Zadənin Azərbaycanda dəfn ediləcəyi dəqiq deyil - Hamlet İsaxanlı
Cəmiyyət | 08.09.2017 11:55
169

Zadənin Azərbaycanda dəfn ediləcəyi dəqiq deyil - Hamlet İsaxanlı

Lütfi Zadə çox böyük və görkəmli alimdir. Buna heç kəsin şübhəsi olmasın. Tam emosiyasız qeyd etməliyəm ki, o, görkəmli amerikan alimidir, dünyada elmin inkişafına böyük təsir göstərib, töhfə verib. Allah ona rəhmət eləsin. Bioqrafiyasında yazılıb ki, atası azərbaycanlıdır, Bakıda doğulub, yəni Azərbaycanla bağlılığı var. Azərbaycanda onu çox gözəl tanıyırdılar, sevirdilər. Həm onu tanıyanların, həm də elm adamı kimi əsərlərindən istifadə edənlərin qəlbində və əsərlərində yaşayacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadənin vəfatı barədə danışarkən deyib.

Lütfi Zadəni böyük alim kimi xarakterizə edən Hamlet İsaxanlı qeyd edib ki, o, dünyada əsərlərinə ən çox istinad olunan alimlərdən olub:

“Bəzən ona bilməyərək riyaziyyatçı deyirlər, amma o mühəndisdir, doktorluq işini elekrik mühəndisliyi üzrə müdafiə edib. Eyni zamanda riyazi tətbiqləri də var, daha çox tətbiqi və müəyyən mənada nəzəri mühəndislik sahələrində tanınmış, hörmət doğuran mütəxəssis olub. Onun bir sıra yenilikləri də var, qeyri-səlis çoxluq, qeyri-səlis məntiq, qeyri-səlis hesablama kimi nəzəriyyələr qurub, diskret zaman siqnal analizində çox işlənən Z-çevirmə nəzəriyyəsini quran iki mütəxəssisdən biridir”.

Bildiyi 3 dil vardı, azərbaycanca bilmirdi...

Azərbaycanda Lütfi Zadə barədə birmənalı olmayan münasibətə gəlincə, Hamlet İsaxanlı hesab edir ki, onun Azərbaycana heç bir bağlılığı olmasaydı, sadəcə, barəsində bir görkəmli alim kimi danışılacaqdı:

“Orada da söhbət qurtaracaqdı. Adam Azərbaycanda anadan olub, atası azərbaycanlıdır, Ərdəbildəndir, anası yəhudidir və ailədə danışıq dili rus dili olub. Lütfi Zadənin uşaqkən bildiyi əsas dil rus dili idi, 10 yaşı olanda İrana köçüblər, məktəbdə fars dilində təhsil alıb və bu dil onun 2-ci dili olub. Tehran Universitetini bitirdikdən sonra Massaçusets Texnologiya İnstitutunda təhsilini davam etdirib. Amerikaya getməzdən əvvəl ingilis dilini öyrənmişdi, Birləşmiş Ştatlarda daha da təkmilləşdirdi və bu dil onun elm dili oldu. Beynəlxalq məclislərdə ingilis, evdə rus dilində danışırdı. Xanımı 1 il əvvəl rəhmətə getdi, təxminən il yarım bundan əvvəl onların evində oldum, onda gördüm ki, rusca danışırlar. Söhbətə ingilis dilində başladım, sonra restorana yeməyə aparanda yanımda ingilis dilində bilməyənlər vardı deyə, söhbəti rus dilində davam etdirdik. Lütfi Zadə Azərbaycan dilində bilmirdi. Onun bildiyi və danışdığı 3 dil vardı: rus, fars və ingilis dilləri. Rus və ingilis dilini isə aktiv işlədirdi, fars dilində lazım gələndə, kiminləsə qarşılaşanda danışırdı”.

Millətçi deyildi

Onun sözlərinə görə, Lütfi Zadə qəti surətdə millətçi deyildi:

“Çox internasional, dünyanı bərabər görən, dinlə çox əlaqəsi olmayan, dünyəvi şəxs idi. Azərbaycanı tanıyırdı, elm adamı idi, bilirdi ki, atası azərbaycanlıdır və özü Azərbaycanda anadan olub. Azərbaycanla da əlaqələri, tələbələri ilə təmasları vardı. Rafiq Əliyev müəyyən mənada onun tələbəsi sayılır, çünki onun elm sahəsində məşğul olduğu işlərlə məşğuldur. Azərbaycandan onun yanına gedib-gələn başqa şəxslər də var. Bizim alimlər məhz onun adı ilə bağlı bu sahə ilə məşğul olublar. Bu mənada o, Azərbaycanda da elmin inkişafına heç şübhəsiz təsir göstərib”.

Azərbaycan dövlət nişanını ev pencəyinin yaxasından asmışdı

“Lütfi Zadə Qarabağla bağlı bir dəfə də olsun danışmayıb” iddialarına Hamlet İsaxanlı belə aydınlıq gətirib:

“Deyirdilər ki, niyə adından, tribunasından istifadə edib Azərbaycan məsələlərini qaldırmır. O, belə məsələlərlə məşğul olmaq istəmirdi, o tipli adam deyildi. Azərbaycana hörməti vardı, yaşlı vaxtında bir neçə dəfə gəlmişdi, prezidentlə görüşmüşdü, ona yüksək dövlət mükafatı verilmişdi. Yadıma düşür, onun evinə gedəndə ev geyimində idi, tez-tez məndən üzr istəyirdi ki, qalstuk bağlamamışam. Adam evdə qalstuk taxmaz ki. Amma bizim dövlət nişanını evdə geyindiyi pencəyinin üstünə taxmışdı. Azərbaycanda yüksək səviyyədə qəbul edilməsini və tanınmasını qiymətləndirirdi. Onun Azərbaycana marağı, xüsusi hörməti vardı. “Gecə-gündüz Azərbaycan həqiqətlərini düşünməli, çıxışlar etməliydi, Qarabağ problemlərini qaldırmalıydı” kimi gözləntilər var, axı onun Qarabağ problemini qaldırmaq üçün böyük imkanı yox idi. Onun tribunası elm məclisləri, konfranslar idi. Üstəlik son illər hərəkət məhdudiyyəti vardı. Avrasiya Akademiyasını quranda təsis toplantısı Bakıda olmalıydı, düzü, paytaxtda da oldu, amma o, gələ bilmədi, çünki təyyarəyə minmək olmazdı. Buna görə də məsləhətləşmək üçün biz onun yanına getdik. Əvvəl uzun müddət telefon və elektron poçt vasitəsilə əlaqə saxlayırdıq, sonra üzbəüz görüş lazım idi deyə, ABŞ-a yollandıq. Ondan buna görə incimək və bir şeylər gözləmək heç doğru deyil. Bu yaxınlarda Nobel mükafatı alan Əziz Səncər Bakıya gəlmişdi, türkdür, Türkiyədə doğulub-böyüyüb, öz türklüyünü saxlayıb, amma məruzəsini tamamilə ingilis dilində elədi, 1 kəlmə də türkcə danışmadı. Dedi ki, mən dünyanı sevirəm, dünyanın hər tərəfindən tələbələrim var, çinli, amerikalı, vyetnamlı, türk və sair. Bizdə belədir, kiminsə bir tərəfi azərbaycanlı olanda nostalji var, deyirik, böyük adamlarımız çox olsun. İstəyirik ki, onlar hər cür işlərlə məşğul olsun, biz də milli qəhrəman edək, bəzi şeyləri də onların adına uydururuq. Məsələn, gecə-gündüz Azərbaycanı düşünməlidir, burada dəfn olunmalıdır və ya dəfn edilməməlidir ətrafında müzakirə aparıldı və sair. Görkəmli rejissor Cənnət Səlimova onun xalası qızıdır, o da, mən də demişdim ki, Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətinə inanmıram. Çünki sevimli xanımı Berklidə torpağa tapşırılıb. Berkli çox sevdiyi və gəzməli yerdir, ailəsi, uşaqları oradadır. Mənim fikirlərim söz-söhbətə səbəb olmuşdu. Belə spekulyasiyalar ayıbdır. Bəzi insanlar onun adından istifadə edib özünə şöhrət gətirmək istəyir. Yanına gedib-gəlirlər, deyirlər, mənə belə dedi, mən belə söylədim. Xatirələr ki var, onun xeyli hissəsi uydurma olur. Çünki başqa insan haqqında xatirələri danışan şəxs özünü də qəhrəmana çevirir, istəyir o adamın şöhrəti özünə əlavə olunsun. İnsan nəyə görə böyükdürsə, o böyüklüyü qeyd eləmək lazımdır. Böyük insanın uydurma şeylərə ehtiyacı yoxdur”.

Azərbaycanda dəfnə oğlu qərar verə bilər

Azərbaycanda dəfn məsələsinə toxunan Hamlet İsaxanlı bunun oğlunun qərarına bağlı olduğunu deyib:

“Bu barədə dəqiq bir şey deyə bilmərəm. Oğlu Norman bir müsahibəsində demişdi ki, Azərbaycana xüsusi marağım yoxdur, amerikalıyam. Oğlundan belə şey istəmək olardı ki, istəyirsən, bir kağız imzala, burada dəfn olunsun. Belə şey edə bilərlər. Cənnət Səlimova ailə üzvüdür, Rafiq Əliyev Azərbaycandan ən yaxın adamı olub, Rafiq müəllim biz ABŞ-a gedəndə bizim görüşümüzə təşkilati kömək elədi, bu iki yaxın şəxsin ikisi də qeyd edib ki, rəsmi özünün belə vəsiyyəti yoxdur, Amerika sevdiyi ölkədir”.

Qeyd edək ki, Lütfi Zadə, türkiyəli tarixçi Halil İnalcık, beyin cərrahı Mahmud Qazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı Avrasiya Akademiyasını qurub, ötən ilin yanvarında akademiyanın rəsmi açılışı olub.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...