Dünya kristal deyil - Sındırmadan yaşayaq
Müəllif yazıları | 04.04.2017 23:26
617

Dünya kristal deyil - Sındırmadan yaşayaq

Qələndər Məmmədli

Sevdadan danışanda zənn etməyin ki, dünyanı  unutmağa başladıq.  Dünyada bu qədər həngamə və qırğın baş verərkən, dünya hər gün daha təhlükəli və yaşanmayacaq hal alarkən və insanların Marsa qaçmaq üçün bəhanələri ortaya atdığı günlərdə ikən rahat şəraitdə sevgilini də yanına alıb gedə bilməzsən onsuz da heç yerə. Qaçmaq da zəiflik əlamətidirmi? Yox ey, qaçmaq səhvini boynuna almaq əlaməti idi. Yəni ki, biz əlbir olub bir-birimizlə dünyanı viran qoyduq və günahkarıq indi də çıxıb gedirik. Tutduğun əlin yiyəsi durub baxmazmı üzünə? Utanmazsanmı bəs o baxarkən arxanda buraxdığın viranəlikdən?

Yenə romantikliyim üstümdədir. Söhbətin məğzinə gələnə kimi oxumadığım qəzəl qalmadı. Amma fikrimi çatdırmaq üçün sizinlə bir ortaq məxrəc də tapmalıyıq, ya yox?!

Sınacaq!

Son 15 ildir aparılan propaqandalar və holistik bir şəkildə  bütün kanallardan verilən mesajların hamısı insanı mərkəzə qoyub, bütləşdirmək məqsədi güdür. Bu da təbii olaraq, bəşəriyyətə büllur kimi davranmağa gətirib çıxarıb. Bunun nəticəsində insanların problemlər qarşısında dözümü və fikirlərə münasibəti daha həssas olub. Zehni mübarizə və zehni dirəniş demək olar ki, sıfırlanıb. Beynin sağ yarım kürəsinə çox ağırlıq düşüb.

Tolerantlıqdan danışarkən, yeni cərəyan təmsilçiləri tolerant olmayanları xaric edir öz sıralarından. Halbuki, tolerantlıqdan danışırıqsa, dözümlü olmayana da dözümlü yanaşa bilərik. Dünyaya bu cür davranmayın. Bəşər övladı dünyanı daha gözəl hala salacağını iddia edə-edə, onun sonunu da hazırlayır. “Niyyətiniz hara mənziliniz ora” deyiblər. Niyyətiniz o qədər müəmmalıdır ki, ortaya qoyduğunuz bütün ixtiralar, dünyanı daha irəliyə aparmır. Dünyaya artıq dəyər də verməyin. Üç qəpik deyib xor da görməyin. Dünyaya elə onun özünün layiq olduğu dəyəri versəydiniz, hamı öz yerində xoşbəxt yaşamağa çalışardı. Kristal deyil dünya, kristal kimi davransanız sınacaq!

Oyuncaq!

İndi gəlinən son məqamda elə bir hal yaranıb ki, insan övladını istədiyin kimi manipulyasiya eləmək mümkündür. Sadə bir statistikada istədiyini göstər, istəmədiyini kəsib çıxardaraq məlumatlar süniləşdirmək olar. İnformasiya axım mərkəzinə lupa ilə baxan insanlar, baxdıqları nöqtənin xaricindəki böyük dünyadan xəbərsiz kimi davranırlar. Əlbəttə, hamı hərşeyin fərqindədir, ancaq reallıq budur ki, heç kimə sərf eləmir həqiqətin gözünə sərrast nəzərlərlə baxmaq. Güclünün haqlı olduğu iddiası mütəşəkkil hal alıb. Sənin sözünü demək gücün olanda, humanizm səfsətəsi ilə əlindən aldılar səni sən edən dəyərləri. Qloballaşan dünyada, öz dəyərlərini qorumaq yerinə, sadəliyin göstərişliliyi uğruna satdız yavaş yavaş mənəviyyatı. Mentalitet deyə bir həbsxana yaratdınız ki, sizdən sonra gələn gəncləri öz zərbənizin altında saxlayasınız. Bütün yazılmış və yazılmamış qanunlar kimi.  Özünüzü qoydunuz artistliyə, başladız satmağa bizə, sonra da bizi.  Oyuncaq elədiz dünyanı da öz miskin əməllərivizin əlində.

Qalacaq!

Bu günün dünyasında, dünənin dünyasının qatilləri gəlib hansısa mənəvi dəyərləri aşılamaq istəyəndə bu necə gülünc görünür bir təxmin edin. Əlbəttə ki, dəyərlərin özü gözəldir. Var olan hər şeyin mərkəzində İNSAN durur. İnsan da var olan bütün canlıların ən təkmilidir. Şüur sahibidir. Eqo sahibidir. Özündən sonra dünyanın da yox olacağını, bəzən isə dünyanın sonunun (əksərən) onun yaşadığı dövrə düşəcəyini düşünür. Əlbəttə düşməlidir. Axı onsuz dünya nəyə lazımdır?

Humanizm fikrində səfsətə yoxdur, təbii. Ancaq sənin humanistin və mənim humanistim fikrində səfsətə var. Lap elə sənin terroristin və mənim terroristim fikrində olduğu kimi. Rusiyada olan hadisələrə baxanda, dünyada hər gün bir yerdə terror ola bilmə ehtimalı ilə oyanar olduq günə. Bu gün haranı viran qoyacaqlar? Bu gün harda məsum insanlar öləcək?

İnsan bu qədər sürətlə inkişaf etdikcə, sanki özünü yox eləmə şəkli də təkmilləşir. Təkmilləşən dünya, insanı da ölümünü  də təkmilləşdirir. Lap elə intiharları da. Yox burada yanılıram. İntihar bizdən mühafizəkardır.

İnsanı bu qədər məsum qəbul edib, bütləşdirməsəniz də, insanı günahkar deyib mühakimə etməsəniz də, insanı olduğu kimi qəbul etsəniz bax bütün problemlərin həll yolunu tapa bilərik. Sezen Aksunun zümzüməsi var qulaqlarımda: Məsum deyilik heç birimiz. Ancaq, günahkar da deyilik. İnsanıq. Qalanı təfərrüatdır. Qəlibdir. Uydurmadır. Cəfəngiyyatdır. Siz yox olub gedəcəksiniz, dünya isə daim qalacaq.

Dünyada bir də bilirsinizmi nə qalacaq? Sizin sizdən sonrakılara buraxdığınız miraslarınız, səmimi qəlbdən elədiyiniz yaxşılıqlar və mübarizələr. Ən əsası da, insanlıq qalacaq. Hər kim ki, insan öldürür, o bütün insanlığı öldürür. Dünya hələ bir 7 milyard daha qaldıra bilər.

İmkan verin yaşayaq! Gəlin, bir yerdə yaşayaq!

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...