İnsanın heç saçları ağrıyarmı?
Müəllif yazıları | 27.01.2017 13:35
1383

İnsanın heç saçları ağrıyarmı?

Tomris Nəcəfli

Hərdən olur e, kədər imkan vermir oyanmağa. Bədənində it yiyəsin tanımır. Gözünü açıb görürsən ki, adı gələndə ürəyimiz titrəyən, qoxusunu duyanda dəqiqələrcə arxamıza baxan, ovucundan öpdüklərimiz, yollarına gül düzdüklərimiz ovuclarını da, qoxularını da bizə çox görüb, çıxıb gediblər. Geridə qalıb bir cüt nəmli göz, bir cüt darıxan əl.

Dünyanın ən gözəl şəhəri, ən bahalı restoranı, ən qədim içkisi... Bu "ən"lər o qədər çoxdur ki... Onları heç olmasa ömründə bircə dəfə yaşamaq istəyirsən, ancaq bir nəfərin həyatından getməyi ilə anlayırsan ki, əslində hər şey hər yerdə həmişə eynidi. Bütün o "ən"lərin hamısı bir insandı. O olmadıqdan sonra bütün "ən"lər adiləşmir, heçləşir! Sonra geriyə qalır "heçləşmiş" bir həyatı yaşamaq. Bütün deyilən sözlərə inkar yüləmək havaları başlayır. Hər şeyin dadı-duzu qaçır. Elə bilirsən hamı gedib, milyonlarla insanın arasında tək-tənha qalmısan bu şəhərdə və gözlərin ömür boyu yol çəkəcək.

Ona aparan yollar indi səni aparıb boşluğa çıxarır. Birgə keçdiyiniz küçələrdən tək keçəndə ayaqlarınız ağrıyır, bir nöqtəyə saatlarca zillənib baxırsan. Darmadağın olmuş bir həyatın içində xarabalığın altında qalırsan. Başına uçan daşların altında torpağın iyindən nəfəs ala bilmirsən. Elə çətin olur ki...

Səhərlər oyananda ilk olaraq özündən qeyri-ixtiyarı gözündən yaşlar süzülür yanaqlarına. İnsanın heç saçları ağrıyarmı? Ayrılıq elə ağrıdır ki. İnsanın heç ayaqda durmağa gücünün yetmədiyi an ayrılıq olarmı? Gözəlim gözlərinin solmağına bəs? Yediyindən, içdiyindən bir şey anlamayanda olur. Şah beli bükülür... Bir də mahnı bitəndə fərqinə varırsan bitdiyinin, bəzən də varmırsan. Kitablar oxuyursan, bir xeyli oxuyandan sonra görürsən ki, kitabda yazılandan başqa hər şey haqqında düşünmüsən...

Bir gecədə bütün ömrünü qarşılayacaq qədər göz yaşı tökürsən, sonra oturub düşünürsən:

Şah damarımdan əllərimə qədər, gözlərimdən dizlərimə qədər nə vaxta kimi yürüyüb gedəcək bu sızı?

Deyirsən ki, "axı hələ də səni sevməyim gəlir..." Bu qədər dərdi - kədəri kimin üstünə atıb qaçasan bilmirsən. Könül dünyasındakı fırtınalar sıradan insanların dözə biləcəkləri növdən deyil. Sonra keşməkeşli ayrılıqlardan keçib gəlmiş bir qadın olursan.

Bir dostum demişdi:

“Bir müddətdən sonra insanlara qarşı "immunitet" yaranacaq, heç nə təsir etməyəcək".

Düz deyirmiş. Ondan sonra nə gələnə baxırsan, nə gedənə. Kimsə vecinə olmur. İçində yekə bir boşluq olur, yekə bir kimsəsizlik olur. Yavaş-yavaş "heçkiminsizləşirsən".

Sonra da şairin dediyi kimi: “SƏN sonuncu adam idin. GETMƏMƏLİYDİN!”

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...