Mənim qəbir yerimi indidən verin!
Müəllif yazıları | 29.12.2016 17:46
88

Mənim qəbir yerimi indidən verin!

İlham Tumas

Mən də zibilli, üfunətli mikrorayon binalarının qarşısındakı beş addımlıq torpaq sahəsini belə əllərinə düşən dəmir-dümürlə çəpərləyib “burada vəzəri əkəcəyəm” deyən insanların səsinə səs verirəm. Onlar hamımız daxil olmaqla ətrafımızı sarmış bu beton konstruksiyalardan, tez-tez dağılan, sonra təzədən dağılmaq üçün asfaltlanan, qışda üzümüzə, yayda ayağımıza yapışan küçələrdən dəli olmaq istəməyib özlərinə gün ağlayanlardır. Onlar torpağı sevirlər, onlar torpağın qoxusunu, qara-qurasını dırnaqlarının arasında duymağı çox istəyirlər. Onlar üçün bir qarış torpaqda öz əllərinin zəhməti ilə cücərən acı soğan dükan-bazardan aldıqları baldan daha şirindir, daha əziz və ləzizdir...

...Erməninin atasına nəhlət. Vaxt vardı, nəfəsim təngiyən kimi baş götürüb qaçardım ya o, ya bu tərəfə. İndi nə ora var, nə bura. Və dəli balaq kimi qalmışam Bakının sivilizasiyasında, bar qoxusu verən küçələrinin ümidində.

Mən filosofam axı, özüm də daxil, görürəm məmləkət insanlarının başının üstünü almış və bundan sonra daha da qatılaşacaq qapqara faciə buludunu. Bizlər - torpaqdan yetimlər, əli-ayağı torpaqdan üzülənlər, dədə-babasının goru yağmalananlar Qarabağı itirməklə təkcə respublikanın bütövlüyünü, ərazimizin 20 faizini deyil, həm də sözün həqiqi mənasında nəfəsimizi, səsimizi, sağlamlığımızı, xarakterimizi, əsəblərimizi birdəfəlik qeyb etdik.

Bir milyon qaçqın-köçkün... Ancaq sadə əbcət deyilmi, hesablayaq. Hesablayaq ki, əcnəbilərin "Qarabağ münaqişəsi" deyibən ad qoyduğu bu işğaldan sonra məmləkətin neçə milyonu vaxtaşırı üz tutduğu torpaqlardan gözünü və ayağını yığmalı oldu, neçə milyon insan əvvəllər bu torpaqlarda yelə verib gəldiyi əsəblərin, yorğunluqların, dəyişilməsi imkansız olduğu üçün ciyərlərdə yığılıb qalan şəhərin od püskürən zəhərli havasının qurbanına çevrildi. 

...Mən “Bakıda torpaq bahalaşır” deyibən şivən qoparanları qətiyyən anlamıram. Bir məmləkətin ki, torpağının beşdə birini düşmən tuta, orada hələ nə yaxşı insanlar yerdə qalan torpaqlar üçün bir-birlərinin ətini yemirlər. İnanmırsan, inanma, ancaq daha bizləri “ərazi bütövlüyü”, “işğalçı Ermənistan”, hətta Qarabağın adı belə maraqlandırmır. Biz daha canımızın, stresslərin vurduğu yaraların hayındayıq. Gedən Vətən idi, canını qurtardı, vay bizlərin halına! Bax saralmış bənizlərə, əsəbdən bərəlmiş gözlərə, tir-tir əsən əllərə, ayaqlara və say, gör, Azərbaycanda nə qədər torpaqdan əli üzülənlər, doğulduğu, böyüdüyü, arvad aldığı, ərə getdiyi yerləri bir murad kimi gözləyən bədbəxtlər sürüsü var? Daha dillərdə “Vətən” yox, candır, dostlar, can! Vətən gedib, indisə canımızın getdiyi dövrdür, möhkəm dayanmaq lazımdır! Vətən təmiz havaymış, Vətən bərəkətiymiş, Vətən qapqara, bahar qoxulu torpağıymış, sən demə. Sən demə, bu torpaqda qurdalanmaq istəyi, apacı soğan əkmək arzusuymuş Vətən, hansı ki, bu soğanı dünyanın min balına dəyişməzsən. Bir azdan heç birimiz “Qarabağ” deməyəcəyik, hamının dilindən hava, su, bar, bərəkət, torpaq çıxacaq. 

Erməni işğalı qlobal şəkildə özünü ayrı-ayrı həyat lövhələrində, Azərbaycan insanlarının yaşayışında, güzəranında, yaşam tərzində büruzə verir. Bu işğal bizə yaman baha başa gəlir. Torpağı itirmək tək torpağı itirmək deyilmiş. Mən ağsaqqal dədəmi belə başa düşə bilmirəm. Başa düşmürəm dədəsinin qəbri orada qalan, hələ uşaqlıqdan hamımızı yığıb hər yay dədə ocağına aparan, şəhərin zəhərini bu ucqar Qarabağ kəndinin düzlərində, dağlarında qoyub gələn insan övladı necə dözür bu torpaqsızlığa? Adam nə qədər doqquzmərtəbəli nəhəngin eyvanından boylana-boylana qalar, ayağının altında şütüyən maşınların dalından tüstülənən zibili udar? Bu adamın niyə ürəyi partlamır, axı? Görəsən, Azərbaycanda belə dədələrin, belə babaların, belə ağsaqqalların və mənim kimi oğulların sayı neçə yüzmin, neçə milyondur?

Budur, işğalın nəticəsi, budur, Qarabağ həsrətinin sonu, faciəsi! Millət genetik olaraq əsəbilik, unutqanlıq, laqeydlik, xroniki yorğunluq mərəzinə mübtəla olur. Azərbaycan süni şəkildə şəhərləşir, Azərbaycan insanı məcburi şəkildə təbiətdən və torpaqdan, deməli həm də dünənindən, bugünündən, sabahından aralı düşür. “Ərazi bütövlüyü” məsələsi bu faciələrin yanında nədir ki? Əllər torpaqdan üzülüb, dost! Qarabağın işğalı ilə gələn torpaq həsrəti indi də davam edir. Gərək ki, torpaq kəndliyə hələ Leninin vaxtında verilmişdi. Ancaq indi də torpaqsızlıqdan az qalır başımıza hava gəlsin. Qarabağ torpaqsızlığının və qapqara torpaqda acı soğan əkə bilməməyin havası nə yaman ağırıymış! Hamımız torpaqsızlıq mərəzinə tutulacağıq - torpağı gözümüzə təpəcək, qucaqlayıb zar-zar ağlayacaq, dişimizə çəkəcək, ilanlı-ilbizli xışma-xışma yeyəcəyik torpağı, lap qudurmuş it kimi. Artıq mən qudurmaq üzrəyəm...

...Mənim də bu torpaqsızlar məmləkətində bir parça torpağa haqqım çatır... O da gəbərəndə. Qoy, indi bu torpaq satanlar, qudurğanlar və əclaflar sürüsü versinlər mənim qəbir yerimi! Gedib acı soğan əkəcəyəm baldan şirin...

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...