NATO və Rusiya generallarının qapalı Bakı görüşünün SİRRİ: gizli müzakirələrin DETALLARI
Siyasət | 08.09.2017 11:57
184

NATO və Rusiya generallarının qapalı Bakı görüşünün SİRRİ: gizli müzakirələrin DETALLARI

Dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşdü.

Publika.az xəbər verir ki, qapalı keçirilən görüş fonunda üç məqam diqqət çəkir:

1. NATO Şərqi Avropada rus sərhədlərinə qüvvə toplamasının ardından Cənubi Qafqaza qədər gələrək, Moskvanın burnunun dibində tikan kimi duran Gürcüstanda hərbi təlimlərə başladı.

2. Gürcüstanda “Noble Partner 2017” adlı ilk təlim iyulun 20-də başladı və avqustun 13-nə qədər davam etdi. Sentyabrın 3-də isə “Agile Spirit 2017” adlı ikinci təlimi başladı. Bu təlimlər sentyabrın 11-nə qədər davam edəcək.

3. Hazırda təlimlərdə NATO üzvü olan və tərəfdaş ölkələrin - Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya və Ukrayna – hərbiçiləri şərti döyüş tapşırıqlarını yerinə yetirir. Və rusların cənub qapısı hesab etdikləri Cənubi Qafqazda qiyabi döyüşün getdiyi bir vaxtda generallar bölgənin digər ölkəsi olan Azərbaycanın paytaxtında müzakirə masasına əyləşirlər.

Nə baş verir? Dünyanın iki nəhəng gücü sərhədlərimizdəmi toqquşur? Bakı iki cəbhənin uzlaşması üçün dünyanın siyasi xəritəsində yeni məkanamı çevrilir?

Görüşlə bağlı açıqlanan rəsmi məlumat müzakirələrin detalları haqda fikir yürütməyə imkan verir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüşdə Avropada və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

NATO nümayəndəsi Şərqi Avropada və Gürcüstanda keçirilən təlimlərin Rusiyaya müdaxilə məqsədi daşımadığını, Kremlin generalı isə Belarusda – Avropanın girişində keçiriləcək “Qərb-2017” təlimlərinin təcavüzkar xarakterə malik olmadığını bir-birinə inandırmağa çalışıblar.

Bu məlumatdan da görünür ki, NATO və Rusiya hərbi gərginlikdən narahatdır və məsələləri müzakirə masasına yatırmaq qərarı verilib. Lakin NATO-nun timsalında ABŞ-ın uzlaşmaq cəhdi yeni planlar haqda da ehtimallar yaradır. Hesab etmək olar ki, Amerika sərhədlərdə güc nümayişini yumşaltmaq və xüsusilə Koreya yarımadasında Pxenyan və Pekinlə qarşıdurmada rusları neytrallaşdırmaq niyyətindədir. Moskvanın isə Cənubi Qafqaza qədər ordu yeridən ABŞ-la “müvəqqəti sülhə” nail olmaq və nəfəs almağa ehtiyacı var.

Və bunun üçün ən unikal məkan kimi Bakının seçilməsi də təsadüfi deyil. Çünki Azərbaycan regionda yeganə neytral ölkədir və hər iki cəbhə ilə bərabərhüquqlu münasibətlərə üstünlük verir. Bundan öncə ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəislərinin Bakı görüşü, ardınca dünənki görüş Azərbaycanın uzlaşma məkanına çevrildiyini deməyə əsas verir.

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun görüş haqda fikirləri diqqət çəkir.

Markov “vestikavkaza” saytına açıqlamasında deyir ki, görüş yeri kimi Azərbaycanın seçilməsi təsadüfi deyil: “İlk növbədə Azərbaycanın yaxşı infrastrukturu – gözəl hava limanı, çox gözəl mehmanxanaları var. Lakin əlbəttə ki, əsas olan bu dialoqda Azərbaycanın dəqiq, aydın neytral mövqe tutmasıdır. Prezident İlham Əliyev dahi diplomatiyası və tarazlaşdırılmış siyasəti ilə məşhurdur. Buna görə hər iki tərəf düşmən olsalar belə, Bakıda rahat şəkildə dialoq qura bilirlər. Həm Rusiya, həm də NATO bilir ki, Bakıda istənilən görüşə yaxşı şərait yaradılacaq və görüşdə müzakirə edilənlərlə bağlı heç bir informasiya itkisi olmayacaq”.

Putinin nümayəndəsinin fikrincə, Bakı potensial sülh yaradan kimi güclü mövqeyini formalaşdırır.

“Bakı Qafqazın Cenevrəsi, Azərbaycan isə İsveçrəsinə çevrilir”, - deyən Markov Bakı görüşünün mümkün nəticələrini də şərh edib.

“Bakıda hərbiçilər görüşdü və onların müzakirəsi siyasi fikir ayrılıqlarını aradan qaldırmayacaq. Lakin ən azından hərbiçilər siyasi fikir ayrılığının hərbi nəticələrə gətirib çıxarmasının qarşısını ala bilərlər”, – deyə o bildirib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...