Azərbaycanda krediti gecikdirənlərin evi məhkəməsiz müsadirə olunacaq...
İqtisadiyyat | 12.09.2017 11:11
378

Azərbaycanda krediti gecikdirənlərin evi məhkəməsiz müsadirə olunacaq...

Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.

Virtualaz.org xəbər verir ki, bu haqda  iqtisadçı ekspert Vüqar Bayramov Facebook-da yazıb. O, qeyd edib ki, həmin qaydaların yeni ipoteka müqavilələrinə şamil edilməsi və müqavilələrdə xüsusi bənd kimi yer alması nəzərdə tutulur. Başqa sözlə, əgər təkliflər keçsə ipoteka krediti götürənlər banklarla bağlayacaqları müqavilələr üzrə üzərlərinə belə öhdəlik götürəcəklər ki, krediti vaxtında ödəməsələr aldıqları əmlakın məhkəmə qərarı olmadan satış çıxarılmasına razılıq verirlər.

Lakin qanunvericiliyə bu cür dəyişikliklərin edilməsi təklifi barədə Banklar Assosiasiyasının hər hansı açıqlaması yoxdur.

Vüqar Bayramov isə bildirir ki, Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığını müəyyənləşdirmək çətindir. Amma dünya praktikasında məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Onun fikrincə, təkliflər qanun şəklini alarsa ipoteka krediti götürüb ev alanlar krediti gecikdirərsə illərlə ödəni etdikləri mənzilin  əllərindən alınıb satılması ilə üzləşəcəklər.

"Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var. Belə çıxır ki, banklar dərhal vətəndaşın mənzilini əlindən alıb satışa çıxaracaqlar. Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən möhlət  təklif etməyə çalışmalıdırlar”-iqtisadçı bildirir.

Ekspert qeyd edir ki, əmlakın taleyi məhkəmə qətnaməsinin çıxarılmasından sonra icra qərarlarına uyğun həll edilə bilər. Onun fikrincə,  Banklar Assosiyasiyasının təklifləri keçsə ipoteka krediti götürmək istəyənlərin sayı kəskin azalacaq. 

Bank üzrə mütəxəssis Əkrəm Həsənov isə hesab edir ki, bu təkliflərin qəbulu mümkün deyil, çünki Azərbaycan Konstitusuyasına ziddir. Ekspertin virtualaz.org-a bildirdiyinə görə burada söhbət yalnız ipoteka kreditlərindən deyil, ümumiyyətlə, ipotekadan gedir.

“İpoteka krediti odur ki, vətəndaş ev almaq istəyir, bankdan kredit götürür və həmin evi girov qoyur. Burada söhbət ipoteka kreditlərindən deyil, ümumiyyətlə, ipotekadan gedir. İpoteka isə daşınmaz əmlakın və avtomobillərin girovudur. Siz krediti  sahibkarılıq və ya digər məqsəd üçün götürməyinizdən asılı olmayaraq evinizi, torpağınızı, avtomobilinizi  girov qoyursunuz. Bu o deməkdir ki, belə girov varsa, borcu qaytarmaqdıqda o, məhkəməsiz əlinizdən alınacaq. Bu ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir. Konstitusiyaya  görə, məhkəmə qərarı olmadan, heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz. Mən bu təkliflərin parlamentdən keçməsinə və qanun halına salınmasına inanmıram”, - deyə ekspert bildirir.

Ə. Həsənov qeyd edir ki, banklar onsuz da bu gün kütləvi şəkildə vətəndaşların və sahibkarların hüquqlarını pozurlar.  İndi onlara belə bir imkan verilsə, vətəndaşların hüquqlarını pozacaq və kefləri istədiyini edəcəklər.

Ə. Həsənov bildirir ki, bu təklif Azərbaycan bank sistemində 10-15 il əvvəldən müzakirə edilib və heç vaxt dövlət səviyyəsində dəstək görməyib.  İndi isə təkliflərin  əhalinin bankların fəaliyyətindən narazı olduğu bir vaxtda yenidən gündəmə gətirilməsi absurddur.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...