Yaxşı bax, vicdanımdakı qan izi görünürmü?
Müəllif yazıları | 05.12.2016 12:49
481

Yaxşı bax, vicdanımdakı qan izi görünürmü?

Nərgiz Əzizova

İnsanı yaşamağa rəsmən məcbur edən ümid adlı o mənasız hiss deyil? Hər yeni günə xoş arzularla oyanırıq. Yeni başlanğıclar, daha yaxşı həyat diləyərik. Bir çoxumuzun hər ümidinin içində mütləq xoş hisslər var. Məsələn, analar. Bilirsiniz, analar övladlarının həm kağız parçası qədər zərif olduğunu düşünür, həm də onlara can verir. Hər gün bir az da. Hər gün öz həyatından kəsib balasına ərmağan edir. Bunu etməsə, ürəyi rahat olmaz. Həyatı başqa cür kəsilər.

Sonra o uşaqlar böyüyür, məktəbə gedirlər, əsl övlad olurlar. Sonra?..

Bütün dünya uşaqların cansız bədəninə, sudan çıxan, ya da çıxmayan cəsədlərinə, yanğınlarda heç cınqırını çıxarmayan, odla oynayan o körpələrə ağlayır. Sonra keçir... Amma sizin üçün. Valideynlər o körpələrin geyimlərini qoxlayırlar. Və bu, yerin altında yatan körpəni geri gətirə bilməyəcəyini ona dəfələrlə, acımasızcasına xatırladır.

Zamansız ölümə seyirçi qalın...

İndi valideynin, ələlxüsus da anaların üzündəki dəhşətli ifadələr sizlərə nəyisə ifa edə bilir? Bütün, amma bütün ağ cümlələrin yerini sadəcə, “övlad itkisindən qorxan analar” ifadələri tutub. Bəlkə də çoxunuz eşitmisiniz: “mən ölüm, balama heç nə olmasın”.  Bilirsiniz, necə dəhşətli kəlmələrdir bir ananın dilindən bunları eşitmək?! Onların üzündə, ürəyində heç vaxt silinməyəcək yara izləri qalır. Bütün baharları körpələri ilə birlikdə dəfn olunur.

Çox təəssüf ki, yaxşı arzular, gözəl xahişlər uşaqların ölümünə qulaq asmır. Uşaqlar ölür, uşaqlar təcavüzə uğrayıb vəhşicəsinə öldürülür .

Ölümsüz olan yeganə şey övladını itirən anaların ürək ağrısıdır. Hər hamiləlikdə “uşağınızı abort etdirməyin” deyən hökumət... Düyaya gələn balacaları qoruya bilməyən hökumət... Və ya hökumətlər...

Hələ o uşağın cəsədi soyumamış bəzəkli cümlələrlə sosial şəbəkələrdə ağlayan hökumət balaları...

Canım olsa, verməzdim?

Susun, xahiş edirəm, susun. Yalan danışmayın, riyakarlıq etməyin. Ruhunuzda az da olsa, insan adlı varlığın bir hissəsi qalıbsa, real olun. Olduğunuz kimi. Bilirsiniz niyə? Hər gün keçdiyiniz yollarda gördüyünüz qan uşaqların canından çıxıb, səpələnib.

Bir təbəssümlə yox oldular...

Kadrı  yavaşladın: qarşınızdan tabutlar keçir. Bax, orda işgəncə ilə təcavüzə uğrayıb, ölənuşaqların göyərmiş bədənlərinin ən ağır izləri, maşın təkərləri altında qalıb, son gülüşü ilə dünyaya “əlvida” deyən körpələr var.

Ölüb e, o uşaqlar ölüb. Hələ də görə bilmirsiniz?

Ey insanlıq, vicdanını peşkəş eləməkdən imtina et. Uşaqlar ölməsin, daha gözəl sabahlara analarını qucaqlayaraq oyansınlar.

Onlar heç nədən şikayət etmədən, heç nə demədən gedirlər...

Sən ölmə, balaca. Sən ölmə... Sənin yerinə mən min dəfələrlə ölərəm.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...