Fərd olmadan maddi rifaha sahib olunmur
Müəllif yazıları | 06.02.2017 21:26
599

Fərd olmadan maddi rifaha sahib olunmur

Natavan Çavuş

Xüsusən, bu yazını heç oxumayacaq gənclər üçün:

XXI yüzillikdə insanlarda qorxudan və ziddiyyətlərdən arınmış psixoloji düşüncənin doğuşunu hər sahədə izləmək mümkündür. Artıq fərd olmağı bacaran hər kəs kütlədən uzaq, amma kütlənin danılmaz gücündən istifadə edərək şəxsi rifahını təmin etməyi bacarır. Bu cür yanaşma fərdə, iqtisadi azadlıqla yanaşı, psixoloji və sosial həyatında da rahatlıq verir. Bu, bütün tabulardan və psixoloji zəncirlərdən qopmuş insan tipidir. Kütləyə daxil olmadan, kütlənin ruhundan qidalanmağı bacaran insan tipinin doğuşu da deyə bilərik.

Homo Sapiensə qayıtmadan eləcə, sadə dildə izah etmək istəyirəm:

Bir çoxlarının kiçik yaşda öz cəhdlərində nailiyyət qazandıqlarına, uğurlu biznesmenlər, liderlər olduqlarına şahidi oluruq. Əlbəttə hər biri atomu parçalayıb kiminsə əlinə verəcək qədər giper zəkalı, nə dəli dahi, nə də çox sağlam insanlar deyildi. Bir az bizim kimi: iki ayaq, iki əl, iki göz (bəziləri bunlardan belə məhrum idi). Tək fərqimiz, sahib olduğumuz coğrafiyanın öz gövdəsində fərqli psixologiyaları daşımasıdır.

Bütün məsələ, hər hansı X ölkədə təhsil alan 5 nəfər tələbə cibxərcliklərini birləşdirib kiçik sahibkarlar olmağı düşündükləri təqdirdə (ki, o xərclikləri belə bir çoxu part-time çalışaraq qazanır), bizdə 4 nəfər gənc bunu etməyi ağlının ucundan belə keçirməyi cürət etməməsidir.

Sual yarana bilər, hər biri yüz manat verməklə dörd yüz manata nə etmək olar?

- Vizit kartların hazırlanmasını təşkil etmək, xaricdən kitab gətirlilməsi üçün kiçik cəhtlər, web sayt qurmaq, bloqlar, əl işlərinin hazırlanıb satışa çıxarılması üçün xam məhsulların alınması və sairə, və sairə...

Necə deyərlər, böyük yanğınlar kiçik qığılçımlarla başlayır, hələ o qığılcım samanlığa düşübsə...

Cəmi 27 illik dövlətin vətəndaşlarıyıq. Necə ki, bir millətin formalaşmasına min illər, hətta milyon illər lazımdır, eləcə də rifah içindəki dövlət üçün də azı bir min ilin əziyyəti, yükü lazımdı.

Sözüm ona, şikayətlənməyi kənara qoymaqla başlamaq olar.

Acı gerçəkdir ki, gənc dövlətlərin siyasətində, iqtisadiyyatında, qanunlarında da dərin boşluqların olması təbii haldır. O boşluqlar fərdlərin doldurması üçün var. Bugünki daxili iqtisadiyyatda hansı sahənin boş olduğunu seçib, elə o sahə üzrə də kiçik addımlarla irəliləmək çox böyük  uğurlara yol aça bilər.

Bir xalqın, onun mənsub olduğu dövlətin rifahı, millət olmazdan əvvəl fərd olmaqla başlayır. Heç bir idarə sistemi, heç bir siyasi qurluş, ən əsası heç bir əsarət insanın fərdi inkişafına mane ola bilməz. Aydın düşüncəli olmaq, qollarında qandala çevrilən ailə bağlarını idarə etmək də hər kəsin öz əlindədir. Xülasə, bu qədər sözün cümlənin, boyanın məğzi ondan ibarətdir ki, insan öz iradəsini kəşf etməlidi. Əks halda harada olur olsun məhkum olmağa məhkumdu. Hər kəsin maddi rifahı, iqtisadi azadlığı öz iradəsinə bağlıdır.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...