Fərqlilərə "üsyankar" damğası vurulur - Paradoksal fərqlilik
Müəllif yazıları | 10.05.2017 22:45
1255

Fərqlilərə "üsyankar" damğası vurulur - Paradoksal fərqlilik

Nərmin İsmayılova

Bəşəriyyət yarandığı gündən bu günə qədər gələn insanların mayasını ortaq bir nüans təşkil edir. Bu elə bir oxşarlıqdır ki, özündə həm zərurəti, həm də ziddiyyəti xarakterizə edir. İnsanlar toplum şəklində yaşamağa yönəlik yaradıldığı üçün uyğunlaşma instinkti hər birimizin şüuraltına təzahür edib. Bu o deməkdir ki, biz istəsək də, istəməsək də cəmiyyət, sosial düşüncələr, qınaqlar, kütləvi iradlar bizim baxış bucaqlarımıza birbaşa təsir edir.

Harvard universitetində aparılan psixoloji eksperiment bizə istinad olacaqdır. Belə ki, 5 irqi, cinsi və yaş həddi fərqli namizədlər eksperimentə cəlb olunur. Tapşırıq çox sadədir, göstərilən nümunə xəttin oxşarı və eynisi variantlarla verilir. Hər bir iştirakçı verilən nümunənin eynisi olan bəndi tapmalıdır. Test açıq şəkildə keçirilir. Belə ki, otaqda olan 10 nəfərdən 9-u xüsusi təlimatlandırılmış aktyorlardır. Yəni onlar birinci testlərdə düzgün cavab versələr də, gedişat irəlilədikcə bilərək səhv cavab səsləndirib, namizədimizin fikirlərinə qiyabi müdaxilə edəcəklər. Gedişatın nəticəsi elə təxmin edilən kimi də olur. Öncələrdə namizədlərimiz nə qədər də 9 nəfərdən fərqli fikir səsləndirməyə könüllü olsa da, sona yaxınlaşdıqca bu mübarizəni apara bilməyib mühitə uyğunlaşır və çoxluqla deyilən fikri təkrar edir. Bununla hər bir şagird, tələbə ən azı bir dəfə rastlaşıblar. Müəllim misalın cavabını soruşarkən hər kəs səhv cavab deyir və düzgün cavabı bilsə belə həmin tələbə uyğunlaşma instiktinə sadiq qalaraq, öz variantını səsləndirməkdən çəkinir. Və ya kollektiv şəklində gedən söhbətlərdə gülməli olmayan zarafatlara sırf hər kəs güldü deyə gülməyə davam etmək, dayanacaqda səkidən aşağıda hər kəs dayanıb deyə orada dayanmaq, yol keçən zaman  qaydasız da olsa topa şəklində keçirlər deyə tək görünməmək üçün onlara qoşulmaq...  Biz şüurumuzu işə salmadan dəfələrlə edilənləri təkrarlayırıq və sol beynimizin qüdrəti nəticəsində bunlara istinadlar da veririk. Fərqli olmaqdan qorxduğumuz qədər belə olmağa aludəyik. Bəs görəsən, bü günə qədər neçə min insan öz fərqli fikrini irəli atmaqdan çəkindiyi üçün o fikrin gətirə biləcəyi potensial uğurlardan məhrum olub ?

Psixologiyanın hər bir sahəsində olduğu kimi bu sahəsində də ziddiyyətlər özünə məxsusluğu ilə diqqətimizi çəkir. Nə qədər daxilimizdə uyğunlaşma instiki ilə yaşasaq da, bir o qədər fərqli olmaq istəyi bizdən əl çəkmir. Sinifdə digər tələbələrdən fərqlənmək, ailədə övladlar arasında fərqlənmək, xüsusi ehtiram və hörmətə layiq olmaq üçün "fərqlənmək məqsədi" əksər insanların daxili instinktlərindəndir. Hətta bu instinktin var olması bu günə qədər olan ixtiraların və kəşflərin tətikçisidir. Fərqli olmaq istəyinin çox olduğu bir varlıqda eyni zamanda fərqlilikdən qorxaraq uyğunlaşma instiktinin var olması insan psixologiyasının gedə biləcəyi üfüqlərin ağlasığmazlığını bizə nümayiş etdirir.

Tarixən gələn stereotiplər bizə fərqli olmaq hissinə qorxu aşılayır. Nəzər yetirərsək, görərik ki, ümumi qəbul edilənlərdən əks fikir səsləndirənlər çox zaman üsyançı adlandırılır və  çeviriliş siyasəti ilə damğalanıb. "Palaza bürün ellə sürün" məsəlimiz isə bizi ümumiyyətlə, nəinki fərqli hərəkət etməkdən, fərqli yanaşmaqdan belə çəkindirir. Belə olan təqdirdə fərqli düşünmək və bunu etmək xüsusi bir cəsarət tələb edir. Əsrlərlə DNA-mıza yazılmış uyğunluq instiktinin kodlarını ciddi cəhdlə sındırmaq olar. Fərqli düşünməkdən, düşündüyünü səsləndirməkdən çəkinən insanların sayı artdıqca, uyğunluq instiktinə sadiq qalmaq qaçınılmaz olur. Bu isə bir-birinə həm fikir, həm də həyat tərzi ilə oxşayan böyük bir topluma gətirib çıxarır. İnsanın əsl mənliyindən uzaqlaşaraq cəmiyyətin formalaşdırdığı mənliyə keçməsi fərqli insan tərifini bu dövr üçün yeniləyir. Fərqli insan özü kimi olmaqdan, öz düşüncələrinə və həyat tərzinə sadiq qalmaqdan qorxmayan insana deyilir

Fərqlilik nə qədər inqilabçı və paradoksal görünsə də hazırda sahib olduğumuz dünya fərqli düşünən insanların qatdığı yeniliklərdən ibarət olandır. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...