Sərhədin bu tərəfindən məmləkətə baxış
Müəllif yazıları | 27.02.2017 14:15
1948

Sərhədin bu tərəfindən məmləkətə baxış

Elşən S. Məhərov

Sərhədin o tayında olanda görünməyənləri görməkdir, sərhədin bu tərəfindən boylanıb baxdıqların. Doğru olduğuna inandıqlarının boğulduğu yalan dənizlərinin dərinliyini anlamaqdır. Kimlərin neçə dərəcə əyildiklərini, kimlərin çinar misalı dimdik dayandıqlarını bir güzgü kimi göstərirmiş sərhədin bu tayı. Bu tərəfdən boylanıb baxanda anlayırsan yaşananlarla söylənənlərin tərs mütənasibliyini. Bu tərəfdən boylanıb baxanda anlayırsan gedilmək istənən yerlərlə gəlib çıxılan yerlərin eyni olmadığını. Bu tərəfdən boylanıb baxanda gördüklərini görməmək üçün anadangəlmə kor olmaqdan başqa çarə yoxdur, varsa haqqın işığı gözündə görürsən.

Görürsən əslində mənəviyyatının tapdaq altında əzilmiş, müstəqilliyi hər dərdinə dərman bilən bir nəslin onu əldə etdikdən sonra çəkdiklərini, bir qarın ac, bir qarın tox başa vurduğu günləri. Cəbhədə itkin düşmüş qardaşından illərcə xəbərsiz qalan, “Heç olmasa ölüsünü gətirin” deyib yalvaran bacının bu günkü savaşsız, qansız, şəhidsiz günlərə şükür etdiyini görürsən.

Onların olanları görmədiyini sanırsan, küsürsən, inciyirsən, amma anlamırsan. Onlar can itkisinin nə demək olduğunu bildiyi üçün mal itkisinin gözlərində necə dəyərsiz olduğunu anlamırsan.  Analar oğul itirib, bacılar qardaş. Başındakı qırmızı kəlağayısını çıxarıb illərdir qaralara bürünən təzəcə gəlinlər ömür yoldaşını itirib. Sənsə bu gün oğurlanan vətən malının dərdini çəkirsən. O malın ki, atalar övladı ilə birgə bütün dünyanı soyuq torpağın altına basdırıb.

Onların bu gün bir gəncliyin daha qırılmasına razı olmama səbəbini sən anlamırsan. Axı itirməmisən...

“Onlar sizin gələcəyiniz, yaxşı təhsiliniz, sağlam canınız üçün çıxmışdı meydanlara. Hər şeyi gözə alaraq, sizin üçün yoxdan bir məmləkət düzəldən insanlar, analar, bacılar, əmilər, dayılar. Axı onlar...” – deyib, bayaqdan Şəhidlər Xiyabanında sıralanan qəbirlər arasında övladı ilə baxışan yaşlı gözlərini nimdaş cib dəsmalı ilə sildi.  O öz nəslinin acizliyinə bəraət qazandırmışdı bəlkə, bəlkə də anlayırdı uğruna fəda etdiklərinin bir çürük qoz kimi içi boş çıxdığını.

O ümidsizliyini, məğlubiyyətini, bitmişliyini, tükənmişliyini doldurmuşdu bu cümlələrə.

“Bilirəm, ürəyin doludur, de, çəkinmə” deyərcəsinə baxdı gözlərimin içinə. Sanki başdansovduluq edib imtahandan kəsilən tələbə kimi danlaq istəyirdi birindən. Bir neçə acı söz istəyirdi içində diri-diri gömülən ehtiraslarını, həvəslərini oyatmaq üçün.

“İyirmi yanvarı atamın üstünə açılmış atəş səsi ilə xatırlayıram”, - deyə başladım.

“Alacaqaranlıq gəlir gözümün önünə o gecə. Sonrasında hər il balaca əllərimdən tutub, sıxlıq içində əzilməyim deyə çiyinlərinə qaldırıb Xiyabanı qürurla gəzdirən anamdan dinlədiklərim, efirlərdən gördüklərim, Milli dirçəlişin toxumlarının səpildiyi gün kimi qazındı qırışları yenicə qalınlaşan beynimə.

O gecə aydını, alimi, şairi, müəllimi bir nəfər kimi meydanlara axışmışdı. Sözləri qılıncdan iti, niyyətləri tank mərmisindən alovlu, ümidləri meydanlara sığmayacaq qədər qabarmışdı. İki körpə övladı ac yatsa belə, evindəki son bir neçə ovuc unla meydanda yatanlara qoğal bişirdiyini hər 20 Yanvarda ağızdolusu deyən, ərini cəbhədə itirmiş müəlliməmin sinif yoldaşıma pulla qiymət yazdığını biləndə ilk dəfə vermişdim bu sualı:

O gecə bizim üçün ac qalmamışdınız bəs?”

O gecədən sonra günlərlə tikə parça olmuş insanlara ac-susuz xidmət göstərən həkimlər vardı. Birinci kanal hey o səhnələri göstərirdi. Qanın, irinin, yaranın içində dayanmadan çalışan həkimlər. O vaxt yenicə məzun olmuş, yenicə ağ xalatını geymiş həkimlər bu gün şöbə müdiri, baş həkim, bəlkə də səhiyyə naziridir. Bəs o gün mənim azadlığım üçün gecəsini gündüzünə qatan həkimlər bu gün niyə ana bətnindəki körpəni rüşvətini aldığı dərmanlarla zəhərləyir, şikəst edir, bir ömür boyu onlardan aslı hala salır?

O gecə kaburasındakı patronsuz tapançasını dənizə atıb mərmi qabağında dayanan polislər bu gün patronlu tapançasını niyə mənə doğruldur?  Soyuq bir qış günü küçənin başında qarşımıza çıxan dilənçi uşaqların titrəyişini, zibil qutularında bir tikə çörək axtaran yaşlı adamın üzərindəki yamaq-yumaq geyimləri, parklarda yatan cinsiyyəti məlum olmayan kimsəsizləri qorumaq üçün deyilmiydi o tapança? Yoxsa, elə bizi vursun deyə idi?

Üstünlük iddiamız, iqtidar savaşımız, müstəqillik yanğımız və bu uğurda canlarını verənlər kimlər idi?

Bunlar onlardırsa, bu gün bütün bu etdikləri nədir, yox bunlar onlar deyilsə, bəs o gün ölənlər kim idi?

Bayaqdan şəhid qəbirləri arasında gəzinən gözlərini qabar bağlamış ovucları içində gizlədərək  “Bizi Bağışlamayın Bala” deyə bildi!!!

“Bizi Bağışlamayın” !!!

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...