Ən məşhur filmimizin ssenarisi oğurluq çıxdı - ƏSƏRİ OĞURLANAN YAZIÇININ YAXINLARI DANIŞDI
Mədəniyyət | 08.09.2017 13:11
141

Ən məşhur filmimizin ssenarisi oğurluq çıxdı - ƏSƏRİ OĞURLANAN YAZIÇININ YAXINLARI DANIŞDI

“Şərikli çörək” filmini sevməyən azərbaycanlı demək olar ki, yoxdu. İkinci Dünya Müharibəsindən sonrakı ağır illəri, çətin yaşayış səviyyəsini özündə əks etdirən bu filmdə uşaqların çətin, ağrı-acılı həyatından danışılır. Rejissoru Şamil Mahmudbəyov, ssenari müəllifi Alla Axundova olan “Şərikli çörək” ilk dəfə 1969-cu ildə ekranlara çıxıb. Filmdə aclıq və səfalət içində yaşayan uşaqların bir-birinə olan münasibəti doğurdan da insanın ürəyinə toxunur. Əsas qəhrəman Vaqifin (Kamran Rəcəbli) ac olduğu halda çörəyini digər uşaqlarla bölüşməsi də həddindən ziyadə ibrətamizdir. Bu məqam ən çətin zamanlarda belə insan mənliyinin, mərhəmətinin var olduğunu sübut edir. Müharibənin əsas qəhrəmanları bəlkə də bu balacalar olub. Atasının yolunu gözləyən bu fidanlar uşaqlığın daşını elə uşaq yaşlarında atıblar. Məktəbə getməli olan uşaqların, ağır zəhmətlərə qatlaşaraq çörəkpulu qazanmağın yollarını axtarması çox üzücüdür.

Bu günlərdə sözügedən filmin ssenarisinin plagiat olduğuna dair bir sıra iddialar ortaya atılıb. Həmin filmin ssenarisinin əslində uşaq ədəbiyyatına xüsusi töhfələr verən, bir sıra maraqlı əsərlərilə yadda qalan Bayram Həsənova aid olduğu deyilir. Filmdə ekranlaşdırılan bir çox səhnələrin Bayram Həsənovun “Çörək” povestindən götürüldüyü iddia olunur.

Sosial şəbəkələrdə Cavid Ztrang ləqəbli şəxs bu barədə paylaşım edib.

Paylaşım üzərindən yola çıxaraq Bayram Həsənovun qızı Olya Həsənova ilə əlaqə saxladıq. O, Publika.az-a atasının müəllif hüquqlarının pozulduğunu, heç bir xəbərdarlıq edilmədən, icazə alınmadan atasının əsərindən istifadə edildiyini deyib:

“Atamın “Çörək” povesti var. Həmin o filmdə istifadə edilən səhnələr bu əsərdən götürülüb. Atam əsəri yazıb Yazıçılar İttifaqına təqdim etmişdi. Təəssüf ki, povest gec çapa verilib. “Yadigar” adlı kitabda, 1986-cı ildə “Yazıçı” nəşriyyatında çap olunub. Kitabın tərtibatçısı da özüməm, lakin burda adımı yanlışlıqla Ofelya yazıblar. Şikayət edəndə dedilər ki, içərisinə düzəliş ediləcək, amma eləcə qaldı. Kitabda “İlk görüş”, “İlk görüşün yadigarı”, “Çörək”, “Bir qonşu var”, “Yaylaq” kimi çox gözəl əsərlər var. Atam 52 yaşında çox ağır xətələndi və 54 yaşında vəfat etdi. Ömrü vəfa etsəydi, “Yaylaq” əsərinin ikinci hissəsini də yazacaqdı. Bu əsərdə Qərbi Azərbaycanın bütün gözəllikləri, şəfalı suyu, havası, meyvələri, təbiəti elə canlı təsvir edilib ki, oxuduqca sanki yenidən o yerlərə qayıdırsan. “Çörək” povesti isə müharibə dövründə bir gəncin həyatından bəhs edir. Bunu ilk dəfə mənə İsmayıl Vəliyev demişdi. Bizə zəng elədi ki, bəs Bayramın “Çörək” povestinin ekranlaşdırılmış variantını televizorda göstərirlər. O vaxt sözün düzü, üstünə düşmədik, çünki atamın əsəri harda istifadə olunurdusa, çap edilirdisə, bizə qonorar göndərirdilər. Rəhmətlik anam o qonorarı uşaq evlərinə köçürürdü. Mən başa düşmürəm ki, bir insanın zəhmətini bu qədər yerə vurmaq nə dərəcədə doğrudur.

Bundan başqa, atamın “Naftalan” adlı nağılı var. Bu nağılı mən əzbərdən bilirəm, inanın. O dəfə əmim deyir ki, orta məktəb dərsliyində bu əsəri də başqa müəllifin imzası ilə çap ediblər. Çox istəyərəm ki, onun əsərlərinə hörmətlə yanaşılsın”.

Bayram Həsənovun qardaşı, Texnika elmləri üzrə fəlsəfə doktoru Zöhrab Həsənov isə bildirib ki, qardaşının bundan başqa da bir neçə əsərinin müəlliflik hüquqları qorunmayıb:

“Qardaşımın ilk qələm təcrübəsi “Su satan oğlan” adlı dram əsəri olub. Bayram hələ cavan oğlan idi, Abdulla Şaiq onun yazılarını qiymətləndirirdi. İstiqamət verirdi. O, heç vaxt əsərlərini qaralamaya yazıb ağlamaya köçürməzdi. Abdulla Şaiq deyərdi ki, hər yazıçının özünə xas yazı, düşüncə şəkili var. Səndə isə bunların hamısı var. Səməd Vurğun da heç vaxt qaralama etməzdi. Birbaşa düşünərdi, yazını ağlında qərarlaşdırardı sonra sətirlərə tökərdi. Lakin elə o vaxtdan Bayrama deyirdilər ki, dövlət bəzi əsərləri çap etdirməyəcək. Bayram hər kəsi müdafiə edərdi. İstər yazılarında, istər həyatda çox cəsarətli adam olub. İsmayıl Şıxlı, Qara Namazov, mən onun ən yaxın dostları idik.

Onun bir çox əsərləri, nağılları orta məktəb dərsliklərində başqa müəlliflərin adı altında çap edilib. Bayram həmişə deyirdi ki, redaksiyaya qalaq-qalaq əsər gətirirdilər ki, tez bunu çapa ver. Oxuyurduq, sona çatanda görürdük ki, bu əsər xarici ədəbiyyatdan tərcümə olunub. Obrazların adın dəyişirlər, mühiti dəyişirlər, illəri dəyişirlər, vəssalam. Adını qoyurlar ki, əsər yazdıq. İndi də Bayramın əsərlərini belə dəyişiblər. Sonlarına bir balaca dəyişiklik edib, öz adlarına yazıblar. Bunların içində ən böyük oğurluq isə “Şərikli çörək” filmi ilə bağlıdır. Eynən “Çörək” povestinə oxşayır. Mən neçə illərdir elm sahəsindəyəm. İnanın ki, başqasına aid bir cümlədən belə istifadə edəndə, dərhal mənbəni qeyd edirəm. İndi Bayramın yaradıcılığına qarşı bu münasibət mənə çox pis təsir edir”.

Z.Həsənov deyir ki, “Şərikli çörək” filmi çox gözəl ekran əsəridir. Amma ssenarisinin aid olduğu “Çörək” povesti daha da gözəldir:

Bayramın “Çörək” povestində hadisələr müharibə dövründəki gənclərin həyatından bəhs edir. Povestdə hadisələr Sabir adına texnikomda cərəyan edir. Müharibə illərində ailələrindən uzaqda təhsil almaq üçün şəhərə gələn Adil, İlqar, Natiq adlı gənclərdən danışılır. Qərbi Azərbaycanın Göyçə mahalından, Laçından, Kürdəmirdən olan gənclər tələbə yataqxanasında qalırlar. Adilin atası müharibədə olur. Orda təsvir edilir ki, yataqxanaya nəzarət edən qapıçı Aslan dayının oğlu da müharibədə olduğu üçün o uşaqlara əlindən gəldiyi qədər köməklik edir. O vaxt yemək ehtiyatı olmur, camaat bir qarın ac, bir qarın tox yaşayır. Çörək almaq üçün tələbələrə talon verirdilər. Yeməkxanada ancaq şorba verilirdi deyə, uşaqlar talonla çörək alırdılar. Əsərdə Adilin talonu itirdiyi qeyd olunub. Amma tapması yazılmayıb. Sonra qeyd olunur ki, evləri yaxın olan uşaqlar tətil vaxtı ailələrinin yanına gedib-gəlirlər, amma Adilin ailəsi uzaqda olduğu üçün gedə bilmir. Adil güc-bəla pul tapıb vaqonla ailəsinin yanına getməyə nail olur. Filmdə də diqqət etsəniz, müəyyən dəyişikliklərlə bu səhnələr var. Obrazın adı Vaqif olur. Atası müharibədə olur. Anası yanında olmur, evdə tək yaşayır. Yemək-içməkləri olmur. Bazarda su satır, pul qazanır, birtəhər özün dolandırır. Çörək talonun itirir. Əsərdə Adil vaqonla evlərinə gedir, filmdə Vaqif qırçı Əhmədin yanına. Sonra əsərdə qapıçı Aslan dayını filmdə İsmayəl baba əvəz edir. Oğlu müharibədə öldüyü üçün Vaqifə qol-qanad olmağa çalışır və s.”

Z.Həsənov sonda onu da qeyd etdi ki, ciddi araşdırmalar aparılsa, bu cür məqamlara çox rast gəlmək olar:

“Vallah, belə şeylərə yol vermək olmaz. Siz əsərin özünü oxusanız, hər şeyi aydın şəkildə görəcəksiniz”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...