Bayramları, adətlərimizi lağa qoyun - Sadəcə "MƏN" deyin!
Müəllif yazıları | 23.04.2017 12:32
616

Bayramları, adətlərimizi lağa qoyun - Sadəcə "MƏN" deyin!

Qələndər Məmmədli

Fikrimin dağınıqlığı nə yazını yazdırır, nə başqa bir iş gördürür. Yazmasam, deyəsən, sakitlik tapmayacağıq, nə mən, nə də beynim.

Yazmağın və yazının imkanlarını bir lütf olaraq almışam əlimə və davam edirəm fikrimdəkiləri barmaqlarımdan süzməyə. Yola çıxmağa hazırsınızsa, səbriniz də çatırsa, sizdən sizə şikayət edəcəm.

Deməli, yoldaşlar, gördüyüm qədərilə uduzmusunuz. Hamınız uduzmusunuz. İtirə-itirə gəlirsiniz və bəhanəniz də odur ki, bu dünyada hamı itirir. Bəhanələri bir-birinə bağlasaq, burdan bizim kəndə qədər yol çəkmək olar, özü də ən asfaltlısından. Bəhanə də, bilirsiniz ki, məğlublar üçündür.

Hamımız, hamı olmaqdan çıxıb, hər birimiz olduğumuz gündən bəridir ki, bir-birimiz ilə yollaşmırıq və yolumuza bir bir davam edirik və birliklər də bir-bir dağılmağa başlayıb.

Mərkəziləşdirilmiş idarə etmələr bitsə də, insanın özünü mərkəziləşdirməsi davamlı olaraq, artan tendensiya olub, yuxarıya doğru kəskin düz xətt şəklində irəliləyir. Mənmərkəzlilik isə tənhalıq ilə düz mütənasib olduğundan, orada da bir artım meydana gəlir. İlkin deqredasiya, ruhdakı aşınmalar bundan başlayır. Tənhalıqdan xəbərsiz olan və onu görməzdən gələn insan, tək qalmağa üz tutanda həyatda bütün o qoruyub şişirdiyi və gözü kimi baxdığı mən duyğusuna bir çəntik atılır. Geriyə qayıdıb, nəyisə fərqli qurmaq da istəyir, cəhd də edir, ancaq artıq geridə qalanlar da qoyub getdiyi kimi deyil axı...

İşə başlayanda hamı, birinci işdən etibarən müdür olmaq istəyir. Halbuki, müdirlər (daydaysızlar) əsasən, bütün o altdakı işlərin necə getdiyini düşünə bildikləri və xəbərdar olduqları üçün müdirdirlər. Ancaq elə bir hal yaranır ki, sadəcə olaraq, gəlir də qazanmasan, ofis də olmasa, əsas odur ki, desinlər filankəs CEO-dur. (CEO anlayışının mətləbə dəxli olmadığı və CEO-nun ümumda nə olduğunu bilib bilmədikləri barədə babal da öz boyunlarında qalsın.)

Firmalarda da vəziyyət eynidir. Hansısa qiymət yüksək, hansısa ucuz olsa da, verilən fayda sadəcə, yuxarıda bəhs elədiyim “mənmərkəzli” toplumun prestij ehtiyacını qarşılayıb qarşılamamqda fərqlənir. Yaradılan dəyər, ortaya qoyulan fayda baxımından isə firmalar təəssüf ki, sinfi keçə bilmirlər. Müştərinin şikayətini dinləyən neçə firma var guya? Ölkədə firmaların qurulanda etməli olduqları yeganə şey bilinməni artırmaqdır. Dəyərlər kimin vecinədir? Bu ikisi qarşılıqlı təsirdə olan hal olduğundan nə müştəri, nə firmalar inkişaf etmir.

Etiraz edirsiniz. Deyirsiniz ki, axı monopoliyadır və firmalar özündən razıdırlar və mən bu yekəxanalığı görməzdən gəlirəm. Olsun. Onda belə bir sual vermək haqqım yaranır. Ayrı-ayrı fərdlər olaraq, edə biləcəklərinizin nə qədərini etmisiniz və ya nəyi etməyə cəhd göstərmisiniz? İllik yaratdığınız dəyərləri düşünün, əziz dostlar. Pislədiyiniz ölkədə, heç bir qarşılıq gözləmədən, bircə dənə şam yandırmısınızmı? Siz ortaya nə fayda qoyub, insanların işinə yarayan nə yaratmısınız ki, nəyi də tənqid edirsiniz? Bu ölkədə, bu qədər narazılıq içində mən daxil, hamınız günahkarsınız. Yıxılanı qaldırmaqdır yaraşan bizə, ya bir təpik də vurmaq?

"Google"da axtarış verəndə Azərbaycan dilində düzgün bir dənə mənbə gəlmir. Yaxşı ki, Türkiyə türkcəsi var, biz də yararlanırıq. Bəs bizdən sonra gələn insanlar üçün nə miras qoyacağıq? Çıxın gedin burdan! Səpələnin dünyanın dörd bir yanına, ordan da durun, ələ salın insanları!

Bayram günlərini, bayram təbrikini lağa qoyun. Adət-ənənəmizi istədiyiniz kimi şərh edin, tənə edin, kinayə edin, gülün. Saz-söz bilməsəniz də, görəndə ağız büzün, dəxilsiz rəy bildirib fikir yazın. Qısa yoldan zəngin olmağı düşünün, zehniniz, məniniz doymadan doldurun bütün ciblərinizi.

Sevgidə də, ailədə də, dostluqda da bu hal artıq şiddətlə artmağa başlayır. İnsanları olduğu kimi qəbul etməyi də düz başa düşmürsünüz, xaricdən aldığınız və nəzəriyyəsini gözəl bildiyiniz bütün dəyərlər ki, bunu da doğru tətbiq etmirsiniz.  Futbolda “qara iş” görən futbolçular var ki, oyun içində varlıqları və yoxluqları çox bilinmir. Bəzi insanların da həyatımızda yeri elədir. Yoxluqları onlar olmayanda anlaşılır. Ofisinizdə olub, iş görmədiyini zənn elədiyiniz, ancaq o gəlmədiyi gün aləmin bir-birinə dəydiyi insanlar kimi...

Sonra da şiddətli kimliksizlikdən əziyyət çəkərkən, xroniki tənhalıqla təqlid edin başqalarını. Bu əraf, qiyamətə qədərdir!

Mənbeləyəmgillər, mənibucürqəbuletgillər, mənimxarakterimbelədirgillər fəsilələrinin həyatınıza tətbiq elədiyi embarqolardan qurtulmaq, azad nəfəs almaq vaxtı deyilmi, əziz xalqım?

Mən! MƏN! Mən!

Axı, bu bizi öldürür...

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...