Qarabağda ruslar üçün “KİÇİK MÜHARİBƏ”, “QAN GÖLÜ” təhdidi... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Siyasət | 05.01.2017 21:42
170

Qarabağda ruslar üçün “KİÇİK MÜHARİBƏ”, “QAN GÖLÜ” təhdidi... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Erməni politoloq Qarabağda yeni müharibəyə hazırlıq getdiyini bildirib. Qlobal platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib. “Forbes” nəşri strateji tarazlığın müəyyən edilməsində Azərbaycanın rolundan yazıb. Bu gün Türkiyədə növbəti terror aktı törədilib. İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üçün yeni əməliyyat başlanıb.

Azərbaycan Qarabağ üçün bu variantı seçir – İRƏVANIN ARZULAMADIĞI YOL

Erməni politoloq İqor Muradyanın sözlərinə görə, Rusiya Qarabağda baş verə biləcək yeni müharibəni dəstəkləyə bilər. “Çünki Moskva NATO-nu Cənubi Qafqaza buraxmamaq üçün hər şeyə hazırdır. Bu baxımdan, kiçik müharibə ruslar üçün maraqlıdır”, - deyə o bildirib.

Erməni politoloq etiraf edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın qaytarılması üçün bütün vasitələrdən ən sərt şəkildə istifadə edəcək.

Qlobal platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiya yerləşdirilib.Petisiyanın ünvanı olaraq Rusiyanın  Yekaterinburq şəhəri, müəllif isə Yevgenil Syomin göstərilib.

Petisiyada bildirilir ki, Ermənistan respublikasının rəhbərliyi qarşısında Qarabağın rayonları ilə yanaşı, Zəngəzur və Ermənistanın başqa rayonlarına Azərbaycan qaçqınlarının qayıdışı mütləq şərt olaraq, qoyulmalıdır.

"Forbes” nəşrinin saytında isə Melik Kaylan yazıb ki, Azərbaycan Yaxın Şərqdə Moskvanın hökmranlığını bloklayır.Sovet dövründə Kremlin təsirinin bütün  Qafqaza - İrana qədər uzandığını qeyd edən müəllif hesab edir ki, kiçik ölkə olan Azərbaycan bütün Yaxın Şərqdə Moskvanın hökmranlığının qarşısını alır.

“Tramp və Qərb qlobal tarazlığın saxlanılması üçün İsrail və Azərbaycana təşəkkür etməlidir”, - deyə müəllif fikrini yekunlaşdırıb.

Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş “Hürriyyət” nəşrinə müsahibəsində ölkəsinə olan hücumlardan danışıb. deyib. İkinci “Sykes-Picot” xəbərdarlığı edən hökumət rəsmisi bildirib ki, bölgəni Türkiyəsiz bölməyə çalışırlar.

O, bir əsr əvvəlki oyunun ikinci pərdəsinin oynanıldığını bildirib: “Bölgə yenidən dizayn edilir, yenidən bölməyə çalışırlar. Bu oyunu poza biləcək tək ölkə Türkiyə olduğu üçün onun oyuna müdaxilə etməməsini istəyirlər. Bunun Türkiyənin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Bunun ikinci “Sykes-Picot” olduğu çox açıqdır. Bölgə 10 il əvvəlki ilə müqayisədə məzhəb baxımdan daha çox bölünüb. Oyunun başlanğıcı 1991-ci il İraq işğalıdır”.

Rusiyanın Yaxın Şərqə qayıtdığını deyən Numan Kurtulmuş bildirib ki, ABŞ nə edəcəyini bilmədiyi üçün meydanı ruslara buraxıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin təhlükəsizliyinin regional faktorlardan asılı olduğunu deyib.Türkiyənin təhlükəsizliyi Qaziantepdə yox, Hələbdə, Qarsda yox, Naxçıvanda, Artvində yox, Batumidədir. Ölkəmizə istiqamətli təhdidləri yox etmək məcburiyyətindəyik. Həm meydanda, həm də masada hüququmuzu sonuna qədər qorumalıyıq”.

Bu gün Türkiyədə növbəti terror aktı törədilib. İzmir məhkəməsi binasının qarşısında iki avtomobil partlayıb. Hadisə nəticəsində bir polis və bir məhkəmə işçisi şəhid olub, 7 nəfər yaralanıb. Partlayışdan sonra baş verən atışmada iki terrorçu öldürülüb, birinin axtarışları davam edir. İzmir valisi Erol Ayyıldız bildirib ki, əldə olan ilk dəlillər terror aktının PKK terror təşkilatı tərəfindən törədildiyini göstərir.

ABŞ-ın Donanma Akademiyasının müəllimi olan Pentaqonun nümayəndəsi Mixail Rubin Türkiyənin yaxın günlərdə qan gölünə dönəcəyini iddia edib. Rubin “American Enterprise Institute” saytında yayımlanan məqaləsində bildirib ki, Türkiyədə konstitusiya dəyişikliyi baş tutmayacaq. “Əvəzində Türkiyə qan gölünə dönəcək və bu yaxın dövrdə baş verəcək”, - deyə o bildirib.

Yeni il gecəsi İstanbuldakı “Reina” klubuna silahlı hücumla bağlı iddialar bir-birini əvəz edir. “Amerikanın Səsi” telekanalına danışan mərakeşli və səudiyyəli hadisə şahidləri hücumla bağlı yeni iddia irəli sürüb. Mərakeşli şahid 2 terrorçunun gecə klubuna hücum etdiyini, onlardan birinin qara paltarlı qadın olduğunu deyib.

Hücumdan xilas olan Səudiyyə Ərəbistanı vətəndaşı Hasan Kaşıkçı isə klubda insanlara atəş açan terrorçuların 3 nəfər, onlardan birinin isə qadın olduğunu deyib.

Bu gün “Milliyət” nəşri isə bildirib ki, təhlükəsizlik məsələləri üzrə mütəxəssislər terrorçuların iki nəfər olmasından şübhələnirlər. Çünki Zeytinburnunda evdən çıxarkən kameralara düşən terrorçu ilə "Reina"da terakt törədən terrorçunun şalvarları başqa rəngdədir. Belə ki, Zeytinburnundan çıxarkən kameralara düşən terrorçunun şalvarı açıq rəngdə və "kombat" tiplidir. Klubdakı terrorçunun şalvarı isə tünd rənglidir.

“Reina” gecə klubuna silahlı hücum edən terrorçunun milliyyəti müəyyən edilib. Baş nazirin köməkçisi Veysi Kaynak canlı efirdə terrorçunun uyğur olma ehtimalının yüksək olduğunu deyib. Xatırladaq ki, İstanbulda Yeni il gecəsi “Reina” gecə klubunda törədilən terror nəticəsində 39 nəfər ölüb, təxminən 70 nəfər yaralanıb. Ölənlərdən 27-si xarici ölkələrin vətəndaşlarıdır.

Suriya və İraq cəbhəsi

Türkiyə Suriyada “Fərat Qalxanı” Hərəkatı çərçivəsində Əl Bab əməliyyatını genişləndirməyi planlaşdırır.Yeni plana görə, Əl Bab mahalında həyata keçirilən əməliyyata 8 min Türkiyə əsgəri qatılacaq. Türkiyə  Silahlı Qüvvələrinin Baş qərargahı əməliyyat üçün bütün hazırlıqları başa çatdırıb. Əməliyyat mahalın Akıl dağı bölgəsində 14 şəhid verildikdən sonra qismən təxirə salınmışdı.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Əl Bab əməliyyatını qısa müddətdə başa çatdıracaq planın hazırlandığını bildirib.

ABŞ-ın Suriyanın Əl Bab mahalında İŞİD-lə mübarizədə Türkiyəyə yardım qarşılığında irəli sürdüyü “PYD-yə toxunmayın!” şərtinin arxasındakı gizli səbəbi məlum olub.

Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı əsas məsələnin bölgədəki neft ehtiyatları olduğunu yazıb. Taha Dağlı qeyd edir ki, ABŞ bölgədə 7 hərbi baza qurub. Bunların ən böyükləri Rimelanın Alajafal kəndində və Suriya-Türkiyə-İraq sərhədinin birləşdiyi Malikiyedəki hərbi bazalardır:

“ABŞ əsgərləri, CİA agentləri və diplomatlar vertolyotlarla bu bazalara girib-çıxır, orada PYD terrorçuları ilə toplantılar keçirirlər. Bundan başqa, PYD terrorçularına verilən silahlar da bu bazalardan paylanılır. Suriyanın şimalında bir ABŞ işğalı var. Bu işğal əvvəllər PYD terror təşkilatı üzərindən həyata keçirilirdisə, 2016-cı ildən etibarən ABŞ öz əsgəri ilə birbaşa bu bölgələri işğal etdi”.

İraq təhlükəsizlik gücləri Mosulun qərbində İŞİD terror təşkilatının əlində olan əraziləri azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Bu haqda İraq ordusunun generalı Kasım əl-Məhəmmədi deyib. Əməliyyata ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri dəstək verir.

Ukrayna böhranı

Ukrayna prezident administrasiyası başçısının müavini Konstantin Yeliseyevin “Wall Street Journal”da Kiyevi Donbas münaqişəsində güzəştlərə çağıran Ukrayna milyarderi Viktor Pinçuka rəsmi cavabı dərc edilib. Yeliseyevin sözlərinə görə, Kiyev Donbasda yalnız Ukrayna qanunları və ATƏT standartlarına əsaslanan yerli seçkilərin keçirilməsini dəstəkləyir. Onun sözlərinə görə, Ukrayna tərəfindən bu ərazilərlə heç bir ticarət olmayacaq.

Bundan başqa, administrasiya rəsmisi Avropa və avroatlantik inteqrasiyadan imtina barədə çağırışı rədd edib. Konstantin Yeliseyev avroatlantik inteqrasiyadan imtinanı “siyasi intihar” adlandırıb.

Xatırladaq ki, Viktor Pinçuk Ukraynanın sülhə görə Rusiya tərəfindən zəbt edilmiş Krımı qurban verməli, həmçinin Donbasda münaqişənin dondurulmasına razılaşmalı olduğunu bildirib. O, Ukraynaya bir sıra ağrılı güzəştlərlə razılaşmağı təklif edib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...