Özünə yaxşı bax, balaca...
Müəllif yazıları | 06.04.2017 18:29
4030

Özünə yaxşı bax, balaca...

Nərgiz Əzizova

Qaç balaca, qaç...

Amma dabanlarını qanatma, yanma balaca...

Hirslənirsən. Əslində bu yaxşıdı, anlayırsan. Həkimlərin heç bir sözünün təsir etməyəcəyini hər dərman içəndə anlayırsan. Öyrəşirsən bunlara. “Əşşi” deyirsən. “Heç nə anlamırlar, necə diplom alıblar?” deyirsən. Amma yenə də dözə bilmirsən:

“Buram da ağrıyır. Baxın, buram da”.

Kiməsə əsəbiləşəndə gözlərini dəmirbənd edib bir nöqtəyə baxırsan, hirsini uzaqdan da olsa, görünən dənizdə boğursan, hətta o suyu udursan da. Amma nə badə... Hələ ölmək olmaz!

Sənin üzündə cinayətlər baş verir, kədərli hekayələrin arxivi kimisən. Hələ indidən qabar tutan əllərinlə ürəyini tutmusan ki, düşməsin...

Özünə də hirslənirsən balaca...

Mən məsələn, özümlə dalaşıram. Bu çirkinliyim o səbəbdəndir. Gözlərini sabitləyib “keç get” deyə bilmirsən. Qaçmaq lazımdı. Gedək. Gedək e, amma hara? Barışa bilmədiyim məni qoyub hara gedək? Ya da sən gəlmə. Pis sözlər deyək, söyək hamını. Özü də gizlincə yox e, hamının üzünə qarşı. Amma, balaca, bu da həll deyil.

Cəsədə dönürəm e... Elə baxma, balaca. Üzrlü say...

Özünü ələ al. Reallıqlar gəlib qarşımda oturur. Dikib gözlərini gözlərimə, baxışları kirpiklərimi yolur, bilirsən?

Bir dəfə rəngi solmuş pəncərə tapmışdım. Onu da üzümə bağlamışdılar. Özü də o əllər həmişə tanış olur. İçəridə bir dəfə nəfəs almaq üçün qalan oksigenin xəyalı ilə uzun müddət qarabasmalar getmədi gözümün qarşısından.

Balaca, iki ciyərimi əlimə zorla verib, sonra da alırdılar əlimdən kabusumda...

Ovucumlarım aldandı. Ona görədi indi başımdakı bu zəlzələlər, dizlərimdəki sarğılar. Heç olmasa bir dəfə saçlarımın ucundan tutmuş, ayaqlarıma qədər anlaşılmaq istəyirdim.

Bezdin hə? Gedirsən? Haqlısan...

Bilirəm, sənə bir çuxur da mən qazıram. Amma getmə, balaca. Mən təkbaşıma heç kim oluram. Mən sənsiz qala bilmirəm, balaca, qala bilmirəm...

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...