Yox olan "insanlıq" - zibil qabına atılan körpənin sonrakı aqibəti
Müəllif yazıları | 24.02.2017 14:23
2140

Yox olan "insanlıq" - zibil qabına atılan körpənin sonrakı aqibəti

Nərgiz Əzizova

Ötən günlərin birində jurnalist böyüklərimizlən biri ilə söhbət edirdik. Azərbaycanın portretini elə qaranlıq formada təsvir elədi ki, sağollaşanda, “axşam vaxtı kefimi pozdunuz. Borcum olsun” dedim. Qayıtdı ki, “uşağını zibilliyə atanları yazırsınız. Mənəm kefinizi pozan, ya siz?”

Bu yazıda çox da uzaq keçmişdə baş verən hadisəyə görə, yaddaşınızı yeniləməliyəm. Əslində bunu hər gün eləmək lazımdır. Ta ki, bunun cəzası ən ağır formasına çatana kimi. Çünki mənim ürəyim bu ölkədə uşağının göbək bağını şüşə ilə kəsərək, özündən ayıran və zibilliyə atanları görməyi qəbul edə bilmir. Kimdə o ürək varsa, davam eləsin. Onsuz da yazmaq davamlıdır.

Düz böyrümüzdə, Türkiyədə uşaq cinayətləri xəbərlərinin dumanı başımızın üstündən çəkilmədən valideynin övladını zibilliyə atması xəbəri sosial şəbəkələrdə işıq sürətilə yayılmışdı.

Arsızca, vecsizcə, bunun bədəlini ödəməyəcəklərinin rahatlığı ilə...

Başlarına heç nə gəlmir, bilirlər. Ki gəlmədi də. Müəyyən yollarla azadlıqda barbarcasına yaşayırlar.

“Valideyn” tərəfindən istənilməyən, küçələrə atılan uşaqlar təəssüf ki, lap çoxdan var. Onlar onsuz da... Doğub küçəyə atacaqdınsa, sənin analıq haqqından məhrum qalmağın belə az olar. Bir də var, zibilliyə atılanlar. O uşaq ana nəfəsini ilk və son dəfə anası onu zibilliyə atanda hiss etmişdi...

İndi sizə o zibilliyə atılan uşağın 18 yaşlı halını deyim...

Necəsə, hansısa çətin şəraitdə böyüyür. Bütün yetimlər kimi valideynini tapmaq istəyir. Və yenə hansısa yolla öyrənir ki, anası onu nə qonşuya, nə qohuma, nə uşaq evinə verib. Aparıb özünün belə yanından keçəndə burnunu tutduğu çirkin zibil qablarından birinə atıb. Bunun nə cür təsəllisi ola bilər axı? O uşaq həm üsyankar, həm vəfasız, həm riyakar, həm günahsız, həm də günahkardı...  Eynən bu zalım üzünü ona çevirən həyatı kimi. Bu gənc onsuz da küçədəki divar daşları ilə, səkilərlə, yağışla, soyuqla, içindəki bilinməzliklə doğmalaşıb. Əzəldən tək olub və o yaşına kimi bu cür yaşayıb. Uğur qazanmaq istəyəndə ya insanlar onu özlərindən uzaqlaşdırırlar, ya da 18 il əvvəl çıxdığı zibil qabı yadına düşürdü. Bəlkə də onun yeganə ümid yeri o idi. Bəlkə də onu bu həyata həmin zibil qabları gətirmişdi...

İki yaşında uşağa təcavüz edib öldürmək bilirsiniz nə deməkdir? O, ölümün ən çirkin halıyla cansız bədənini sürüyüb aparır bu dünyadan.

Bir aylıq uşağı evdə təkcə, təkbaşına qoyub istirahətə getmək hansı hissi anlayışa daxildir? Yoxdu belə bir şey. Yoxdu o uşaq... Tavana baxa-baxa acından, susuzluqdan, sevgisizlikdən can verəndə də yox idi o uşaq...

Hər gün bu xəbərləri oxumaqdan, yazmaqdan bezdik.

Hər gün uşaqlara zülm edilir. Təcavüzlərlə birlikdə məsum baxan gözlərini yumub, gülümsəyərək başlamadıqları sona çatırlar.

Bunlardan bəziləri mətbuatda yayımlanıb mediatik olur. Bəs qalanı? Bəs onların cəzasını kim verir? Onlar ayaqlarını uzadanda həbsxana yatağının dəmir barmaqlıqlarının soyuqluğunu hiss etməlidir. O yataqlardan başqa gümanları olmadığını vicdan çəkici ilə döyəcləyərək, beyinlərinə yeritmək lazımdı.

2017-ci ildir e...

Bunlar üst-üstə yığılanda uşaqların zehni yaşamları, duyğuları ölür. Onlar rasional ruhdan əskik üzvi maşınlar deyillər. Amma 2017-ci ildə hələ də ürəyi istəyəndə bapbalaca, əl içi boyda uşaqlara zülm edirlər.

Belə dövrdə, inkişaf iddiası ilə ortada atılıb-düşdüyümüz dövrdə uşaqlara qarşı bu cür  ədalətsizlik, zülm, bəzən cəzasızlıq görməməzlikdən gəlinməməlidir.

Əks halda, inkişafı qırağa qoyuram, bu cəmiyyətdə hələ insan ola bilməyənlər var deməkdir bu.

Və sonda həmin valideynlərə deyirəm:

Siz ana-ata sevgisindən məhrum qoyduğunuz o uşaqların bu sevgisini əlindən ala bilməzsiniz. Onları qəzetlərə, saytlara elan verib, “ana, məni tap” deməyə məcbur edə bilməzsiniz. Sizlər o iki müqəddəs kəlmənin sahibi olmağa layiq deyilsiniz. Yük deyib çiyninizdən atdığınız uşaq yalınayaq, tikanlara basa-basa, parçalanmış həyatının hansısa küncündə özünə aid bir şey axtarır...

O balaca mələklər məğlub yox, məğrurdurlar. Onlar sizi öldürmək istəsə, sadəcə, “qurşunlu gülüşləri”ni görəcəksiniz.

İndi onlar sizdən çox uzaqdadırlar. Göz yaşları həsrətlərinə son qoymur. İndi onlar bir yerə oturub əlləri ilə dizlərini qucaqlayıb sakitcə “anam, anam” deyirlər. Amma eşidənləri yox...

Siz onların soyuq divarların arxasında ağladıqlarısınız...

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...