Qurbanlıq bazarında qiymətlər - VİDEO
İqtisadiyyat | 31.08.2017 16:42
406

Qurbanlıq bazarında qiymətlər - VİDEO

Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Müsəlmanların sevərək qeyd etdiyi Qurban bayramına ölkəmizdə də böyük maraq var.

Bayramla əlaqədar Bakı şəhərində və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. 

AzVision.az-ın əməkdaşları paytaxtda təşkil olunan qurbanlıq heyvanların satış məntəqəsinə baş çəkərək qiymətlərlə maraqlanıb. 

Təbriz küçəsində yerləşən satış məntəqəsində qurbanlıq heyvan satışı ilə məşğul olan Əbülfəz Həşimli deyib ki, onlarda qiymətlər alıcıların cibinə uyğundur: "Qoyunları İsmayıllıdakı təsərrüfatımdan gətirmişəm. Burada üstünlüyü quzu və qoçlar təşkil edir. Diri heyvanın qiyməti 90 manatdan başlayır. Ümumilikdə heyvanların qiyməti 230 manatdan baha deyil. Çalışırıq, müştərilər bizdən razı qalsınlar. Qurbanlıq heyvanları diri də satırıq, istəyən olanda, kəsirik də. 10 kiloqramlıq quzunu 110 manata satırıq. Çəkisi 20 kiloqram olanda, 180 manata razılaşırıq".

Ə.Həşimli deyib ki, alıcılar daha çox çəkisi az olan heyvanlarla maraqlanırlar: "Kimin pulu nəyə çatırsa, ona uyğun qurbanlıq alır. Burada qəssablarımız da var. Kim istəsə, heyvanı kəsdiririk. Kəsib satanda quzunun kiloqramını 11 manata veririk. Qoçu isə 10 manata”.

Satıcılar kamera qarşısında qiymətlərin ucuz olduğunu desələr də, müştərilərə təklif olunan rəqəmlər tamamilə fərqli idi. Çəkiliş zamanı deyildiyi kimi, quzu ətinin bir kiloqramı 11 manata deyil, azı 12 manata müştərilərə təklif olunur. 

"Üzrlü sayın, yalan danışmağa məcbur olduq. Bizi başa düşün. Yol xərci, yer xərci çoxdur. O qədər əziyyət çəkmişik, heç olmasa bizə də 5-10 manat pul qalsın", - satıcılardan biri deyib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...