"Dərdi dünya olanın, dünya qədər dərdi olur..."
Müəllif yazıları | 22.03.2017 23:47
939

"Dərdi dünya olanın, dünya qədər dərdi olur..."

Qələndər Məmmədli

Bayram vaxtı qanınızı qaraltmaq istəmirəm, ancaq yenə də, səmimi və dürüst prinsiplərini kompasım olaraq müəyyən edib, bayramı da çox bayram dadında keçirmədiyinizdən, normal şəkildə söhbət edə biləcəyimizi düşünürəm. Füzuli deyir: "Danışsam, təsiri yoxdur, sussam, könül razı deyil". İndi könlümün razı olmadığında həmfikir olsam da, həm sizdən təvəqqem təsirinin olmasıdır, həm də ümid edirəm kİ, heç olmasa bir məsələnin istiqamətini şəkilləndirək...

Tarix nadiri yarıya qədər oxuyub və dediyimdən heç nə anlamamısızsa, onda biraz da yaxın əyləşin ki, fikirlərimiz də yaxın olsun. Əyri otursaq da, düz danışaq ki, tarix bizi yazanda, biz də yazımızlaq tarixdə qalaq. İnternet aləminin dərinliklərinə, dilək quyusuna qəpik atan uşaq misalı, bu yazımı da atıb, nəticəsinin və diləklərimizin gerçəkləşməsini ümid etməkdən başqa çarəm qalmayıb.

Azərbaycan bəlkə də dünyada özündən ən çox narazı olan adamların bir arada olduğu əraziyə sahibdir. Özündən razılıq və “cool” deyə adlandırılan o davranışların arxasında da, yekəxana üslubun mənbəyində də məhz bu özündən narazılıq durur. Bu xırda özündən narazılıqlar da birləşir və nəticədə NFC-Narazı Fərdlər Cəmiyyətini yaradır. Binaənəleyh, meydana gələn cəmiyyət içərisindəki alt sistemlər- fərdlər, beynin və yaradılışın əsası gərəyi özünü günahlandırmağa uzun müddət davam edə bilməz və bu insanın məhvinə səbəb olar deyə, başlayırlar cəmiyyəti günahlandırmağa, yəni aynadakı əkslərini. Özümüzdən Utanırıq, sonra cəmiyyətdən utanırıq, daha sonra isə başlayır gözümüz bayıra baxmağa. Yeni macəralar, yeni insanlar və yeni dünyalar üçün nə bahasına olsa da, qaçmağa hazır bir insan yetişir. Yeni həyəcanlar, yeni sevdalar və yeni xoşbəxtliklər daha cazibəli görünür. Xarici görünüşə aldanıb, çıxıb gedirlər və sonra əslində sevdiklərinin arxada buraxdıqları olduğunu dərk edəndə, artıq geriyə qayıtmaq çətin olur...

Tariximizdən utanırıq, çünki tariximiz haqqında bildiklərimiz olduqca çox manipulyasiya edilmiş fərqli rejimlər tərəfindən təhrifə uğramış və dezinformasiyalarla doludur. Ya lüzumsuz şişirmələr var, ya da unutdurulmuş həqiqətlər. Bizlər də çox oxumağı sevmədiyimizdəndir ki, araşdırmaq imkanı yaranmır və nəticədə özümüz özümüzə yad gəlirik. Ayna tuturlar bizə və deyirik ki: “əə, bu kimdir? Necə bədheybətdir?! Nəysə, mən biraz İtaliya, İspaniya, Kanada, Türkiyəni öyrənim.”

Tarix təbii ki, baxış bucağından analiz və var olan yaşanmışlıqlara tarixi don geyindirmədən yəni tarixçilərin yazdıqlarından ibarətdir. Cümlənin quruluşu bəzən zalımı məzlum, bəzən məzlumu zalım kimi göstərə bilir. Azərbaycan balaca ölkədir, bəlli bir çərçivədə bir birinin boğazından beşəlli yapışaraq yaşayıblar və sürüdən qabağa çıxanı da qurda təslim etməklə, məxsusi xudbinlik ilə soyumuzu və irqimizi qoruyub gətirmişik bu günlərə. Məhz bundandır ki, öyünəcək şeylərimiz az olduğundan, başqalarının təqdimatı daha maraqlı gəlir və onun cazibəsinə qapılırıq. Hərçənd burada inandırıcı hekayə yaratmaq və buna inandırmaq əsas ünsürdür ki, Mİrzə Fətəli Axundovun dediyi kimi, bizlər hekayələri dinləməyi və inanmağı sevirik. Bu səbəblə də, kim ən yaxşı hekayəni danışırsa, ona qaçıb, hərarətli şəkildə dinləyir, şərh veririk, əhkam kəsirik, fikirlər, konspirologiyalar, teoremlər havada uçur... Başqasının hekayətindən, hekayə qurmağa nə var?!

Ölkədəki intellektual görüntünün təməl səbəbi də elə bax  budur. Azərbaycan insanı müxtəlif təzyiqlər və fərqli faktorların təsiri ilə ölkə xaricinə çıxa bilmirlər. Bunun kompensasiyası isə ancaq o ölkələri dərinləməsinə bilməklə ödənə bilər. Yəni nə qədər çox bilsən, o qədər səyahət etmiş olursan. Bu ölkələrin yaşam standartlarının və tərzlərinin sadəcə gözəl tərəfinə baxırsan, onlardan güclü olan, başqalarını qəsb edən və gücünü dünyaya göstərən sənə görə həmişə haqlıdır. Bircə tərk edə bilmədiyin bu torpaqdır günahkar. Çıxıb getsən də arxanca gələcək olan o quru parçası... Bu sistemin mənim nəzdimdəki adı, Vizual İntellaktuallıqdır. Yəni Şəklən İntellekt Sahibi olmaq. Bu insanlara soruş, bütün paytaxtları saysınlar, bütün şəhərlərdən, filmlərdən, xarici bütün musiqilərdən, kitablardan ağız dolusu danışsınlar. Tutuquşu kimi, birbəbir sıralasınlar bütün adları. Gedə bilmədikləri bütün yerlərin əvəzini bu cür çıxsınlar. Fəqət, ümumbəşəri dəyərlərə dair deyə biləcəkləri bir fikir, ortaya qoyacaqları bir iddia, yenilikçi olan heç bir yanaşma mövcud deyil. Tutarsız, təzadlarla dolu fikirlər, kompleksli davranışlar və elədiyi səhvlərə haqq qazandıran bütün “intellektuallar” bu cür yetişir. Novruzun “Bahəm”i Lağlağı səbəbi olarkən, Rockfellerə baş sağlığı yollamaq kimi adətlər də bunun ən təmiz göstəricisidir. Rockfellerin Bayramımızdan daha çox gündəm təşkil elədiyini və hətta insanları boş buraxsan, saqqal saxlayıb, Üç -Yeddi- Qırx təşkil edib ehsan belə verə bilərlər. Halbuki, azca Azərbaycan dilini vərəqləsələr, Nitq Etiketləri kimi anlayışdan xəbərləri olardı.

Bütün bunların tək bircə dənə müalicəsi var, insanların əvvəl özləri ilə, sonra cəmiyyət ilə sonra insan xarakteri və genetikas ilə barışmaları lazımdır. Tarixinə nəzər salıb, səhvlərindən dərslər çıxarmalıdır. Öyrənməyə də ilk öz tarixindən başlayıb, tarixi də o günün şərtlərində ələ alaraq fikir irəli sürməlidir. Əks təqdirdə utana utana yerin dibinə gedir sonumuz.

Yoxsa bilirsizmi nə olur? “Dərdi dünya olanın, dünya qədər dərdi olur...”

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...