"Dindarlarımız “Hacı pivəsi” adı altında spirtli içki qəbul edir” - MÜTƏXƏSSİS RƏYİ
Cəmiyyət | 12.09.2017 16:47
235

"Dindarlarımız “Hacı pivəsi” adı altında spirtli içki qəbul edir” - MÜTƏXƏSSİS RƏYİ

Hazırda mövsümlə əlaqədar sərinləşdirici içkilər arasında insanların ən çox istifadə etdiyi içki növü pivədir. Deyilənə görə, pivə 8 min il əvvəl misirlilərin çörək çıxarmaq üçün arpa islah etdiyi vaxtlarda meydana gəlib. Bütün dünya ölkələrində istehsal edilən spirtli içkilər arasında ən çox içilən də məhz pivədir. İlk dəfə Belçikada tam alkoqolsuz pivə istehsalına başlanılsa da, mütəxəssislər tərkibində alkoqol olmayan içkinin pivə olduğunu qəbul etmir. Alkoqolsuz adlandırılan pivələrin tərkibi digərlərindən faiz nisbətində seçilir. Belə ki, minimal olaraq alkoqolsuz adlandırılan spirtli içkilərin tərkibində ən az 0,5-1,2% alkoqol var.

Pivələr tərkibindəki alkoqol miqdarına görə iki yerə ayrılır: sərxoş edən pivələr və sərxoş etməyən pivələr.

İçərkən sərxoşluq hissi yaratmayan pivələrin tərkibində ən az 0,5% faiz alkoqol olur. Bu miqdar insanı sərxoş etməyəcək qədər azdır. Hətta bir sıra alimlər bu növ pivənin halal olduğuna dair fətva da veriblər.

Tərkibində alkoqol miqdarı çox olan pivələr isə çoxluq təşkil edir. Müxtəlif çeşidlərdə istehsal edilən pivələrin əksəriyyətinə Azərbaycan bazarlarında da rast gəlinir.

Mütəxəssislər bildirir ki, pivə istehsalatı prosesində cəmi 4 inqrediyentdən istifadə olunur: su, səməni (taxıl), maya, mayaotu. Burada hər hansı əlavə elementlər olmamalıdır. Əgər müəyyən qatqılar olursa, bu, artıq qalır həmin istehsalçının vicdanına. Ümumilikdə, alkoqolsuz pivə istehsalı zamanı xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasından istifadə edilir. Və yalnız bu proseslərdən sonra içkinin tərkibində spirtin səviyyəsi (0,5%-dən artıq olmamaqla) müəyyənləşdirilir. Köpük və pivə keyfiyyəti bir-birindən asılıdır. Keyfiyyətli pivə köpüklü olmalıdır. Lakin alkoqolsuz pivənin keyfiyyəti tərkibində olan spirtin miqdarından deyil, düzgün istehsal və saxlama şəraitindən asılıdır. Pivə soyuq içilən içkidir və ideal olaraq 6 dərəcə soyuqluqda içilməsi tövsiyyə edilir. Digər hallarda dadının dəyişməsi müşahidə edilir.

Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi sahəsinə nəzarət və insan rifahı üzrə federal agentlik (“Rospotrebnadzor”) “alkoqolsuz pivə” terminindən imtina etməyi təklif edib.

Hazırda Azərbaycanda da satışda üzərində “0 faiz spirt” olduğu göstərilən pivələrə rast gəlmək olar. Xalq arasında "Hacı pivəsi" kimi tanınan içki barədə müxtəlif fikirlər səsləndirilir. Tərkibində alkoqol olmadığı yazılsa da, insanlar onu içdikdən sonra qəribə yuxu gətirdiyini deyirlər. Onların tərkibində alkoqol yoxdursa, bunun səbəbi nədir?

Pivə qıcqırmanın nəticəsində hazırlanan içki növüdür və alkoqolsuz qıcqırma mümkün deyil. Bunu nəzərə alsaq, sual yaranır ki, tərkibində alkoqol olmayan bir içki niyə pivə adlansın? Lemonad, kompot və s. başqa bir içkilərin sırasına əlavə edilə bilər.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə əlaqə saxladıq. O, qeyd etdi ki, “Rospotrebnadzor” və “Carlsberg Azerbaijan” ("Baltika-Bakı'' MMC) şirkətlərinin nümayəndələri alkoqolsuz pivə istehsalının mümkün olmadığını desələr də, azərbaycanlı sahibkarlar israrla bu cür tanıtım altında spirtli içkilər istehsal edir:

“Mən dəfələrlə onlarla görüşdə olmuşam. Və müzakirələr zamanı “hacı pivəsi”, “alkoqolsuz pivə” terminlərinin ümumiyyətlə mövcud olmadığı deyilib. Amma təəssüf olsun ki, bizim insanlarımız, ziyarətə gedib-gəlmiş dindarlarımız belə “hacı pivəsi” adı altında spirtli içki qəbul edir. 20 ildən çoxdur bu sahədəyəm və hər zaman da deyirəm pivə anlayışının içərisində mütləq ən aşağı göstəricilərlə desək 2%-ə qədər spirt var. Bu, insanları aldatmaqdır. 20 ilə yaxındır ki, Azad İstehlakçılar Birliyi bu mövzunu hər dəfə müzakirəyə qoyur və bildirir ki, alkoqolsuz pivə yoxdur.”

Bu məsələ ilə bağlı ilk olaraq Qafqaz Müsəlmanları İdarəsi öz mövqeyini ortaya qoymalıdır. Bu, birbaşa dindarların aldadılmasıdır:

“Təəssüf ki, susurlar və onların içərisində bu məhsullardan istifadə edənlər də az deyil. İkinci olaraq bu məsələyə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi reaksiya verməlidir, üçüncü isə İqtisadiyyat Nazirliyi bu məsələyə birmənalı olaraq xitam verməlidir”.

Azərbaycanda satılan məhsulların təxminən 80%-nin üzərində “halal” yazılsa da, bu heç də doğru məlumat deyil. Bununla onlar birbaşa dindarların inancından sui-istifadə edərək qazanc əldə edirlər. Eləcə də halal pivə də buna aiddir:

“Xarici ölkələrdən Azərbaycana gətirilən bir sıra qida məhsulları var: Ukraynadan gətirilən toyuq, hinduşka əti, eləcə də üzərinə “halal” yazılmış kolbasa, sosiska məhsullarının heç biri halal məhsullar hesab olunmur. Tərkibinə donuz əti vurulmaması məhsulun halal olduğu demək deyil. Burada bir sıra başqa amillər də var. Həmin o məhsullara halallıq sertifikatı verən qurumların heç biri Azərbaycanda akkreditasiya olunmayıbdır. Belə olan halda bu məhsulların hər biri üzərindəki loqo saxta hesab olunur”.

“Alkoqolsuz pivə” terminini ləğv etməyin ən yaxşı üsulu boykot üsuludur:

“Vətəndaşlar, xüsusilə də dindarlar bu növ istehsal edilən məhsulları almaqdan imtina etməlidir. Və beləliklə, bu mallar yavaş-yavaş bazardan çıxarılmalıdır”.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti sektorunun rəhbəri Fazil Talıbov bildirib ki, Respublika ərazisində alkoqolsuz pivə istehsal olunmur:

“Azərbaycan Respublikasında pivə istehsalı üçün nəzərdə tutulan qüvvədə olan normativ sənəd “Pivə ümumi texniki şərtlər” AZS 143-2005-dir. Həmin normativ sənəddə alkoqolsuz pivə istehsalı nəzərdə tutulmamışdır. Yalnız sənəddə zəif alkoqollu pivə növlərində tərkibindəki spirtin kütlə payı 1.5%-dən artıq olmamalı olduğu qeyd edilib. Respublika ərazisində alkoqolsuz pivə istehsal olunmur. Yalnız yerli pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” MMC “Baltika” nişanlı alkoqolsuz pivə satışını həyata keçirir ki, bu da şirkətin Sankt-Peterburqda yerləşən zavodundan təchiz edilir”.

Həmin pivə növü AzSERT “MMC” sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb. Sertifikatın qüvvədə olma müddəti 12.10.2017-ci il tarixində bitir:

“Ümumiyyətlə, pivə istehsalatı prosesində istifadə olunan xammallar arpa səmənisi, maya, mayaotu, su, qarğıdalı yarması, düyü yarması və şəkər tozudur. Bir çox xarici ölkələrin praktikasında alkoqolsuz pivə istehsalı zamanı əlavə olaraq xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasından istifadə nəzərdə tutulur. Hansı ki, bu proseslərdən sonra içkidə spirtin səviyyəsi minimal həddə (0,5%-dən artıq olmamaqla) çatır. Azərbaycanda alkoqolsuz pivə istehsalı ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri yeni texnologiyaların tətbiqi ilə əlaqədar olaraq ilk növbədə texniki normativ sənəd işləyib hazırlamalıdırlar. Alkoqolsuz pivənin keyfiyyətinə təsir edən amillərdən biri də düzgün istehsal və saxlama şəraitinin movcud olmasıdır. İsti rejimdə saxlanılan pivənin turşuluq faizi artır”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...