Şərqdən Qərbə körpü - "Qonşudan qalma dala"
Müəllif yazıları | 06.02.2017 21:30
1307

Şərqdən Qərbə körpü - "Qonşudan qalma dala"

Qələndər Məmmədli

Şərqlə Qərb arasında tarix axarında daimi var olan bir mübarizə var. Dünyanı kim bölüb, necə bölüb, niyə bölüb, açığı mən də bilmirəm. Bizim tərəfin Şərq, onlar tərəfin Qərb olduğuna necə qərar veriblər, o da məchuldur. Çünki Amerikadan baxanda biz həm Şərq, həm də Qərb ola bilərik. Dünyanın yuvarlaqlığını bilirik, amma görünür, belə bəsit məsələlərdə unuduruq.

Şərqlə Qərbi ayıran ayırıb, yüzillərin qalıntılarını bu gün dəyişdirmək iqtidarında olduğumu düşünmürəm. Sadəcə, fikirlərimi əlavə edərək müqayisələrimi qeyd edəcəyəm. Şərq ölkələri deyə keçən ölkələrdən biri də Azərbaycandır, demək olar. Hərçənd özümüzü qərbliliyə vursaq da, zır şərqliyik. Türkiyədə də 1 il yaşamışam və az-çox xasiyyətlərinə bələdəm. Bunda 4 il təhsilimi Türk dilində almağımın da payı inkar edilməməlidir.

Çin, Yaponiya, Koreya kimi ölkələrlə isə təmasım çox olmayıb. Yaponiya və Koreya diplomatları ilə görüşüm olub. Çini isə ancaq məşhur bir ulduzu televizorda izləyən vətəndaş kimi, mətbuatdan inkişafını izləməklə kifayətlənirəm.

5 aydı Avropadayam. 8-9 ölkəsini görmüşəm. Müxtəlif ölkələrindən insanlar ilə tanışlığım və söhbətlərim olub. Bir çox abidələr və önəmli yerləri də gəzmişəm. Marketinq adamı olduğumdan, insanları və sistemi biraz da sosioloji sarıdan dəyərləndirib, oxuduqlarımla bir araya gətirib, yoğurub bir neçə müddəada Şərq ilə Qərbi analiz edəcəm. Bu məndən sonrakı azərbaycanlılar üçün də başlama nöqtəsi ola bilər...

Simvolizm

İlkin olaraq, simvolizmdə böyük bir yanaşma fərqimiz var. Qərb insanı xarici görünüşə daha çox önəm verir. Şərqdə isə bu, öz yerini, əsasən, sözə buraxır. Xüsusilə dini inanclarda bunu görmək mümkündür. Qərbdə allahın rəsmini təsvir etməyə çalışarkən, Şərqdə xəttatlıqla onu ən gözəl şəkildə söz olaraq, ifadə edib saxlamaq qalır. Bunun tarixboyu keçmişdəki dinamikaları necə təsvir elədiyi isə indiki nəticələrə baxanda təxmin edilə bilir. Qərbdə inkişaf edən heykəltaraşlıq və rəssamlıq, Şərqdə xəttatlıq ilə əvəz olunub.

Sistem və Fərdlər

Bir digər ünsür isə Şəxsiyyət və Sistem anlayışlarıdır. Burda mən hərçənd sui-istifadələrə görə, Qərbin anlayışını daha çox müdafiə edirəm. Amma yenə də ikisini də aydınlatmaq istəyirəm. Şərqdə qurulan bütün sistemlər mərkəzi idarəçilik formasına malik olur və bir şəxsin üstünə qurulur. Diktatoriya rejiminin yoğun olmasının səbəbi də bu şəxsiyyətin üzərinə qurulan sistemlərdir. Qərbdə isə fərdlər önəm ərz eləmir, çünki qurulan sistem var və sistem avtomatik şəkildə uğursuzluqları ortadan qaldırmağa yönləndirilib. Ancaq yenə də fərdlər üstünə qurulan sistemdə də yaxşılaşdırmalar edərək, onu təkmil etmək mümkün ola bilər. Koreyada İyerarxiya səbəbi ilə günahın həmişə ən alt mərtəbədəki adama yüklənməsi nümunəsi, Malcolm Gladvelin "Outliers" kitabında yer alıb. Bunu aradan qaldırmaq üçün isə yenə müvafiq tədbirlər görülüb. Buna görədir ki, bəzi firmalarda 1 nəfər işçi gəlməyəndə aləm dəyir bir birinə.

Müqavilələr

Şərqdə aparılan razılaşmalar adətən, tarixdə də söz üzərinə qurulub. "Kişi sözü!", "Kişinin sözü 1 olar!" kimi. Qərbdə isə mütləqdir ki, yazılı bir kağız parçası, razılaşmanı göstərən sənədlər olsun. Sovet Azərbaycanında da "pripiska" adlı yazılı sənədlər tətbiq olunurdu, amma elə o da "kişi sözü" kimi bir şey idi. Tətbiq etməyimiz belə əməlimizə uyğun idi. Unuduruq ki, hamı sözünü tutmaq istəsə də, bəzən əcəl, bəzən şərtlər, bəzən beyin buna imkan verməyə bilər. Halbuki, söz uçsa da yazı qalar. 

Qonşu Effekti

Son vaxtlar Gürcüstanın viza məsələsi ilə birlikdə üzərində düşündüyüm və adına Qonşu Effekti dediyim bir faktor da var. Bu faktorun zəminində isə "Qonşudan qalma dala" kimi atalar sözləri durur. Bir gün bir nəfərə deyirlər ki, "sənə nə versək qonşuna 2 qat artığını verəcəyik, nə istəyirsən verək?" Deyir ki, "gözümün birini çıxar".

Ətrafa, qonşuya dönük yaşayır və onun xoşbəxtliyi üçün çalışırıq. Özümüzü inkişaf etdirməyə də qonşumuzdan sonra başlayırıq. Nəyisə düzəltməyə də. Hətta misalı da qonşumuzdan çəkirik. Halbuki, şəxsini bütün tənqidlərə qulağını tıxayaraq inkişaf etdirib, hər şeyi kökündən dəyişmək mümkündür. Qərblilər bunu edə biliblər və edirlər.

Məsuliyyət

Şərqdə bir insanı nədənsə məsul tutmaq çox çətin məsələdir. Qəribə bir özünə heyranlıq var və ortada olan pis hadisədən heç kim özünə pay götürmür. Əksinə uğur olanda, gələn tortdan isə hamı daha böyük dilim almaq üçün o olmasa, bu işlərin yeriməyəcəyinə işarə edən ədalarla hərəkət edirlər. İstefa mədəniyyətinin olmaması da bunun əsasında yaranır. Şərq ölkələrində çox az rastlanır bu hala. Ancaq Qərbdə dəfələrlə, xırda bir hadisədə insanın postu təhvil verə biləcəyini görürük. 

Bütün bu fikirlər fonunda demək istədiyim şey:

Şərqin, Qərbin vəya bu çəkilən xəttlərlə edilən ayrımın nəticəsində hansınısa üstün qılmaq deyil. Qərbin yaxşısını götürək deyə davamlı "klişe" cümlə quran xalqımın nümayəndələrinə bir başlanğıc nöqtəsi verməkdir. Qərbin yerişini də yeriməyi təklif etmirəm, sadəcə, əinizdəki sistemi necə yaxşılaşdırmaq olar? - deyə düşünmək üçün özül hazırlamaq istədim. Qərbə gələn vətəndaşlarıma isə sosioloji baxışla nələrə diqqət edə biləcəklərini göstərməyə çalışdım.

Geriyə qalan hər şey əslində bir az da bizim istədiyimiz kimi ayırmalarımızdır. Amma mənasız bölünmələr.

Gözlərimizin rənginin fərqi yoxdur, əsas odur ki, gözyaşlarımız eyni rəngdə axır.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...