Qadına bənzəyir bəzi şəhərlər
Müəllif yazıları | 15.03.2017 14:10
1561

Qadına bənzəyir bəzi şəhərlər

Elşən S. Məhərov

Qadına bənzər bəzi şəhərlər,

Kimisi sarışındır, kimisi əsmər.

Göy qurşağına bənzər bəzi şəhərlər

Ölüm yatağından qalxan rəssamın ölümsüz olmaq üçün çəkdiyi son əsərindən geriyə qalan quru fırça kimi bütün rəngləri üzərində cəmləyən. Mavidir bəzi şəhərlər, dənizlərin sahilində yerləşməsə də. Rəngini sarı saçlı bir gözəlin gözlərindən oğurlamış, bir cüt ayna kimi parlayar.

Nəğməkardır bəzi şəhərlər

Sabah günəşindən öncə oyanmış körpənin qığıltısıyla boylanar, pianino dillərinin üstündə dolaşan incə barmaqların çıxardığı səslə ən şux notlara bürünər, beşik başında zümzümə edən bir ananın nəfəsindən həyata yenidən doğar.

Dadlıdır bəzi şəhərlər

Ən ucqar köşəsində, sınıq-salxaq bir restoranda cibindəki son qəpik-quruşa yediyin boyat çörəyi belə dadlıdır ananın əlindən yediyin yeməkdən.

Şeirə bənzər bəzi şəhərlər

Ondan öncə heç kimin ağlına gəlməyən sözləri bir cümlə içində qovuşdurub, közərən küçə lampasının altında yırtıq salfetə haqqında dünyanın ən gözəl misraları yazılan. “Bu şəhər gözəldirsə, sənin varlığındandır” deyib, bəlkə də minlərlə dəfə eyni yollardan keçilən.

Doğmadır bəzi şəhərlər

Küçələrinə sevdiyimiz insanların adları verilməsə də, heykəlləri qoyulmasa da, ora aid ayaq izlərin olmasa da, yüz illərdir divarlarını sığallayan küləklər kimi hiss edərsən özünü. Uşaqlıq dostlarını, cavabsız sevgini, itirdiyin yaxınlarını və sanki keçmişinlə bağlı bütün xatirələri gözünü dörd açıb görə bilirsən.

Uşaq qəlblidir bəzi şəhərlər

Yeni topu ilə oynamaq üçün dostlarını səsləyən, bəlkə onların almağa imkanı yoxdur deyə dondurmasını bir nəfəsə gizlində yeyən, təzə paltarlarını sadəcə, "başqa yerə gedirik" deyib, geyən gözəl qəlbli uşaqlardandır, heç, amma heç yaşlanmayan.

Səmimidir bəzi şəhərlər

Bəzi şəhərlər vardır, dönüb ən yüksək yərindən ona baxmaq, allahın hüzurunda dayanıb, içini yandıran bir həsrətlə Miraca çıxmaqdır.

Bakı, sən hansı biri ola bildin?

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...