Zəngəzur və İrəvanın geri qaytarılması məsələsini qabartmalıyıq - ÇAĞIRIŞ
Siyasət | 06.01.2017 15:35
137

Zəngəzur və İrəvanın geri qaytarılması məsələsini qabartmalıyıq - ÇAĞIRIŞ

Millət vəkilləri Musa Urud, Fəzail Ağamalı və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı qlobal platforma olan “Change.org” saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında petisiyanın yerləşdirilməsinə münasibət bildiriblər.

S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, bu hadisə Azərbaycana qarşı olan haqsızlığın və ədalətsizliyin bir daha xatırlanmasıdır:

“Çünki 19-cu əsrin 20-30-cu illərində Zəngəzur və digər Azərbaycan torpaqlarının qeyd şərtsiz olaraq ermənilərə verilməsi həyata keçirilib. Bunu sübut edən yüzlərlə dəlillər, sənədlər mövcuddur. Hətta, rus mütəxəssislər də etiraf edir ki, Zəngəzur tarixi Azərbaycan torpağıdır. Ona görə də biz həmin tarixi unutmamışıq. Nədənsə, bir növ adət etmişik ki, hər hansı bir hadisə baş verən kimi, ondan əvvəlkini tez unuduruq. Göyçəni, Zəngəzuru, Qarabağı unutmaq olmaz”.

S.Rüstəmxanlı qeyd edib ki, Zəngəzurun, İrəvanın Ermənistana verilməsi tarixi faktdır:

“Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Bunu Ermənistan gizlədə bilər. Ancaq Azərbaycan tərəfi əsla unutmamalıdır. Ona görə də biz Qarabağla yanaşı, Zəngəzur və İrəvanın da geri qaytarılması məsələsini qaldırmalıyıq”.

Əslən Zəngəzurdan olan Musa Urud isə petisiyaya görə müəllif Yevgenil Syominə təşəkkür edib.

O deyib ki, sözügedən petisiya təqdirəlayiq addımdır:

“Mən Azərbaycanı sevən bütün sosial şəbəkə istifadəçilərini və qeyri-hökumət təşkilatı nümayəndələrini sözügedən petisiyaya qoşulmağa dəvət edirəm. Bu petisiyanın yerləşdirilməsinin ən əhəmiyyətli məqamı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının Rusiya cəmiyyətinə mesaj olacağıdır. Bu bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təkcə Qarabağla bitməyib. Tarixən ermənilər Azərbaycanın tarixi ərazilərinə göz dikərək, ona sahiblənməyə çalışıblar. Bəzi dövrlərdə isə Rusiyanın yardımı ilə ermənilər məsələləri öz xeyirlərinə həll etməyə nail olublar. Hələ 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin İrəvan və Naxçıvan vilayətləri ərazilərinə köçürülməsi başladılıb. Doğrudur, 1840-cı ildə həmin vilayət ləğv olunsa da, ermənilərin Azərbaycana qarşı iddiaları hələ o zamandan olub. 1918-ci ildə isə İrəvan və onun ətrafında olan Azərbaycan ərazilərini ermənilərə paytaxt kimi bağışlayıblar. Bundan sonra isə Göyçə, Dərələyəz, Zəngəzur ermənilərə verilərək, Ermənistanın indiki ərazisi formalaşdırılıb. Ermənilər ötən əsrin ortalarında isə Qarabağ iddialarını qabardıblar”.

M.Urud qeyd edib ki, Zəngəzurun Azərbaycana qaytarılması ideyasının xaricdən ortaya çıxarılması vacib əhəmiyyət kəsb edir:

“Cənab Prezident də dəfələrlə bəyan edib ki, Zəngəzur və İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Mən bu petisiyaya qoşulan insanları alqışlayıram”.

Xatırladaq ki, əslən Zəngəzurdan olan digər millət vəkili Fəzail Ağamalı isə hələ 2014-cü ildə keçirilən Milli Məclisin sessiyasında çıxışı zamanı Göyçə və Zəngəzurun ermənilərə verilməsinin tarixi ilə bağlı məsələ qaldırmışdı.

Bu LİNKƏ tıklayaraq petisiyada iştirak edə bilərsiniz.

Həmin vaxtı deputat Fəzail Ağamalı 1918-ci il Batumi müqaviləsi haqqında danışaraq demişdi:

“Bir neçə gün əvvəl görkəmli alimimiz Yaqub Mahmudov bir məsələyə xüsusi diqqət ayırdı. Söhbət Batumidə imzalanan müqavilədən gedir. Bu müqavilədə qoyulan öhdəliklər yerinə yetirilməyib. Ermənilər bir an belə dayanmayıblar. Bizə qarşı ərazi iddiaları irəli sürülüb, İrəvanda Azərbaycan məktəbləri mövcud deyil, ərazilərimizin 20 faizi işğal edilib. Bu proses indi də davam edir”.

F.Ağamalı daha sonra SSRİ zamanı da Zəngəzur və Göyçə mahalının Ermənistana verilməsi haqqında danışaraq, bu zamanda razılaşmanın şərtlərinin pozulduğunu, erməni tərəfinin təcavüzünün davam etdiyini vurğulamışdı:

“Fikrimcə, biz bu məsələlər haqqında ciddi düşünməli, bunu qaldırmalı və ilk olaraq hüququ baza yaratmalıyıq. Təklif edirəm ki, XİN-də xüsusi qrup yaradılsın və bizim qaldırdığımız olan bu məsələ ilə bağlı addım atılsın”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...