General olmaq istəyirdi, milyonçu oldu - Dünyanın hər yerində obyektləri olan adam - FOTOLAR
İqtisadiyyat | 06.01.2017 16:36
356

General olmaq istəyirdi, milyonçu oldu - Dünyanın hər yerində obyektləri olan adam - FOTOLAR

O, 2016-cı ildə Çinin ən varlı vətəndaşı olub. “Forbes”in qiymətləndirməsinə görə, 400 nəfərlik iş adamının siyahısına rəhbərlik edən bu şəxsin sərvətinin həcmi isə 33 milyard dollardır. Və o əmlak kralıdır. Söhbət Van Szyanlindən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində iş adamının həyat hekayəsini təqdim edir.

General olmaq istəyir

Van Szyanlin 1954-cü ildə Sıçuan əyalətinin Quanyuan şəhərində anadan olub. Atası - Mao Szyanlin hərbiçi idi. 1934-35-ci illərdə Xalq Qurtuluş Ordusunda döyüşürmüş. Orduda xidmətdən sonra atası Sıçuanda məmur kimi işləməyə başlayır. Daha sonra Tibet hökumətində sədr müavini vəzifəsini icra edir. Bu zaman sahib olduğu nüfuzdan istifadə edib oğlunu da hərbiyə düzəldir. Van Szyanlin özü bu haqda belə danışır:

“Hərbiçi ailəsində dünyaya gəlmişdim. Buna görə də əsgər olmağı qərara aldım. Lakin 15 yaşım olduğu üçün məni Xalq Qurtuluş Ordusuna qəbul etmirdilər. Buna görə də əlaqələrdən istifadə etmək məcburiyyətində qaldıq. Çox çətin idi. Gənc döyüşçüləri qış sahələrinə göndərirdilər. İki ay ərzində biz 1.2 min kilometr məsafə qət etdik. Sonra məni SSRİ ilə sərhədə göndərdilər. Yeganə əyləncəmiz həftədə bir dəfə nümayiş etdirilən film seansı idi. Onun da mövzusu müharibə, döyüş hazırlıqları idi”.

Qətiyyətli xarakterə sahib olan Van Szyanlin fiziki hazırlığa yaxşı deyildi. Bununla belə bəzən yemək üçün dalaşmaq məcburiyyətində qaldığını nəql edir:

“Çətinlikləri dəf etməyimə mənə inqilaba və kommunizmə olan inamım kömək etdi”.

17 yaşı olanda gələcəyin iş adamını hərbi təhsil almağa göndərirlər. Van həyatının 17 ilini hərbiyə həsr edərək batalyon komandiri statusuna qədər yüksəlir:

“İlk vaxtlar general olmaq istəyirdim. Hərbi karyeramın parlaq olacağına dair kimsədə şübhə yox idi. Lakin 1986-cı ildə gözlənilmədən məni ordudan təxris etdilər. Bir il sonra Mərkəzi Hərbi Komissiya hərbiçilərin sayının 1 milyon nəfərə qədər azaldılmasına qərar verdi. Ölkədə hərbi müddət başa çatdı. “Hər an müharibəyə hazır olun” şüarı “Hər şey iqtisadiyyat” üçün şüarı ilə əvəzləndi. Mən də nəbzi tutanlardan oldum”.

Hərbidən tikintiyə

Van Szyanlin 1988-ci ildə dövlət tikinti şirkəti “Xigang Development Company”nin rəhəbəri vəzifəsinə gətirilir. Bunun da öz hekayəsi var. Belə ki, həmin vaxt şirkət iflas ərəfəsində idi. Müəssisənin 6 milyon yuana yaxın borcu vardı:

“Bu vəzifəyə təyin ediləndə şərt kəsdim ki, şirkəti iflasdan qurtaran onun sahibi olacaq. Hökumət sözünü tutdu”.

Van Szyanlin şirkəti xilas etmək üçün Amerikadakı əlaqələrindən istifadə edib 80 min dollar kredit cəlb edir. Eyni zamanda müəssisənin adını dəyişərək “Wanda Group” adlandırır və elit yaşayış binaları, ofislər inşa etməyə başlayır. Hansı ki, otaqların içərisində tualetə qədər hər bir şərait olur:

“Rəqiblərimiz layihənin rentabelli olacağına şübhə ilə yanaşırdılar. İnsanlar həmişə yenilikdən daşır, lakin əmələ gələndə bunu etmirlər. “Wanda Group” dövr üçün standart olmayan evlərin tikintisini aparırdı. Bu evlər Çində ən bahalı yaşayış binaları idi”.

1992-ci ildə “Wanda Group” Çinin ilk səhmdar şirkəti, Van Szyanlin isə əsas səhmdarı olur. Həmin il Çin hökməti gözlənilmədən tikinti şirkətlərinə kredit verməyi qadağan edir:

“1992-ci ildə kredit götürmək istəyirdim. Bir banka 50 dəfə gedib-gəldim. 10 gün yata bilmədim, şizofreniyanın bir addımlığında idim”.

Kommersiya obyektlərinin tikintisi və hotel biznesi

2000-ci ildə “Wanda Group” fəaliyyət istiqamətini dəyişir və kommersiya obyektlərinin tikintisi sferasına yönəlir. Həmin ildə ilk ticarət mərkəzini - “Wanda Plaza”nı inşa etdirir. Kompelskdə dünya brendlərinin geyimlərinin satış dükanları, restoranlar, kinoteatr, kareoke-bar və sair əyləncə obyektləri fəaliyyət göstərirdi. Artıq 2015-ci ilin sonunda ölkənin müxtəlif yerlərində 133 “Wanda Plaza” fəaliyyət göstərirdi.

“Wanda Group” eyni zamanda dünyanın ən böyük hotel biznesinə sahiblənir. 2015-ci ilin sonuna şirkətin təkcə Çində 84 premium-klass səviyyəsində hoteli fəaliyyət göstərir. Bundan əlavə “Wanda Group” Sidney, London, Çikaqo, Los-Anceles, Qold-Kostedə hotel tikintisi aparır. 2018-ci ilə qədər şirkət dünyada 150-dən çox hotelinin açlışını reallaşdırmaq niyyətindədir.

Turizm sektoru

2009-cu ildə “Wanda Group” turizm biznesini araşdırmağa başlayır. 2012-ci ildə şirkət özünün ilk “Changbaishan International Resort” turistik layihəsini gerçəkləşdirir. Bu layihə xizək kurort zonasını nəzərdə tutur. Daha sonra şirkət “Wuhan Central Culture District i Xishuangbanna International Resort” kompleksinin açılışını edir. Daha yeddi kompleskin isə açılışına hazırlaşır.

İş adamının sözlərinə görə, iqtisadiyyatın artım tempinin zəifləməsinə rəğmən milli turizm sürətlə inkişaf edir və gəlir gətirir. Onun sözlərinə görə, gələcəkdə turizm sektoru 1,5 trilyon dollar dövriyyəsi ilə iqtisadiyyatın artım tempində rol oynayacaq.

Onu da bildirək ki, 2016-cı ilin may ayında “Wanda Group” özünün ilk əyləcə parkının - “Wanda City”nin açılışını edir. Bir ay sonra isə “Walt Disney” Şanxayda Disneylənd açır. Van Szyanlin əmindir ki, Wanda bu sahədəki amerikalı rəqibinə qalib gələcək. Vanın fikrincə, Mikki Maus və Donald Dakın erası bitib.

Çinsayağı Hollivud

2010-cu ildən Van mədəniyyət sahəsindəki layihələrə diqqət etməyə başlayır. 2012-ci ildə “Wanda Group” Amerikanın böyük kinoteatr şəbəkəsi olan AMC Entertainment i əldə edir. Müqavilə imzalanan zaman “Wanda Group” Çində 86 kinoteatra sahib idi. Lakin Van şirkəti əldə etdikdən sonra onu dünyada ən böyük şəbəkəyə çevirir. Səbəb isə kinoteatrların təkmilləşdirilməsi olur. Əvvəlcə oturacaqlar dəyişdirilir. Sonra kinoteatrda bar, restoran açılır. Hətta seyrçilərə film zalına yemək sifariş vermək kimi lüks şərait yaradılır. Bu da müştərilərin sayının 2 dəfə artmasına gətirib çıxarır.

Van Szyanlinin kinostudiya və kinoteatrlara malik şirkətləri satın almaq həvəsı bununla bitmir. 2016-cı ilin yanvarında “Wanda Group” “Legendary Entertainment”I 3.5 milyard dollara satın alır:

“Mənim məqsədim Hollivud şirkətlərindən birini almaqdır. Onların texnologiyasını və imkanlarını Çində istifadə etmək istəyirəm”.

2016-cı ilin iyul ayında AMC Entertainment Avropanın “Odeon & UCI Cinemas Group”, ABŞ-ın “Carmike Cinemas” kinoteatr şəbəkələrini satın alır. İş adamının sözlərinə inansaq, hazırda “Wanda Group” qlobal kassaların 15% faizini əhatə edir. 2020-ci ildə bu rəqmin 20%-ə yüksəldilməsi nəzərdə tutulur.

İdman sahəsinə yatırımlar

1994-2000-c illərdə “Wanda Group” “Dalyan Vanda” futbol klubunun sponsoru olur. Lakin komandadan razı qalmır. Bundan sonra uzun müddət idmandan kənarda dayanır. 2010-cu ildə şirkət Çində keçirilən futbol yarışlarına baş sponsorluğu qəbul edir:

“Furbola həvəsim var. Heç olmasa, 3 çinli futbolçu güclü komandada oynayarsa, bilərəm ki, şirkət pulunu havayı yerə xərcləmir”.

Nəzərə çatdıraq ki, 2015-ci ilin yanvarında “Wanda Group” ispan futbol klubu “Atletiko Madrid”in səhmlərinin 20 faizini 45 milyon avroya satın aldığını açıqlayır. Fevralda isə “Infront Sports & Media”nı satın alır. Hansı ki, şirkət 2015-2020-ci illər FIFA yarışlarının, eləcə də 2018 -2022-ci illər üzrə dünya futbol çempionatının eksklüziv yayımını aparacaq.

Şəxsi həyatı

Van Szyanlinin evlidir. Milyarderin şəxsi həyatı 27 yaşlı oğlu Van Sikonqun qeyri-ciddi xərcləmələri, bəyanatları ilə məşhurdur. Əvvəla Van Sikonq “Wanda Group”un direktorlar şurasının üzvüdür. O eləcə də “Prometheus Capital” fondunun rəhbəridir. O ki qaldı qeyri-ciddi xərcləmələrə, Van Sikonq 27-ci doğum günündə Sanıyanın bütün sahilini icarəyə götürərək Koreyanın pop-qrupu T-ara-nı ora dəvət edib. Bundan əlavə 2015-ci ilin fevralında o, qızlarda daha çox böyük sinəyə üstünlük verdiyini söylədi. Elə həmin ilin mayında Van Sikonq hər kəsi təəcübləndirən daha bir addıma imza atdı. Özünün itinə “Apple Watch”un ən bahalı 2 saatını taxaraq “İndi mənim yeni saatım var. Düzdür. Pəncələrimin sayı 4-dür. Onların hamısına saat taxsam çox olar. Bəs sizin belə saatınız var?” sözlərini itinin şəkli ilə sosial şəbəkələrdə paylaşmışdı. 2016-cı ilin martında isə o bir gecəyə 385 min dollar xərcləmişdi.

Van Szyanlinin idarəetmə sisitemi

Milyarder uzun müddət hərbidə xidmət etdiyindən bu onun xarakterinə təsir edib. Çinli iş adamlarının əksəriyyətindən fərqli olaraq, o nə çəkir, nə də içir. “Wanda Group”u hərbi rejimdə idarə edir. O şirkətdə dress-kod tətbiq edir və bunu pozanları ciddi cərimələyir. Hər gün sübh tezdən 06:00-da oynanır və 07:00-da işdə olur. Səhər yeməyinə yarım saat vaxt sərf edir və hər gün sıyıqla çörək yeyir. Yeri gəlmişkən, milyarder vaxtının üçdə birini ofisdə keçirir. Daha çox səfərdə olur:

“Çin Avropadan iki dəfə böyükdür. Mənim ölkə ərazisindəki səfərlərim beynəlxalq səyahətə oxşayır”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...