Sükutun rəngi
Müəllif yazıları | 16.12.2016 18:31
100

Sükutun rəngi

Tural Cəfər

Bəlkə də işimiz belə alındı. Bəlkə də belə olmalı idi. Yazmaq funksiyasını təbii seçmə kimi qəbul etdik, bəlkə də əvvəlcədən yazılan ssenari üzrə baş verdi hər şey. Payızın solğun üzündə bir ümid işartısı olub həmişə. Oxuduqlarımız bizi məzmundan məzmuna çevirib, haldan hala salıb, dünyadan uzaqlara aparıb. Dərindən nəfəs alıb, içimizdən “ah” şəklində çıxan suallar bizi narahat edib həmişə... 
Yazmaq funksiyasının məsuliyyətini dərk edib, naməlum bir həyəcan hissi ilə yazı masasına əyləşdim. Yerim rahat olsa da, qələmim növbəti siqnal səsini gözləyirdi. Beləliklə, siqnal verilir, gözümün önündən rəqs edən misralar şeir ardıcıllığı ilə gəlib keçir:

Üzümə gülən sevinci,
Başıma daş kimi dəyən qaxıncı,
Öpüşü-qoy,olsun axrıncı-
Sevirəm…
Sevirəm bu yolun yolçuluğunu,
Qəm hərifliyini,
Hərifliyin puçluğunu…


İndi ilk sual budu: Kimdi bu şeirin müəllifi? Cavab daha maraqlıdı: Səlim Babbullaoğlu... Pərdə enir, yox, hələ gözümün önündəki pərdənin düşmə xronologiyasına var bir az. Hələ sözlərin sərxoş rəqslərində ruhun dincliyindən doymamışam. Yox, mən hələ bu rəqsə acam. Gözüm doymur, ruhum kimi, qəlbim kimi... 

Elə evdə oturub dinləsən içini-
Heç hara çıxmasan,
Kədəri,
Qədəri
Vecinə almasan,için üçün 
Için-için 
Elə hey ağlasan ağlasan,
Görəcəksən ki,sən daha maraqlısan…
Təzə söz yazsan,
Onun təzəliyinə inansan,
Sonra da təzə sözlər olmur deyib
Gülsən-ağlasan,
Görəcəksən ki,sən daha maraqlısan…


Masamın üstündəki işıq lampası zəifləyir bir az. Qaranlıqdı. Bir şairin sözünün işığında yazıram düşüncələrimin davamını. Xırda-xırda, hissə-hissə bölünürəm. Parça-parça oluram. Hiss edirəm ki, təzyiqim şeirin 3-cü misrasında düşüb, ürək döyüntülərim 2-ci misrada eşidilir, nəbzim sonuncu misrada atır... Bəli, Səlim Babullaoğlu şair kimi sözlərin nizami ordu kimi portretini çəkir. O, şeirində hamını axtarır, heç kimi unutmur, özünü isə itiririr. Özünü itirir ki, yenidən özünü axtarışa çıxsın. Bəlkə qarşısına çıxan “mən”i ona daha doğma və əziz olacaq... 

İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.


Sükütun rəngləri su kimi axıb gedir. Burda boz rəng də var, çəhrayi rəngdə... Ümidin izah olunmayan bir boyası da çəkilib söz rəssamı tərəfindən... Qaranlığın həqiqəti nədirsə, Səlim Babullaoğlunun şeirləinin həqiqəti də bir o qədər çılpaq və aydındır. Burda inam var, burda gələcək var, burda biz varıq.... Növbəti səhnənin qısa fraqmenti:

Sənin olmazlarınla yaşamaq çox çətindir yazmaq istəyirəm
Sənin qaydalarınla yaşamağın gözəlliyini bir azca bilərək;
saçlarım elə belə ağarmadı, üzüm ağarmalıydı halbuki,
ürəyimi yeyib qurtardım.
İndi bu gecə Səndən yeni ürək istəyirəm, geniş yol kimi:
istəklərin tıxacından azad.


Hələ də sükütun rəngini gecənin qaranlığından seçə bilmirəm. Susuram. Susduqca baxışlarım “dua” oxuyur göyün sirrli tərəfinə. Adını tez-tez çəkmirəm onun. Əzbər bildiyim şeir kimi köməyimə çatır oxuduqlarım... Üstümə sehir dolu söz yağışı yağır. Çətirim qələmimdi. İslanmağım qorxulu deyil. Mən daha bu sözlərin sehrindən isalanmışam. İslanmışın bu söz sehrindən nə qorxusu...?

Sözlər lüğətlərdən qocadı,
Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var sualın acıdı,
Amma sükutundu son sual, cavab, priz.


Əvvəl sözlər tanış gəlir, sonra similar… Sözlər üzün cizgiləridi… Çatılan qaşların, qırışan alınların izahıdır sözlər… Bu şeirdə olduğu kimi… Yazdıqlarımız kimliyimizdir həm də. Yazdıqlarımız bizim təqdimat formamızdır həm də… Bu təqdimat məni Səlim Babullaoğlunun şeirlərinə özünə çəkdi… Təsir əks təsirə bərabər olduğu üçün, mən bu yazını yazdım. Təbiət qanunlarına zidd gedə bilmərəm, çünki mən də təbiətin bir hissəsiyəm…

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...