Böyüyəndə kim olacaqsan? - “Terrorçu öldürəcəm, edamı bərpa edəcəm”
Müəllif yazıları | 05.04.2017 15:24
1469

Böyüyəndə kim olacaqsan? - “Terrorçu öldürəcəm, edamı bərpa edəcəm”

Nərgiz Nənə

Sadəcə, iki gün əvvəl...

Balaca, 11 yaşlı bir uşaq böyüyəndə kim olmaq istədiyindən, xəyallarından danışırdı:

“Böyüyəndə terrorçu öldürmək istəyirəm”.

O uşaq az qala hər gün məruz qaldığımız terrorların üzdə olan səbəbkarlarını vurmaq istədiyini deyirdi. Deyirdi ki, “kaş orda olaydım, silahım olaydı və onu öldürəydim...”

Ona bir insanı öldürməyin nə qədər yanlış olduğunu izah edəndə qayıtdı ki, “hətta bu qədər insanın canını əlindən alan terrorçu olsa belə?”

“Hə” dedim. "Terrorçu belə olsa. Çünki bütün işləri “planlı” şəkildə formalaşan dünyada onların hesabı məhkəmə salonlarında kəsilir. Sən küçədə, bayırda öz kefinə görə, "ədalət" deyib gəzə bilməzsən”.

İndi siz təsəvvür edin ki, o yaşda uşağa bunları izah etmək necə çətindir. İnsan hiss eləmədiyi bir şeyi özündən azca balaca birinə təlqin edir. Niyə? Çünki bu gedişat dəhşətə aparır hamımızı.

Bir uşaq düşünün, böyüyəndə kim olmaq istədiyini təsvir edəndə “öldürmək” sözündən istifadə edir. Hələ bu nədir ki? O, məhz özünə çox cazibədar görünən şiddətli mühitə qovuşmaq üçün böyüməyə can atırdı. Biz uşaq vaxtı gələcəkdə həkim, müəllim, lap astronomik desək, kosmonavt olmaq istəyirdik.

Böyüyəndə kimisə öldürmək, ona işgəncə vermək siyahımızda qətiyyən yox idi.

Dövr bu qədər tez dəyişdi, yəni? Yoxsa, biz şiddətli hadisələrin qanına bulaşdıq?

Uşaqdan soruşurlar ki, nəyin dəyişməyini istəyərdin? Cavab verir ki, “edamın bərpa olunması yaxşı olardı”.

Üstəgəl, bunu kiçik, məsum bir qızcığaz deyir. Bu, onun xəyallarını bəzəyən arzusudur.

Uşaqlar artıq zəhərlənib. Bir uşaq nə bilir hücum nədir, edam nədir, terror nədir? Bir uşağın gələcək xəyalları arasında niyə bu cür “bəzəklər” olmalıdır?

Siyasət adı altında yatan şoular uşaqların həyatını ovucuna alıb artıq. İndidən sonra onlar nəyi xəyal edəcək? Kimlərə ümid edəcəklər?

Onlar elm adamı olub, ixtiralar kəşf edə biləcəkmi?

Gülməli səslənir bilirəm.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov öldürüləndə yanındakı şahid nə demişdi, yadınızdadırmı?

Demişdi ki, “gözəl hadisələr baş verə bilirsə, pislər niyə olur? Bunu niyə edirlər? Sevgi və sülh içində yaşamaq yerinə niyə həyatı cəhənnəm deyilən o axmaq mücərrədliyə çevirirlər?”

O adamın 50-dən çox yaşı var. Amma uşaqlara nisbətən daha safdır. Məhz bu məsələdə...

Yazıq deyil uşaqlar?

Kimlərin haqqı var onların məsumiyyətini əllərindən almağa? O sualları uşaqlar verməli yerdə bizə konstitusiyaya edamın əlavəsindən danışırlar. Problemi görməyəcək qədər kor deyil heç kim.

Məruz qaldığımız şiddətlərin qarşısını bütövlükdə ala bilmirik yəqin. Amma heç olmasa kamera qarşısında əlbəyaxa çıxanların bir-birini şikəst etməyinə mane ola bilərik.

Uşaqlara yazıqdır, onlar da görür...

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...