Görəsən, anamın qəbri hardadır? - Kirli paltarlar, qırıq oyuncaqlarla böyüyənlər...
Müəllif yazıları | 06.08.2017 00:06
913

Görəsən, anamın qəbri hardadır? - Kirli paltarlar, qırıq oyuncaqlarla böyüyənlər...

Nərgiz Nənə

Bayram günlərindən biri idi. Yenə öz vicdanlarını rahatlaşdırmaq üçün uşaqlarının heç olmasa gətirməzdən əvvəl yumadığı, yaxası kirli, ayağımıza böyük olan ayaqqabbılarını gətirdiyi xalalar və o lənətli günlərdən biri...

Hələ onların nəzir-niyaz verməsi... “Allah qəul eləsin denən, oğlum”. Yoxsa, qəbul olunmurmuş. Bəzilərimizin ayaqqabısı barmağımızı vurur, bəzilərimizin köynəyi az qala əynimizdən düşürdü. Nə isə... Otaqlarımıza gedən kimi bu geyimləri çıxarıb öz paltarlarımızı geyinirdik. Üzüqoyulu yatağıma uzandım həmin gün. Çox əziyyət çəkmədim, onsuz da ayağıma boş olan ayaqqabı tappıltı ilə yerə düşdü.

Uşaq evləri yüzlərlə uşağın göz yaşını silir, yüzlərlə uşağa qıraqdan baxıb “yaxşı ki, mənim divarlarım sizin üçün var” deyir...

Uşaq evi oranın daha çox bədiiləşdirilmiş adıdır, əslində. Ora bizim üçün sözün əsl mənasında yetimxanadır. Orada hamımızın hekayəsi olur. Anası ölənlər, atasının imkansızlığı və ya imkanının gətirdiyi qadınlara görə, övladını başından edənlər, bir qadının gənc yaşda təcavüzə məruz qalıb övlad sahibi olub, daha sonra onu yetimxanaya verib, fahişəliyə məcbur edilməsi...

Orada bəzi uşaqlar var ki, üzlərindən dəhşət yağır. Onlar heç vaxt ata-analarını görməyənlərdir. Valideyn qoxusu başqa olur, bilirsiniz bunu? İnsan onlara baxmağa utanır. Çünki nə aşpazların, nə baxıcıların, nə də müəllimlərin “qızım, oğlum” sözləri, nəvazişi, əli ilə bir dəfə o uşaqların saçını oxşaması valideyn həsrətinin yerini vermir.

Orada böyüyən uşaqlar səfalət, xəstəlik, çarəsizlik nədir, çox gözəl bilirlər. Yüzlərlə uşaq orada zəng səsinə oyanıb, zəng səsi ilə yemək yeyəndə, yüzlərlə uşaq da anasının “canım mənim, oyan, məktəbə gecikirsən” sözləri ilə yuxudan ayılır. Hələ buna bir mız da qoyur.

Adama nə təsir edir bilirsiniz? Anan, atan bilinməzə gedib artıq. Yoxdurlar. Ümid edə bilmirsən, dua edəndə dilin dolaşır. Ürəyindən dilinə qədər gəlib çatan gələn “anam” sözü səni yuxudan amansızca oyadır. Qəbirlərinin harada olduğunu bilmirsən, məsələn. Heç olmasa orada nəfəslərini hiss edəsən...

Biz orada oyun nədir bilmirik. Digər uşaqların oynadıqları oyunları təkrar edirdik. Yetimxanada xadimələr bizi sevmirdi. Dayanmadan döyürdülər, mətbəxdən götürdüyümüz almalara görə. Bütün gecəni anbarda, o qaranlıq, qorxulu, hər tərəfindən qəribə səslər gələn yerdə keçirməli olurduq. Amma sarılırdıq bir-birimizə. Səhəri gün anbara işıq düşəndə dünyada bizdən xoşbəxti olmazdı...

Sizə bir şey deyim? Biz orda dolmanın nə olduğunu bilmirdik. Bu yeməyi 18 yaşımızda mədəni formada oradan qovulanda yemişdik, ilk dəfə.

Orada böyüyənlər əslində heç vaxt tək olmurlar. Amma mənəvi boşluğumuzu doldurmaq üçün doğulanda bizi qucağına alıb, heç olmasa qoxumuzu bir dəfə içinə çəkən o qadın – ana olmalıdır. Və o mənzərəni seyr edən varlıq – ata. Ona görə boşluqlarımız çoxdur bizim. Tək və çox.

Mən yetimxanada böyüdüm. Çox şey üçün darıxaraq və çox şeyə uzaqdan baxaraq... Biz nə olsaq da, kim olsaq da, qəlbimiz hər zaman yetimxana uşağıdır.

Nərgiz Nənə

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...