Kişilər bir olmur, Nuray...
Müəllif yazıları | 07.01.2017 11:55
153

Kişilər bir olmur, Nuray...

Emin Səfərov

Kişilər bir olmur, atam balası...

Qorxağı var, igidi var...

Elə oğraşı da var...

Tələsib, Ramiz Rövşən, vallah, tələsib... Yəqin ki, 10 yaşlı Nurayın Qubada məhkəmə icarçıları tərəfindən zorakılığa məruz qalmasını görüb, “kaş ki, bu bəndi də yazardım”, - deyə şair təəssüflənir.

Bir qızcığazın fəryad edib, imdad diləməsinə baxmayaraq, otaqda bir kişi tapılmadı. Bir kişi tapılmadı ki, “tüpürüm belə çörək qazanmağa” desin. Bir kişi tapılmadı ki, öz övladını Nurayın yerinə qoysun. Bir kişi tapılmadı ki, əynindəki uniformanı çıxardıb, “mən bu rəzalətə dözə bilmərəm” desin. Bir kişi tapılmadı... Əslində, onları qınamıram. Çünki belələrinin kişiliyi yadlarına ayaqyoluna gedərkən divarda "K" hərfini axtaranda düşür.

Uşağın ağlamasına, yalvarmasına məhəl qoymayanın, Xocalıda körpəni divara mismarlayıb, onun dərisini soyan Xaçaturdan, Zori Balayandan nə fərqi var? Fərqi odur ki, Nuray özünü ata hesab edən məğluqun "belindən gəlib"? Vallah, belələrinin də kişiliyi toy gecəsində qapıda pusquda dayanan yengəyə "qırmızı bayrağın" banisi olmağı sübut etməklə bitir, vəssalam!

İnsan nə qədər vicdansız, vəhşi olmalıdır ki, körpənin "istəmirəm, istəmirəm, nə olar?" deyib, ağlamasını vecinə almadan onu anası öldükdən sonra saxlayan xalasının qucağında qəddarcasına alıb, yerdə sürüyərək zorla "atası"na versin? Görəsən, bundan sonra həmin icraçılar öz uşaqlarının gözünə necə baxacaqlar? Boynuna sarılan uşaqlarının əllərini görüb, Nurayın xalasını bərk-bərk qucaqlaması yadlarına düşəcəkmi? Uşağı ana əvəzindən qopardıqları əlləri ilə öz körpələrini necə qucaqlayacaqlar?

Etdikləri vicdansızlığın fərqinə varacaqlarmı? Çətin... Kişi bir tikə çörəyə görə kişiliyini itirməməlidi. Reallıq budur ki, Nurayda olan kişiliyin bir qramı otaqda körpəyə qarşı zorakılıq edən şəxslərdə tapılmadı. Ən azından, Nuray ağlayaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsini heçə sayan, hansısa vasitə hesabına zalım qərar çıxaran hakimin qərarına etiraz etdi. Bəs, onlar?

Belələrini görüb, adam kişi olduğuna, şəxsiyyə vəsiqəsində "kişi" yazıldığına görə utanır, xəcalət çəkir. Amma 28 il əvvəl həkimlərin dədəmə "oğlun oldu" deyə, göz aydınlığı verib, 5-10 manat şirinlik almasında mənim günahım olmayıb. Rüşvətlə doğulmağımız azmış kimi, rüşvətlə bələnib, anamızın qucağına uzadılmağımız da bizim günahımız deyildi. Günahımız o olardı ki, kişi kimi böyüməyək, kişi olmayaq. Kişi olmaq da rüşvətlə deyil ki,..

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...