"Qorxma mən Azərbaycan ordusunun zabitiyəm"
Müəllif yazıları | 06.01.2018 20:59
4556

"Qorxma mən Azərbaycan ordusunun zabitiyəm"

Elşən S. Məhərov

Dəri kreslosunun arxasına söykənib əllərini var gücü ilə qarşısındaki masaya çırpdı. Səsinin yoğun yerinə salmışdı gənc kapitan. Öz gözündə bir dağ kimi görünürdü bəlkə, bəlkə də ovunun üstünə şığıyan bir qartala bənzədirdi özünü.

Qoltuğundakı əsadan bərk-bərk yapışmış, oturmağa belə icazə verilməyən adam kapitanın sonuncu cümləsi ilə dərin bir yuxudan ayılmışdı sanki.

“Bilirsən nə var invalid, bas bayıra.

Özün də get hara istəyirsən şikayət elə!”

Uzun zamandır ağrısını hiss eləmədiyi qəlpənin sızıltısı ilə dünya gözlərində qaraldı. Ovuclarının arasına aldı başını, beyninin içində bir şeylər ilan zəhərindən iflic olmuş siçan kimi qıvrılırdı. O ana kimi yanında partlamış snaryad qəlpəsindən bir ayağını itirmişdisə, bu cümlə ilə bütün bədəni deşik-deşik olmuşdu. O gecəki fevral soyuğunun üşütməsi keçdi canından, avqust günəşinə isinə bilmədi zəif düşmüş bədəni.

Boğulurdu, nəfəs aldıqca yanında can verən, yaralanmış silah yoldaşlarının ağır-ağır aldığı xırıltılı nəfəslərini xatırladı.

Bütün dünya bir uğultuyla dolmuşdu sanki.

Qırmızısifət zabitin damağındaki siqaret tüstüsü burula-burula havaya qalxdıqca Şuşaya aparan yollar canlandı gözündə.

Mühasirəyə düşdükləri gecə təslim olmayacaqlarına söz vermişdilər; yerə, göyə, torpağa tərəf üz tutaraq. O gecə verdikləri sözü heç biri tuta bilmədi, səngərlərinə düşən snaryad ətrafındakıları tikə-parça etmişdi.

Təkcə O sağ qalmışdı.

Gözlərini açdığı zaman başının üstündə bir neçə ağ xalatlı və hərbi geyimli adamlar dayanmışdı. Yaddaşındakı şəkillər yandırılmış, film lentləri tikə-tikə qayçılanmışdı sanki. Bəyaz qarın üstündə axan al qırmızı qanlar idi özünü xatırladığı son səhnə. Gözlərini təkrar yumdu.

Baş çatladan üfunət iyinin təsiri ilə oyananda gecə idi. Uzandığı yerin hara olmasını anlamağa, asta-asta tərpədə bildiyi barmaq ucları ilə yan-yörəsini tanımağa çalışırdı. Var gücünü topladı dibinə uzandığı divardan tuta-tuta belini düzəltdi. Divarın o biri dibində kimsə vardı, bacardıqca sakit nəfəs almağa çalışan.

Titrəyirdi nəfəsi...

Gecənin ayazında, qırılmış çatıdan süzülüb gələn bir işıqda parlayan gözlərini gördü uşağın.

“Ana, deyəsən o, yaralıdır”, dedi uşaq.

“Susssss, qurban olum, sus” deyib, oğlunu özünə tərəf çəkməyə çalışsa da, addım-addım ona gəldiyini hiss etdi uşağın.

“Qorxma” dedi, “qorxma mən Azərbaycan ordusunun zabitiyəm, qorxmayın...”

“Ana, O yaralıdır, yarasından da qan axır” deyə vahiməli bir səslə dilləndi uşaq.

Qadın soyuqdan donmamaq üçün büründüyü şalı çıxarıb onun yarasını sarıdı. Sonralar ayağının amputasiyası ilə nəticələnsə də, bu sarğı sadəcə yarasını yox onu həyata bağlayan möhkəm bir bağ olduğunu demişdi həkimlər.  Yaralı olduğu üçün ona artıq verilən bir dilim çörəyi yanındakı uşaqla paylaşırdı. Axı o sağ qalmalı idi, axı o, uğruna canlar verilən vətənin gələcəyi olmalı idi.  

Sonralar Şuşadakı əsir düşərgələrində saxlandıqlarını öyrənmişdilər, öyrənə bilmədiyi o donuz tövləsində neçə gün keçirdikləri idi. Bir səhər döyüşlərdə öldürülmüş düşmən əsgəri ilə dəyişdiriləcəkləri xəbərini alan gündən sonra başlamışdı ikinci həyatları. Ayaqları don vurmuş qadın və artıq zindan yoldaşı olmuş uşaq ilə bərbər götürüldükləri Ağdam sərhəddində ölkə rəsmilərinə təhvil verilmişdilər. Sərhəddi keçdikləri zaman bir jurnalistin o anın fotosunu çəkdiyi və sonralar “Keçmişlə Gələcəyin Dəyişdirilməsi” başlığı ilə yazdığı məqalənin qara bir çərçivə içində divardan asıldığını gördü.

Döş cibində gəzdirdiyi Mayor paqonlarını səssizcə masanın üzərinə qoyub otaqdan çıxdı.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...