Qızlara xoş görünmək istəyib, tənha qalan - YAZIÇILARIMIZ
Müəllif yazıları | 16.05.2017 18:09
1700

Qızlara xoş görünmək istəyib, tənha qalan - YAZIÇILARIMIZ

Qələndər Məmmədli

Dostum Rukiyyənin dəvəti üzərinə, maraqlı bir ədəbiyyat gününə qatıldım. “Metamorfoz” adlı layihənin ilk görüşünün müzakirə mövzusunun müasir Azərbaycan ədəbiyyatı və yazıçılar haqqında olacağını öyrənəndə lap sevindim.  “Metamorfoz” Kafkanın məşhur əsərindən ortaya çıxan və zaman xətti üzərində insanın keçirdiyi məlum çevrilməni izah edərkən, Rukiyyənin planı isə daha nikbin şəkildə, insanı kamili yetişdirilməsinə zəmin hazırlamaqdır. Qonaq isə gənc və böyük potensiala sahib olduğunu elə tədbirdə də göstərən Ayxan Ayvaz idi.

Maraqlı fikirlərin, arqumentlərin fonunda, gənc yazıçının və potensialı olan gənclərin elədiyi müzakirələri ələ alanda həm belə həvəskar insanları görmək, həm də fikirləri duymaq xoş ovqat bağışladı. Bu yazını yazmağıma da təşviq yarandı ki, mən də bir fərd olaraq gördüyüm əskikləri dilə gətirim.

Yazıçılarımızın cəmiyyətə yanaşmasına baxanda, müəyyən mənada cəmiyyətin formasını düzgün şəkildə ələ almadıqlarını görürəm. Yəni ya özlərini yüksək mərtəbədə görürlər, ya da cəmiyyəti aşağıda. Nəticədə isə çanağından çıxıb çanağı bəyənməyən tısbağa münasibətinə məruz qalırlar. Bununla yanaşı, qeyri-səmimi pafos və əslində bağlı olmadıqları dəyərləri hansısa maraqdan ötrü müdafiə etmələri və əlbəttə, inanmadıqları döyüşdə irəli çıxmaları arxasından kütlələri gətirməyinə mane olur.

Bir digər amil isə bir kəsim “yazıçıların” yazıçılıq iddiasında olmaqlarındakı tələsgənlikləridir. Yəni bəlkə də, bu istedad onlarda var, ancaq əllərinə düşən pulla ilk dəqiqədəcə bir an belə düşünmədən başlayırlar kitab yazmağa. O kitaba verdiyiniz pulu hansısa kitabları alıb oxumağa sərf edib 1-2 il gözləsəniz, bəlkə də daha yüksək nəticə əldə edərsiniz. (Qeyd edim ki, bu xalq olaraq hamımızın problemidir.) Axı, hansısa qızdan aldığınız rədd cavabını oxumağa məcbur deyilik, elə deyilmi?

Tələsgənlik demişkən, onu da əlavə etmək istəyirəm ki, əsərlərdə yazılan cümlələrin texniki hissəsinə baxanda, yenə hadisəni adlandırmaqda biraz ütük davranırlar. Məsələn, adi bir “xaos” sözünü  yazmaq yerinə, orada elə ifadələr işlətmək lazımdır ki, oxuyan insan “xaos” söündən daha çox o anı yaşayıb, o hissi  duya bilsin. Yazarlarımız isə elə yerindəcə “xaos” deyir və məsələ bir növ havada qalır. Bunun əsas səbəbini də 2 amilə bağlamaq olar. Birincisi, yazıçıların söz bazasının zəif olması. Məhz bu ümumda yuxarıda da qeyd elədiyim ədəbiyyatı mənimsəmədən populyarlıq, qızlara xoş görünmə xətrinə bu yolu tutub, sənət icra etməkdənsə, sadəcə dost tanışı və bizi öyən insanların, alğışlarının fonunda keyfiyyətdən ziyadə kəmiyyətə üstünlük verməkdən qaynaqlanır. Bu dairəvi problem bir-birinin törəməsidir, biri digərini doğurur. İkinci faktor isə yaşanmışlıq və həyat təcrübəsində olan azlıqdır. Bu gün ortalama Azərbaycan gəncinin həyatındakı döngünün sayı bəllidir (məktəb, universitet, iş, ev, hansısa bir AVM və ya yemək, içki məkanı). Gedəcəyi məkanlar, obyektlər müəyyəndir. Şəxsinə çox yük düşmədiyindən və məsuliyyət alıb, qərar vermədiyinə görə gəldiyi son nəticədə özünü axtarış və tapmada yaşanan problemlərin doğurduğu andakı hisslərini ortaya qoymağa çalışır. Adətən, bu da bəsit qalır. Dolaylı olaraq, sənətə bir əlavə dəyər yaratmır, tarixdə qalmır.

Yazıçılarımızın təkbaşına qalıb özləri ilə nə qədər üzləşəcək cəsarəti var bilmirəm. Bəlkə elə buna görə də çoxu tənhalıqdan qorxurlar. Çünki tək qalanda özü ilə üzləşir adam. Buna isə insanın ruhu dayanmır, aşınır. Cəmiyyətdən təcrid olunmaq, tənhalığı gözə ala bilməkdir. Bunu isə eləyə bilmir adam.

Bu gün cəmiyyətin depressiyada olduğunu demişdi, Ayxan Ayvaz. Görəsən, bu depressiyanı olduğu kimi, bütün bayağılığı ilə bir rəssam misalı duyub, hiss edib təsvir edə biləcək bir yazıçı olacaqmı?

Mozartın  Rekvyeminə göstərdiyi qayğı ilə və ruhunun dərinliklərində bütünlükdə bu hissləri duyaraq... Bax elə buna görə hamı qorxur tənhalıqdan.

Siz nə qədər cəsursunuz? 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...