İnsanın gülüş aclığı - Fəlsəfədən karikaturaya
Cəmiyyət | 18.07.2017 14:22
315

İnsanın gülüş aclığı - Fəlsəfədən karikaturaya

Tural İsmayılov

İnsan irqlərinin təkamülü qədim dövrlərdən günümüzə qədər həmişə ikili prosesin mübarizəsi ilə təşəkkül tapmışdır. "Aristotel yunan fəlsəfəsində insana sabit baxmamağın başlanğıcını qoyan filosof idi" desək, yanılmarıq. Yunan əsatirlərində və fəlsəfəyə qədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən insan obrazı əks olunurdu. Yunan əsatirlərində insan həmişə qələbə qazanırdı. Qələbə qazanan insan isə xoşbəxt personanın simvolu hesab olunurdu. Yunan “Tanrı obrazları” isə zəfərin yardımçısı rolunda çıxış edirdi. Sanki Zevs bütün dünyanın xeyir qarantı idi və pisliklər üzərində heraklların qələbəsində tanrılar vasitəçi idi.

Qədim insan varlıqlarının dünyagörüşün ilkin formalarına qədər təbiətdən qorxusu fonunda ortaya çıxan ilkin fetişist və totemist aktlarından uzaqlaşmağa çalışan antik yunan insanı, dünyagörüşün tarixi təkamülü ilə qorxan insan sindromunu qırmağa çalışırdı. Dünyagörüşünün ilkin tarixi forması mifologiya hesab olunduğundan artıq mifik düşünən insanlar qorxusuz insan obrazları formalaşdırmağa başladı. İndi insanlar ağaca və daşa sitayiş etmir,  real dünya qüvvələri qarşısında qorxmur və insanın gücünü dərk etməyə başlayırdı. Buna baxmayaraq insan yenə də təklikdə bir heç kimi görülür və beləliklə, əfsanələr və əsatirlər içərisində qeyb olan qəhrəman insan həyatlarının uydurulmasına ehtiyac duyulurdu.

Antik dünya mədəniyyətinin insanı dəyərləndirmə dövrünü periodik olaraq iki qismə bölə bilərik:

1) Fəlsəfəyə qədərki zəif və qorxaq insanlar;

2) Fəlsəfədən sonrakı özünə inanan və dünyanı dərk etməyə çalışan insan.

Fetişist dünyanın bəsitliyindən qurtulan qədim insanlar bununla paralel olaraq, özünə əminlik məsələsində ciddi problemlər yaşayırdı. Güclü insan “Tanrıların yardımıyla” qələbə qazanırdı. Qələbə həm də gülüş idi. Məğlubiyyət isə insanın sadəcə, öz uğursuzluğu və tanrılar tərəfindən lənətlənmə bəlasından başqa bir şey deyildi. Şərqdə babillilər Gilqamış obrazını ortaya ataraq, bir növ insan gücünə ilkin heyranlıq əlamətlərini biruzə verirdi. Çin mifologiyasında isə insanların bütün fəaliyyətlərinə ayrıca nəzər yetirilirdi. Çin mifoloqları və tarixi qaynaqlarında dəniz kənarında və çay qıraqlarında gülən çinli obrazı kult halını almışdı. “Suya dair izahlar”,  “Qaranlıq dastanı” kimi mətnlərdə çinlilər din və fəlsəfəni ayrı-aryrı analiz etməyə cəhd etmişdir. Qədim çin insanı ağlayan insan obrazını danmırdı. Və bütün antik dünya kültüründəki gülən insan modellərinə qarşı çıxaraq, qəm-kədər və əzab içərisində qıvrılan insanların da obrazını yaradır. Qədim dünya insanının qaçmaq istədiyi reallıqları çinlilər müdafiə edirdi.

Hind mifologiyası insanın bədbəxtliyini onun qaçılmaz tale yolunda əsas mərhələlərdən biri hesab edir. Hind mifik-fəlsəfi məktəbi hesab edilən Mimansa məktəbinin tələbələri hind vedalarına istinad edərək,  insanları əzabdan qorxmamağa çağırırdı. Satirik tənqidin ilkin örnəklərini yaradan materialist Çarvak-Lokayata təlimində isə tamamilə tənqidçilik meyarları var idi. Çarvaklara görə, insan həm ağlayaraq, həm də gülərək onu incidən ətraf aləmə müqavimət göstərməlidir. Hindlilərin rəngli rəsm sənəti çarvakların əsas dərslərindən sayılır və hindli insanlar təbəqələşməyə və insanlar arasındakı mərtəbə fərqlərinə şəkillərlə üsyan etməyə başlayırdı.

Bu dövrdə yunan erkən fəlsəfəsi və mifologiyası insanı zəif görən və sonsuz güc nümayişləri qarşısında onu bəsitləşdirən obraza bürünsə də,  Roma kültüründə tamamilə bütün ruhlardan və uydurma mifik personajlardan “təmizlənmiş” insan obrazı təqdim olunurdu. Roma atomisti Tit Lukretsi Kar saraydakı eybəcərlikləri öz kiçik qrafik təsvirləri ilə məsxərəyə qoyur və tələbələri arasında fəlsəfi söhbətlərin yekununda məzəli əhvalatlar danışaraq, onların da nələrsə çəkməyinə nail olurdu. Fəlsəfədən sonrakı dünyagörüşdə isə insan obrazı dəyişərək, yeni bir “qiyafəyə büründü”. İnsan eybəcərliklər qarşısında ağlamaqla içini rahatlatmalı və sonrasında acı hadisələrə gülməyi və güldürməyi bacararaq, yeni bir missiyanı daşımalıydı. Epikür insanı həmişə zəif görən,  özündən öncəki bütün baxış formalarına ironiya edirdi. O göstərirdi ki, həyat yalnız xoşbəxtlikdən yox, həm də bədbəxtlikdən ibarətdir və insan öz ağrısıyla barışmamalıdır.

Menna mağarasında 3400 il öncəyə uzanan divar rəsmləri karikaturanın ilkin elementləri hesab edilə bilərdi. Burada əkinçi insanların əmək sevərliyi ilə yanaşı, təbiətin şıltaqlığına “lağlağı” münasibət göstərən təsvirlər yer alırdı. Mürəkkəbin kəşfindən sonra əmələ gələn əcaib insan təsvirləri də Yaponiyada tənqidin təsviri örnəyi sayıla bilər. Amerikanın piramida mədəniyyətində rast gəlinən təsvirlər dövrün eybəcərliklərinə işarə edirdi. Mayya kahinləri hekayələri rəsmlərlə anladırdı və buna dair arxeoloqlar əsaslı faktlar tapmışdı. Normandların 1066-cı ildə İngiltərəni istilasından sonra toxucu qadınlar xalçalar toxuyaraq, istilaçıların vəhşiliklərini xalıya həkk edirdilər. Maraqlı nüans o idi ki, rahiblər də o dönəmdə kağızların üzərinə insanları güldürən təsvirlər çəkirdi. Kilsənin yenicə hegemoniya qazandığı, orta çağın erkən dövrlərində rahiblər maraqlı bir üsula əl atır. Həmin dövrdə oxuma və yazmaq bacarığı olmayan insanları daha tez aldada bildiyini düşünən kilsə rəhbərləri müxtəlif hekayələri hamı üçün anlaşıqlı olsun deyə təsviri şəkilə salır və rəsmlərdəki fraqmentləri moizələrdə ayrıca izah edirdi. Lakin Makkloud sayəsində karikatura fəlsəfi tənqid və ironiyadan ayrılmış və ilk dəfə Makkloudun ardıcılı, isveçli Rodolfi Topferi modern karikaturanı yaratmışdı. Artıq rəsmlər mətnlərlə birlikdə çəkilməyə başlanır. İlkin mətbu məcmuların buraxıldığı ərəfədə Amerikada komikslər meydana çıxmağa başlayır. Baxmayaraq ki, indi komikslər cizgi roman xarakteri alaraq, karikatura sənətindən ayrılmışdır. Amma Amerikada ilkin komikslər uşaqlar üçün əyləncə vasitəsi kimi deyil,  komplekt satira cizgiləri kimi formalaşırdı. Qərbin təsviri gülüş tərəqqisi ilə eyni çağlarda Yaponiyada samuraylar üçün əyləncə vasitəsi olaraq, kiçik şəkillər çəkilir və qrupda fərqlənməyi bacarmayan samurayların tənqidi şəkillərdə verilirdi. Proses İkinci Dünya Müharibəsinə qədər davam etmiş və 1945-50-ci illərdən etibarən artıq karikatura tam müstəqil və güclü bir sahəyə çevrilirdi. Həmin dönəmlərdə çap materiallarında karikatura çəkənlər yazar və şairlərlə əlbir olmağa başlayır. Karikaturistlər mətn yazma asıllığından azad olunur və çəkdikləri karkaturalara yazarlar tərəfindən ironik hekayələr yazılmağa başlanır.  Yaponların məşhur “Manga” təsviri də həmin dönəmlərdə təşəkkül edərək, 1990-ci illlərdən sonra dünyada populyarlıq qazanmışdı.

Soyuq müharibə illərində karikatura ideoloji qata bürünməyə başlayır. Karikaturistlər sifarişlə rəsmlər çəkir, onların bəzi həmkarları isə buna qarşı çıxaraq, azadlığı əsas meyar sayırdı. Karikaturanın sifarişlə çəkilməsini  bu işə təhqir sayanlar da var idi. Amerika ilə SSRİ arasındakı yumşalmadan sonra Amerikada Stalinin adını qısaldaraq, “Uncle Joe” (Co Əmi) tipajını yaradırlar. Daha sonra, avropada  məşhur olan bu tipaj, İngiltərəyə də sıçrayaraq, karikatura dərgilərinin əsas obrazı olmağı bacarır. İdeoloji karikaturanın ən yaxşı örnəyi hesab olunan “The plumb pudding in danger” karikaturası isə buna qədər İngiltərədə şöhrət qazanmışdı. Ceyms Gillarinin məşhur karikaturasında, Napolyonla, Uilyam Pitt dünyanı süfrədə çəngəl-bıçaqla bölməyə çalışır. Bu karikaturadakı öldürücü tənqid həmin illərdə bütün dünyada məşhur olmağa başlayır.  Napolyonla bağlı ən dəhşətli karikatura isə, Londonda gənc karikaturist Filips tərəfindən çəkilən “Müasir qəhrəmanın səyahəti” əsəri hesab oluna bilər. Napolyonun Elba adasına sürgün olunuşunu göstərən karikaturada eşşəyə tərs oturmuş və qılıncı qırılan bir məğlub görünür. 

Nasist Almaniyasında isə insan belində və çiynində Hitler obrazları çəkən karikaturistlər peyda olur. Onların kimliyi bilinməz olaraq qalir və uzun axtarışlar bir nəticə vermir. Amerikanın Vietnamda törətdiyi qətliamlara dair həm yerli asiya xalqları,  həm də Amerikanın özündə ciddi etirazlar səslənən vaxtlar, Amerika əsgərinə və müharibə əmri verən hökümətə qarşı çağırışları özündə ehtiva edən əsərlər çəkilməyə başlanır. Osmanlının güclü vaxtlarında Bolqarıstan və Yunanıstanda türklər əleyhinə karikaturalar çəkilir. İlk dövrlərdə çəkilənlər elə də səs-küyə səbəb olmasa da, sonralar karikaturistlərin tənqidi ifrat formaya çatdırması,  Osmanlı saray əyanlarını narahat etməyə başlayır. Türkiyənin hətta indi də məşhur olan Qaragöz və Hacıvat obrazları da “ilk rüşeymlərini”  Osmanlıya qarşı tənqid yer alan karikaturalardan götürərək, sonralar formasiyaya məruz qalmışdı. Türklərin “mizahsen” anlayışı buradan formalaşmış və günümüzə qədər davam edən satirik məzmunlu mətnlərə, karikaturalara sıçramışdı. Bu gün dünya karikaturası tamamilə azad  “qiyafəyə bürünərək” özünü üç formada göstərir: media karikaturası- qəzet və dərgilərin daha maraqlı olması üçün düşünülən təsvirlər, yaradıcı karikatura- sənətkarların sırf fərdi yanaşmasını ortaya qoyan təsvirlər və ideoloji karikatura- sol və sağ arasındakı çəkişmələrə işıq tutan karikaturalar.

Karikaturalar yumşaq olmağa cəh etmir və qərb dilində “humour”- yumor bütün eybəcərliklərə gülüşü özündə ehtiva edirdi. Hazırda bizdə yumor və satira anlayışları bir-birindən fərqlənsə də, Qərb yumorunu satiradan ayıran tənqidin dozu yox, toplumsallığıdır. Satirik mətnlər və təsvirlər  toplumun bütövlükdə kinayə etdiyi nüansların “öldürücü ifadəsi” idi. Esxil və Aristofanın komediyalarından başlayan gülüş tənqidi, sonralar Şekspir və Servanteslə, 17-ci əsrdə Molyerlə, 19-cu əsrdə  Çarlz Dikkens və Çexovla güclənmişdi.  Karikturaların məqsədi sadəcə gülüş deyildir. Əsərlərdən təsirlənən karikaturistlər sonralar Con Monreala istinad edərək gülüşü iki qisimə bölürdü: anlamlı və anlamsız gülüş. Anlamsız gülüş təbii-psixoloji bir reaksiya sayılrdı. Bu insanın içindən gələn gülüş idi. Anlamlı gülüş isə insanın dərk edərək, gülmə prosesi idi. İnsan görərək və qavrayaraq güləndə,  daha rahat hiss edir özünü. Neofreydist psixoloqların da əsərlərində insanın boşuna gülüşü qeyri-şüuri fəaliyyətin ən nəticəsiz halı sayılırdı.  Ciovanni Bokaccionun “Dekameron” əsərini oxuyanlar bu fikirimə qatılarki, orada “usta gülüşü”  deyə adlandırılan hissələr mövcuddur. Ən çox xoşuma gələn, iki hekayədə anlamlı bir gülüş taktikası var və orada müəllif bacarıqsız insanların məzlumluğunu acıyaraq deyil, insana hörmət edərək oxuculara çatdırmağa çalışır. Onuncu hekayədə Bokaccio monakolu Paqaninonun messer Riçardo Kinzikanın arvadını götürüb, qaçırmasından bəhs edir. Messer Riçardo Paqaninonun yerini tapır və onun dalınca gedir. Daha sonra Paqanino ilə dostlaşan Riçardo xahiş edirki, arvadını geri qaytarsın. Paqanino da onunla razılaşaraq deyirki,  arvad getmək istəyirsə, getsin. Amma, arvad getmək istəmir və messer Riçardo öləndən sonra, Paqaninonun rəsmi arvadı olur.

Burada Bokaccio fərasətsiz insan obrazı deyil, mərəhəmətli və digərinin fikirinə hörmət edən insan obrazı yaradır. Öz dövrü üçün inqilabi əsər yaradan Bokaccio gülüş hədəfi olaraq göstərdiyi Paqanino obrazı ilə əslində seçən və seçilən insan tiplərinin labüdlüyünü göstərirdi.

Digər bir hekayədə Çerbino adlı obraz babası Kvilyelmonun verdiyi sözü tutmur. Tunis kralının qızını qaçırmaq məqsədinə gəlir. Güclü bir ordu yaradaraq, Tunis gəmisinə hücum edir. Çerbinyo babası ilə anlaşması olan Tunis kralı arasındakı əlaqələri korlayaraq, gülünc duruma düşür. Lakin,  gəmidə olanlar da axmaqlıq edir və qızın ələ keçməməsi üçün, qızı öldürür. Çerbinyo qızı qaçıra bilmir və bunun heyifini gəmidəki heyəti öldürməklə çıxmaq istəsə də, sonunda özünün boyunu vurulur. Burada axmaq insanların taleyinə gülüş olsa da, anlaşmaları əyləncə xatirinə pozan insan talelərindən dərs çıxarmaq əsas ideya idi.

Rus filosof və karikatüristi Herzenin “Gülmənin tarixini yazmaq özü çox gülməlidir” sitatı Herzenin çəkdiyi karikaturalarda müxtəlif formalarda əks olunurdu. Gülmək həm də qəzəbin bir refleksiyası hesab olunurdu. Eynilə, Ziqmund Freydin insanın ən əzabverici şəhvani hisslərində də məmnunluqdan yaranan bir təbəssümün mütləq olduğunu söyləməsi kimi.  Postmodern filosof Bodriyar gülüşün xoşbəxtliyi təmsil edən bir akt olmadığını hesab edirdi. Ona görə təbəssümün qəhqəhəsi ilə, “cəhənnəmin gülüşü” arasında kəskin fərqlər var idi. Bodriyarı gülüşü şeytan ənənəsindən gələn və insan acılarına verilən lənətli bir reaksiya olduğunu söyləyirdi. Maraqlıdırki, sxolastik fəlsəfənin hökmran olduğu illərdə, kilsələr də aşırı gülüşü şeytan əməli hesab edirdi. Eyni mövqe ilə asketik sufilərin dərviş ordenlərində də rastlaşmaq mümkün idi.  

Şekspir özünün “Kral Learr”tamaşasında,  öz təlxəyini krala qarşı dilləndirir. Tarixin bütün dövrlərində dəlilər və təlxəklər gülüş hədəfi oldu. Dəlilərin və təlxəklərin dünyası həmişə insan istismarı ilə bitrdi. Şekspirə görə,  həm də gülməli olan bir çox məntiqi məsələlər insanı düşündürməyə başladı. Sakit düşünən insanla,  gülərək düşünən  insan fərqi ortaya çıxmağa başladı. Sonralar kino tarixində bir çox qorxu və dəhşət filmlərində əsas personaja çevrilərək, ağıllı gülüş vasitəsi rolundan çıxan klounlar da karikatura sənətiylə həmahəng yaranmağa başladı. İtaliyada “Commedia Dell arte” adı verilən xalq teatrlarında klounlardan və təlxəklərdən savayı, həmçinin gənc yazarlarla əməkdaşlıqdan imtina edilərək, karikaturistlərdən ssenarist kimi istifadə olunmağa başlandı.

Karikaturistlər yalnız çəkmir, həm də yazırdı. Sanders gülüşü çox maraqlı izah edirdi. O, Misir əfasənələrinə istinad edərək, yazırdı: “Tanrı güldü və dünya yarandı. Daha sonra qəhqəhə çəkdi və dünya işığa qərq oldu. İkinci gülüşündə sular və okeanlar, yeddinci qəhqəhəsində isə ruh yarandı”. Ekzüperiyə görə də real dünya yalnız sıxıcı sayılrdı  və bozluqdan ibarət idi. Gülən insanlar isə daha əyləncəli idi və dünyanı rəngli görməyə bir səbəb sayılırdı.

Qəmi və kədəri gülərək bildirmək lazımdır.

Ağlamaq lazımdır, amma sonrasında bir dəli gülüş olmazsa, insanın yaradılışına tərs gələr.

Gülmək primitiv olmamalıdır.

Gülərkən də anlatmaq lazımdır.

Güldürmək sadəcə şitlik və bayağı lətifələrlə olanda topluma heç bir yararı toxunmaz.

Güldürmək ancaq ruhla və qəlblə birləşəndə gözəl olar.

Mövcud olan situsiyalara gülən insan ayılmış insan deyildir. Əks təqdirdə, bu qədər halımıza gülərkən,  eyni səhvləri etməməli idik.

Güldürəndə də,  intellektual olmaq lazımdır.

Gülərkən,  düşünmək lazımdır.

Metrolarda, avtobuslarda və cəmiyyətdə sanki bir gülüş aclığı var. İnsanlar gülməkdən qorxur. Dərd-kədər əbədiyyətini yüksəldərək önlərində qorxunc və əzablı bir dünya yaradırlar. Halbuki edam məhkumları belə son anlarında gülməyə çalışar.

Gülmək üçün cəhd etmək lazımdır. Yazılan lətifələr, çəkilən karikaturalar və satirik əsərlərin hamısı insanı güldürərək,  düşündürməyə xidmət edir.

Gülmək və qaş-qabaqdan xilas olmaq lazımdır.

Yazarların bəzisi gənclərin gülmədiyini və gülərkən də mənasız şeylərə güldüyünü həmişə tənqid edir. Amma bu qaş-qabağı  baltalayan bir neçə yazar da tanıyıram ki, özlərinin üzündən zəhrimar tökülür küçədə.

P.S. İnsan güləndə,  daha mübariz olur və həyat ona görə dəyərlidir ki,  gülən insanlar mövcuddur.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...