bir-birimizdən çəkinməyə, aramızda uçurumlar varmış kimi davranmağa sövq edir? Siz bilirsiz? Bu daş qutular bizlərə hələ nələr edir, nələr...

Bu vəbadan necə xilas olacağıq axı?

Tək bir sehrli söz, bütün buzlaqları əridən tək bir davranış...

Qarşındakı kim olur olsun, həmişə gözlərinə baxıb, gülümsə və “salam” de. Aynaya baxırsanmış kimi eynisi geri qayıdacaq. Moşunun axtardığı xoşbəxtliyi də, səadəti də, Saranın itmiş bəxti də, elə bax, bu sehrli sözdə, davranışda, cəmisi bir anda tapmaq olar.

Özümüzü, özgələrini bundan məhrum etməyək. Salam vermək ən gözəl duadır, ən xoş niyyətdir, insanın ən təmiz halıdır. Çünki salam vermək, “Məndən sənə zərər gəlməz, sənə sağlıq və firavanlıq arzu edirəm”, - deməkdir. Salam vermək, “Bütü saflığımla, bütün təmizliyimlə qarşına çıxmışam”, - deməkdi. Salam vermək insanlıqdı.

Bütün bu mənaları öz gövdəsində daşıyan bircə kəlməni bir-birimizdən əsirgəməyək. Bütün buzları əridən, bütün düyünləri çözən, bütün önyarğıları silib atan bu sözdən dilinizi məhrum etməyin.

Hər birimiz həyat ağacından tökülən yarpaqlarıq. Küləkdə sovrulub bilinməzlərə gedənə qədər bir-birimizin gözəlliklərindən zövq alaq.

Və sənə... anlayan, dinləyən, daş qutuların içində insan olaraq, qalmağı bacaran sənə bütün qəlbimlə salam olsun.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...