Hər işdə Amerika var
Müəllif yazıları | 12.03.2017 11:58
1155

Hər işdə Amerika var

Vüsal Səfərli

Keçmişdən günümüzə olan hadisələrə nəzər yetirsək, görərik ki, hər bir işin lideri var. Sual ortaya çıxır: Kimə görə və nəyə görə lider?

Liderlik təkcə insanlar arasında deyil, bütün canlılar arasında görülən bir xüsusiyyətdir. Lakin həmin liderin gördüyü işi necə dəyərləndirmək ona kənardan baxanlara həvalə olunur. Kənardan baxanlar kimdir? Liderin hərəkətinə uyğun bir addım atmaq istəyən biriləri. Bəs bu liderlik tam mənası ilə siyasi aləmə aid bir termindir, yoxsa hər bir işdə liderlik vəzifəsi mövcuddur?  Əlbəttə, hər bir işin içində lider olmalıdır. Kim ki, inkar edir, deməli, o nə lider ola bilir, nə də kiminsə olmasını istəyir. Deyə bilərsiniz bəlkə özü lider olmaq istəyir? Bəli, yerində sualdır, amma onun lider olmaq istəməsi onun lider ola bilmə qabiliyyətini təsdiqləmir.

İndi keçək əsas müzakirəmizə. Gündəlik həyatımızda eşitdiyimiz cümlələrdən biri budur: “Hər işin içərisində Amerika var. Onlar dünyanı bərbad günə qoyur”. Bu cümləni harada eşidə bilərik? Həyətdə iki qadın arasında keçən söhbətdə, çayxanada oturub siyasət danışanlarda, akademik səviyyəsi yetərli olmayan təhsil qurumlarında və yenicə universitet bitirmiş cavan bir gəncin cümlələrində. Təbii, bu saydıqlarımın içərisində siyasət elminə malik olanlar da var, olmayanlar da. Olanları başa düşmək olar, çünki ən azından nəyisə deməyə cəhd edir. Bəs digərləri? “X” adlı gəncimiz siyasətə əlaqəsi olmayan fakültədə dərs alır və onun hər siyasi məsələdə görüşü “hər şeyi Amerika edir” olursa, burada problem var deməkdir. Bu fikri demək üçün akademik bir insan illərini verir, nəticə çıxarır və ona dayanaraq, fikir bildirir. İlk öncə demək istəyirəm ki, siyasət bir elmdir.

Hər insan siyasətdən danışa bilər, amma hər insan düşünülmüş siyasətdən danışa bilməz. Bu dediklərim hər sahə üçün keçərlidir. Məsələn, marketinqin sadəcə, qapı-qapı dolaşıb və ya bir yer aşıb mal satmaq olduğunu düşünənlər daha çoxdur. İlk öncə bu düşüncə tərzini dəyişmək lazımdır. Bu yazı isə bu tip düşüncənin siyasət üzərində misalını açıqlayır. Bunu yazmağımda məqsəd burada Amerika siyasəti aparmaq və tərəfini tutmaq deyil. Obyektiv olaraq, bu məsələyə baxıb, analizini çıxarmağa çalışacam.

Hardan gəlir bu cümlə? Əslində çox uzağa getmək lazım deyil. Bir evin iki uşağını düşünün və biri hər zaman dəcəl, digəri isə sakitdir. Bunlar böyüdükcə sakit dediyimiz uşaq əslində bilindiyi kimi daxildə də sakit olmaz. Bir hadisə baş verdiyi və onu özü etdiyi halda ailəsinə ilk deyəcəyi söz bu olacaq: “Mən etməmişəm. Qardaşım elədi” və nəticədə nə baş verir? Günahsız dəcəl qardaşı danlanır, heç kim ona inanmır, çünki sakit uşaqdan gözlənilmir bu. Amerikanı belə düşünün...

Bir mövzü haqqında fikir bildirməzdən öncə yaxşıca düşünüb, qərar verib danışmaq lazımdır. Çoxunuz artıq düşünürsünüz ki, bu yazı Amerikanı məsum göstərməyə görə atılmış bir addımdır. Hər zaman dərs yazılarımda, oxuduğum məqalə və kitablarda bir nöqtəni düşünərək qərar verirəm. Baş verən hadisələr məcburiyyətdən olur, yoxsa istəyərəkmi? Amerikanı analiz etmək üçün əsas sual budur.

Amerika heç bir zaman siyasi düşüncəsini və qərarlarını istəyərək reallaşdırmayıb. Məsələn, indiki dünya sisteminə baxsaq, görərik ki, hər kəs tarix boyu etdiyi siyasi gedişlərə görə Amerikaya kin bəsləyir. Sual ortaya çıxır. Amerikanın yaranma tarixi nədir? 1776-cı ildə yaranmış bir ölkənin üzərinə bu qədər təzyiq çox deyilmi? 1776-cı ilə qədər olan dünya siyasətində kimlər nə edib? Heç düşünmürsünüz indiki dünya sisteminin səbəbi bəlkə 1776-dan öncəyə dayanır? Siyasət bu qədər asan və sadə ola bilməz. İstənilən məsələdə və siyasi gedişdə Amerika problemi həll etmək yollarını ikiqat düşünür. Məsələ burasındadır ki, bəzən insanların kin bəslədiyi Amerika heç də öz istəyinə görə problemlərə daxil edilmir. Az öncə dediyim kimi məcburiyyət, yoxsa istək?

Amerikanında daxil olduğu problemler heç də göründüyü qədər sadə qarşılanmamalıdır. Məsələn, xırda-xırda hər hadisəni yazsaq, günlər yetməz buna. Ona görə spesifik bir misala köklənək. Amerikanın Orta Şərq siyasətinin başlandığı illərə qədər və başlama vəziyyətində strategiyası necə idi? İstəkli idi, yoxsa məcburiyyət? Vyetnam döyüşündən çıxan və hər şeyi ehtiyatlı etmək istəyən bir Amerika necə ola bilər ki, Orta Şərq siyasətinə istəkli olaraq qatılsın? Məntiqli gəlirmi?

Amerikanın Orta Şərq siyasəti tam olaraq belə başladı: Amerika gözləmədiyi anda Orta Şərq regionuna dəvət olundu. Çünki Böyük Britaniya Orta Şərqdən sistemli olaraq çəkilməyi qərara almışdı. Və beləliklə, bu yerini doldurma yükü Amerikanın üzərinə düşdü. Məsələn, Britaniya hər şeyə hazırlıqlı başladığı bir işə Amerika hazırlıqsız başladı. Sadə bir misal deyək: Qarşıda iki imtahan var. Birini siz, o birini isə dostunuz verəcək. Siz onsuz da öz imtahanınızda axsadınız və razı olmadan sinifdən çıxdınız. Nə görürsünüz? Dostunuz hazırlaşdığı imtahanda yarıda sinfi tərk edib və onun yerinə keçib bu imtahanı davam etdirəcək biri lazımdır. Siz Amerika olaraq, tam hazırlıqsız şəkildə o sinfə girirsiniz. Və nəticələri çox da yaxşı olmur sizin üçün.

Bəli, Amerika qərar vericiləri belə səhvlərini başa düşürlər və hətta etiraf edirlər. Ancaq insanları məmnun edə bilirlərmi? Bir anlıq bir hadisə düşünün və o hadisədə dünyanın bəzi güclü ölkələri iştirak edir. Orada bir ölkə yoxdur - Amerika. Düşünürsünüz bu problem həll olunacaq? Xeyr. Amerika bir şəkildə çağırılacaq və bir çıxış yolu tapması istəniləcək. Bütün dünya istəkli və ya istəksiz olaraq, Amerikanı dünya gücü görür. Sonda Amerika istəksiz şəkildə bir qərar verəcək və bu qərar səhv nəticələnsə, o zaman günahkar kim olacaq? Amerika. Buna görə, yuxarıda bildirmişəm ki, siyasət bu qədər asan olmamalıdır.

Hər işdə Amerika var. Kimə görə, nəyə görə?

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...