Çaldıran döyüşü Azərbaycan, Türkiyə və İran dərsliklərində - ARADAKI FƏRQƏ BAXIN - FOTOLAR
Elm | 11.12.2016 11:12
3908

Çaldıran döyüşü Azərbaycan, Türkiyə və İran dərsliklərində - ARADAKI FƏRQƏ BAXIN - FOTOLAR

İstər Azərbaycan, istərsə də Türkiyənin mətbuat və televiziyalarında Çaldıran döyüşü ilə bağlı zaman-zaman müzakirələr aparılır, kimin haqlı, kimin haqsız olduğunu araşdırmağa çalışırlar. Hələ Şah İsmayıl və Sultan I Səlimlə bağlı konfranslar təşkil edib hər iki cahangiri “barışdırmağa” da cəhd edirlər. Əslində bunlar təqdirəlayiq və alqışlanası işlərdir. Ancaq televiziyalarda və konfranslarda bu məsələni müzakirəyə açan aydınlarımız nədənsə Çaldıran döyüşünün Azərbaycan, Türkiyə və İran dərsliklərində fərqli formada təqdimatından söhbət açmırlar. Dərsliklərdə yer alan bu qərəz ortadan qalxmadıqca nə tele-debatların, nə də elmi simpoziumların bir faydası olmayacaq. Çünki həmin dərsliyi oxuyan uşaqlarımız efirlərdə danışılanlara yox, oxuduğuna inanacaq və o cür də münasibət sərgiləyəcək. Əgər bu məsələni yoluna qoymaq niyyətindəyiksə, o zaman öncə dərsliklərimizdə olan yanlışlığı ortadan qaldırmalıyıq.

Bundan başqa, Türk dünyası ilə bağlı ortaq türk tarixi dərsiliyinin hazırlanması yönündə qərar da verilib. Belə ki, 2014-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşündə “Ortaq türk tarixi” kitabının proqramı qəbul olunub. Bu məqsədlə hazırlanacaq ortaq tarix, türk dilində dərsliklər gənc nəsillərin bir-birini daha yaxşı anlamalarına, sağlam əlaqələr qurmasına yardım edəcək. Çox gözəl! O zaman ortaya belə bir sual çıxır: hər iki ölkədə tədris olunan tarix dərsliklərindəki bu xətalar düzəldilmədən ortaq tarix necə yazılacaq? Görəsən hazırlanacaq bu ortaq tarixdə Çaldıran döyüşü necə təsvir olunacaq? Əgər bu məsələni kökündən həll etmək istəyiriksə, o zaman bu ortaq tarix yazılmadan öncə orta məktəb dərsliklərində bu döyüşlə bağlı olan xətalar düzəldilməlidir. Bu da həm bizim, həm də Türkiyənin elm adamlarının işidir.

Mövzu diqqətimizi çəkdiyindən hər üç ölkənin – Azərbaycan, Türkiyə və İranın tarix dərsliklərində yazılanları bir daha diqqətdən keçirdik. Burada yazılanları oxuyan şagird və tələbələr bir-birinə heç də Şah İsmayıl və Sultan I Səlimin Çaldıranda döyüşən əsgərlərindən kəm baxmayacaqlar. Odur ki, adını çəkdiyimiz ölkələrin elm adamları bir komissiya təşkil edib, dərsliyə salınmaq üçün bu döyüşlə bağlı ortaq tarix yazmalıdırlar. Bəlkə o zaman TV-lərdə açılan müzakirələrin və düzənlənən elmi konfransların bir faydası oldu.

Fikrimizin isbatı üçün hər üç ölkənin tarix dərsliklərində Çaldıran döyüşü ilə bağlı olan hissələri heç bir şərh vermədən, fikir bildirmədən olduğu kimi təqdim edirik.

Beləliklə, 8-ci sinif “Azərbaycan tarixi” dərsliyində oxuyuruq:

news-detail

“1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu. Üz-üzə gələn iki ordu sadəcə olaraq iki türk imperatorluğunun hərbi qüvvələri deyil, həm də ifrat din düşmənçiliyi ruhunda tərbiyə edilib bir-birinə qarşı qoyulan və şəhid olmağa hazır silahlı fanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi. Yavuz Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşması, əslində Türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi oldu. Bu döyüşdə yalnız Səfəvilər 3 min itki verdilər. Yaralanmış Şah İsmayıl öz ordusunun salamat qalan hissəsi ilə mühasirə həlqəsini yarıb – Təbrizə doğru çəkildi. Sultan I Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizi tutdu. Təbriz alındıqdan sonra müharibəni davam etdirmək getdikcə çətinləşirdi. Osmanlı qoşunu içərisində həyacan başlanmışdı. Sultan I Səlim həmçinin Şah İsmayılın hiyləsindən ehtiyat edirdi. Ona görə də Osmanlılar cəmi 6 gün burada qala bildilər. Onlar geri çəkilərkən özləri ilə çoxlu Təbriz ustaları apardılar. Bir neçə min sənətkar ailəsi İstanbula köçürüldü. Mahir Azərbaycan sənətkarları sonralar Osmanlı imperatorluğunda memarlıq və incəsənətin inkişafında mühüm rol oynadılar.

Çaldıran məğlubiyyəti Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə idi və nəticə etibarı ilə Şəqri Anadoluda geniş ərazilərin itirilməsinə səbəb oldu.

Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzrum şəhəri ilə birlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxil olmaqla Ərəb İraqı isə Səfəvilərdə qaldı.” (səh. 138)

Türkiyə, 10-cu sinif tarix dərsliyi:

news-detail

“Osmanlı dövlətinin Şərq cəbhəsində Səfəvi dövləti şiəlik propaqandası yolu ilə Osmanlı dövlətinin torpaqlarını ələ keçirmək istəyirdi. Bu məqsədlə, 1511-ci ildə Tokat, Amasiya və Çorum civarında Şah İsmayılın dəstək verdiyi Şahqulu qiyam qaldırdı. Qiyamçılar öncə uğur qazansalar da, sonradan zərərsizləşdirildilər. Yavuz şahzadə ikən Trabzonda vali olduğu vaxt Şərqi Anadoluda baş verən hadisələri yaxından izləyirdi. Osmanlı dövlətinin əleyhinə olan hadisələri atası II Bəyazidə bildirməsinə baxmayaraq, gərəkli tədbirlər alınmadı. Atasının Səfəvi təhlükəsini önəmsəmədiyinə görə dövlət adamlarının və yeniçərlərin dəstəyini alan Yavuz 1512-ci ildə atasını taxtdan salaraq, yerinə keçir.

İlk olaraq Şərqə tərəf səfər etmək qərarına gələn Yavuz, bu səfərlə İpək Yolunun Van-Təbriz xəttini ələ keçirəcəkdir. Bundan başqa, Səfəvi dövləti Orta Asiyadan gələn türkmənlərin Osmanlı sərhədlərini keçməyə də mane olurdu. Bu da Balkanlardakı məskunlaşma siyasətinə mane olurdu. Bütün bu səbəblər də Səfəvi üzərinə yürüş etmək məcburiyyətini yaratdı. İki ordu Van yaxınlarında olan Çaldıran düzənliyində qarşılaşdı. Osmanlı ordusunun gücü qarşısında Şah İsmayıl İranın içərilərinə doğru qaçmaq məcburiyyətində qaldı. Təbriz, Mosul, Kərkük və Ərbil Osmanlı torpaqlarına qatldı. Beləcə Çaldıran döyüşü (1514) böyük bir zəfərlə nəticələndi. Şərqi Anadoluda Səfəvilərin təsiri aradan qalxdı...” (səh. 62)

İran İslam Respublikasının ali məktəb dərsliyində Çaldıran döyüşü haqqında bildirilir:

news-detail

“Şah İsmayıl Çaldıran döyüşünə qədər bir neçə döyüşdə qalib gəldiyinə görə Səfəviyyə təriqətinin sufilərinin rəhbəri kimi məğlubedilməz hesab olunurdu. Lakin, Çaldıran döyüşü onun ilk məğlub olduğu hərb kimi tarixə düşdü. Bununla da şahın məğlubedilməzliyi ilə bağlı düşüncələr getdikcə zəifləməyə başladı. Şah İsmayıl bir döyüşçü kimi nə qədər güclü və qorxmaz olsa da, döyüş əxlaqı və şəxsi keyfiyyətlər baxımdan zəif insan idi. Çünki bir məğlubiyyətlə ruhdan düşüb, umidsizliyə qapılmış, dövlət idarəçiliyi, yeni ərazilər tutmaq və düşmənləri məğlub etməkdən uzaqlaşmışdı. O, Çaldıran döyüşündə uğradığı məğlubiyyətdən sonra bir daha özünə gələ bilmədi və döyüş meydanlarının əvəzinə kef məclislərinə üz tutdu. Səfəvi tərəfi Çaldıran döyüşündə göstərdiyi rəşadət və şücaətə baxmayaraq məğlub olsa da, bu imperiyanın təməlinə elə də güclü zərbə vurmamışdı.

Tarix boyu şahlar və komandanlar bir çox məğlubiyyətlər yaşayıblar. Lakin onların içərisində iradə və əzm sahibləri bu məğlubiyyətlərin əvəzini çıxıblar. Buna misal olaraq Nadir şahın qəməri 1146-cı ildə Bağdadı mühasirəyə alıb şəhəri tutmağa müvəffəq olmadığını göstərə bilərik. Bununla birlikdə o, öz fikrindən dönmədi və məktublar yazaraq Həmədanda ordu yığmağa və eləcə də məğlub olmuş ordusunun döyüş ruhunu yenidən yüksəltməyə başladı. Bu minvalla Nadir şah yenidən nizami ordu toplayaraq Bağdad istiqamətində üz tutdu və Osmanlı ordusunu məğlub etdi və bununla da öz məğlubiyyətini kompensasiya etmiş oldu. Çaldıran döyüşünə qədər qorxmaz igid kimi şöhrət tapan Şah İsmayıl heç vaxt düşməni ciddiyə almırdı. Çaldırandakı məğlubiyyətdən sonra isə heç bir mühüm döyüşdə iştirak etmədi və ölkə idarəçiliyini öz əmirlərinə həvalə etdi. Nəhayət o, qəməri 930-cu ildə Gərdənə Sayin adlanan yerdə dünyasını dəyişdi və onun nəşi Ərdəbilə gətirilərək Şeyx Səfiəddin kompleksində dəfn edildi. Şah İsmayılın dövlət təhlükəsizliyini təmin etməkdə iradəsi, milli vəhdət yaratmaq və şiə məzhəbini İran xalqının vahid məzhəbi kimi seçməsi onun anlayış və səriştəsinin göstəricisidir və bu da ona böyük ad bəxş etmişdir.” (Fars dilindən tərcümə etdi Mirəli Ağayev)

(Mənbə: Dr.Rza Şabani, İran Tarixinin Seçilmişləri, səh.244-245, Beynəlxalq Əlhuda Nəşriyyatı, Tehran)

Qeyd edək ki, Çaldıran döyüşü mövzusu Türkiyənin “Kanal Türk” televiziyasında yayımlanan “Tarihin arka odası” (https://www.youtube.com/watch?v=7HcfwzKuwOA) verilişində də müzakirəyə çıxarılmışdı. Burada aparıcı Çaldıran döyüşü haqqında Azərbaycan, Türkiyə və İran dərsliklərində yer alan hissəni oxuyaraq, elm adamları ilə müzakirə edirdi: Aparıcının İran dərsliyindən oxuduğu hissəni də təqdim edirik:

“...İranın Şimal şərqindəki özbək hökuməti ilə qərbindəki osmanlılar Səfəvi dövlətinin varlığından məmnun deyildilər. Şah İsmayıl öncə Xorasan hücumlarının qarşısını aldı, onları qovdu. Osmanlı imperatoru Yavuz çoxlu sayda qoşunu ilə Səfəvi dövlətini ortadan qaldırmaq üçün İrana hərəkət etdi. Xoy şəhərinin yaxınlığında Çaldıran deyilən yerdə qanlı bir döyüş oldu. Nəticədə İran ordusu məğlub oldu. Məğlubiyyətin əsas səbəbi də Osmanlı ordusunda top və tüfənglərin olması idi...”

Rəşad Sahil

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...