QADINLAR - bir kişinin diqqətinə, nəvazişinə satıldı sizin azadlığınız
Müəllif yazıları | 08.03.2017 00:10
1346

QADINLAR - bir kişinin diqqətinə, nəvazişinə satıldı sizin azadlığınız

Qələndər Məmmədli

8 Martın tarixçəsi haqqında çox az adamın məlumatlı olduğuna əminəm. Ancaq bu barədə yazmaq mənə düşməz. “Google”a yazıb, ətraflı bir xeyli məlumat əldə edə bilərsiniz.

Qadınlar haqqında ümumiyyətlə, çox şey deyən, yazan, danışan biriyəm. Bəzən dostlar arasında yarı zarafat, yarı gerçək bu məsələ gündəmə gəlib, istehza ya da sitəm məsələsinə çevrilir. Ancaq hər zaman dediyim kimi qadınlar o qədər mükəmməl və möhtəşəmdirlər ki, nə qədər yazsaq da, bir yerdə mövzu yenə çıxır və yenidən fərqli bucaqlardan fikirlər meydana gəlir.

Tərif və ucaltmaq hissəli bir girişdən, niyyətimin də xoş olduğunu göstərərək, keçirəm “Mustafama!” Sabah 8 Martdır. Sosialist sistemin predmeti olan məlum günün, kapitalizmə və istehlak etmək mədəniyyətinə necə inteqrasiya edildiyini daha dəqiq müşahid edə bilərik.

Ancaq daha dərin şeylər düşünmək vaxtıdır. Bəli, qeyd edək. Biraz da pafos qataq işin içinə, ayıraq özümüzü digərlərindən. Uca da tutaq bizi bizdən. “Azərbaycan Qadını” sizin bildiyiniz qadınlardan deyil. Mən açığı etiraf edirəm ki, qadınlar haqqında heç nə bilmirəm. Dolaylı olaraq da, bildiyim-bilmədiyim deyə ayrım edə də bilmərəm. Mən eləmirəm, amma onlar edir.

Qadınların həyat mübarizəsi və davranışlarına baxanda, rahatlıqla deyə bilərəm ki, bizim qadınların xüsusilə elə düşməni də özləridir. Etiraz səslərinizi eşidirəm, sanki. Dayanın, səbr edin, fikrimi açıqlayım. Tələsməyin, xanımlar və cənablar. Yazını oxumağa davam edin.

Avtobus Effekti”

Bir dəfə yadımdadır ki, işdən yorğun çıxıb gəlirdim evə. Avtobus gözləyirdim. Bizim tərəfin avtobusları da çox vaxt minməyi ayrı, düşməyi ayrı dərd olan avtobuslar qəbilindədir. Oturub avtobusu gözləyərkən, xanımlardan birisi digərini səslədi. Dialoq eynilə bu şəkildə oldu:

“Az, gəl!”

“Hara gəlim? Görmürsən, doludur avtobus".

“Kişilər qalxacaq oturacağıq".

Digər yanda isə xanımlar azadlıq və feminizm barədə müzakirələr aparırdı. Bəli əziz xanımlar, sizin azadlığınız da, azad düşüncəniz də avtobusdakı boş kreslolara satıldı.

Fərqlilik Sehri

Fikir vermisinizmi, bilmirəm, fəqət xanımlar arasında əsas rəqabət məsələlərindən biri də, diqqət məsələsidir. Təbii ki, bu zaman da məkanda olan ikinci həmcins istənməyən tək obyekt halına gəlir. Kapitalist nəzərlərlə ələ alsaq, monopolist bazardan mütləq rəqabətə keçmək istəyəndə ortaya çıxan bütün firmaları yox etmək istəyi ilə yaşayan böyük firmalar kimi davranırlar. Məsələn, elə xırda nüanslar var ki, kişilər bunlara diqqət eləməz bir qadında. Amma digər xanım bu məsələni gündəmə gətirərək, nəzərləri məhz həmin qüsura yönəldərək xal toplamağa çalışır. Təbii ki, bunun əsasında da özünün fərqli olduğunu isbat etmə cəhdi dayanır.

Bir kişinin diqqətinə, nəvazişinə satıldı sizin azadlığınızı!

Təhsilə Dair

Bu məsələdə ölkəmizdə şükür ki, işlər qaydasındadır. Ancaq adətən, qarşılaşdığım situasiyalardan biri də budur. Xanımlar xanımların təhsil haqqına sədd qoyur. Bu barədə ana ilə qızı arasında mütləq birlik və əzm olanda, adətən, qızlar təhsilini davam etdirir. Qızların yaşı 21-i keçən kimi anaları təşviş bürüyür. “Vaaay, qızım evdə qalır. Birdən alan olmaz”. Nəticədə də çıxan ilk “Xeyirli qismətə” qızlarını təhvil verirlər. Təbii ki, əsas odur ki, evlənəsən, “xalxın ağzını bağlıyaq. Boşansan da problem deyil”.

Bilirsiz, təəssüf ki, gəlinən nöqtədə, qızlarımızın önünə 2 variant qoyulur. Ya ərə get, ya da təhsil al. Amma təhsili də mən istəyən kimi istədiyim yerdə, istədiyim formada al. Bunun nəticəsində isə ölkədə xoşbəxt olmayan insan sayı günü-gündən artır. Azadlıq anlayışı “Axşam evə 9-dan sonra gələ bilmək” bacarığı ilə məhdudlaşır.

Ər çörəyinin şirin dadına satdılar sizin azadlığı!

Hesab Tələsi

Restoranda xanımlar gözləyir ki, oğlan hesabı ödəsin. İlk qırılma, ilk təslimiyyət və ilk buxov burada vurulur. Bu mütəmadi hal aldıqca, xanımlar da şüuraltı şəkildə özlərini təslim edirlər və fərdilik ortadan qalxır. Sonra isə cəmiyyətdə kişidən yaranan asılılıq nəticəsində evlilik, sevgililik, nişanlılıq kimi bütün məsələlərdə də kişinin dediyi olur. Olmayanda isə başqa qadın köhnəni pisləyərək, onun yerini doldurmağa çalışır. Fəqət var olan sistemə və ədalətsizliyə mütləq etiraz olsa, bu qadınların ötürmək istədiyi mesajı daha mənalı edər və daha uğurlu alınar.  Məsələn, bu sistemin nəticəsidir ki, xanımlar işlərini oğlanlara gördürə biləcəkləri bir əhatə yaranır və texnologiyadan çox zaman uzaq qalırlar.

Baş altına qoyulan yastığın rahatlığına satdılar sizin azadlığı.

Mən xanımlarımızın qabiliyyətindən, zəkasından və edə biləcəklərindən zərrə şübhə duymuram. Amma məsələnin arxa tərəfində, önə çıxa biləcək bütün xanımları elə özləri aralarında məhv edirlər. Bunu da yuxarıda sıraladığım arqumentlər ya da onların törəmələri ucbatından edirlər. Mütləq şəkildə ümumi cəmiyyətin faydası və yararı düşünülmür. Kişini də qadın yetişdirir, onun özəyini, özülünü qoyan da anadır. Başlayanda doğruları, yanlışları, olarları, olmazları öyrətməyi, hansısa qadına əxlaqsız deməkdən üstün tutsa, sanki problemlər daha tez həll tapar. Fərdləri müzakirəni insana davranış qazandırımaqdan daha üstün tuturuq. Heç kim də var olan qəlibi müzakirə etməyə ürək eləmir. Təhminə filmindəki 2 qadının ( Zaurun anası və Təhminə) 1 oğlan üçün verdiyi mübarizəni gözümüzün qabağına gətirəndə anlayırıq ki, məsələnin rəngi bir az başqa cürdür.

Gəlin, realist olaq. Cəmiyyətdə çarşabdan gəlib bu günkü geyim formasına çıxmağımız qadınların bunu belə istəməsi ilə olub. Maşın sürmək müzakirə edilib aşılıb. Xaricdə təhsillə bağlı olan bariyer də demək olar ki, aşılmaq üzrədir. Belə baxıram ki, kişilər standart və dəyişməz düşüncələrindədir, amma qadınlar həm dəyişir, həm dəyişdirir. Bu necə olur? Çünki, belə istəyirlər.

Sual: Bəs niyə indiyə kimi istəmirdilər?

Bizim xanımlar heç bir mübarizə göstərmədən, heç bir əzm göstərmədən, 8 Mart qeyd edirlər. Edirlər, əllərinin içindən gəlir, lap əla! Bunu da etsinlər.

Cavid kimi adam olub deyib:  “Sürüklənən bəşəriyyət, qadınla yüksələcək”.

Kiminsə bunları bizim xanımlara deməyi lazımdır ki, mübarizə aparmağa heç olmasa, cəhd etsinlər. Mütləq təslimiyyətin hakim olduğu heç bir ideologiya və yaşam şəklindən xeyir gəlməyib, gələ də bilməz. Bu sadəcə, sürüdə mümkündür. Uçuruma sürü halında getməkdənsə, tək gəzin, qoy, qurd yesin sizi, ziyanı yoxdur.

Qadının düşməni qadındır. Ancaq bilirəm ki, əksəriyyət, bu yazını oxuyanda içlərində doğan ikrah və kibir səbəbiylə bunu görmək istəməyəcək. İllərdir görmək istəmədikləri kimi. Onlara içlərindən yox, kənardan düşmən lazımdır ki, birliklərini bir arada tutsunlar.  Bütün diktatoriyalar kimi, bütün günahkarlar kimi...

Axı başqa cür, bir qadın digəri üzərində necə üstünlük qura bilər?! Birinin acizliyini görmək, bəzən adama daha fərqli zövq verir elə deyilmi, əziz xanımlar?

8 Mart Qadınlar Gününüz Mübarək!

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...